azia.az
azia.az

Təbiətin qınağı (təmsil)

Bu gün, 12:25

Tərənə Şəms 



Təbiətin qınağı (təmsil)

İllərdir, əsirlərdir dünya xəlq olunandan bəri təbiət müxtəlif yollarla insanlara öz iradını çatdırmağa çalışıb. Gah tufan olub, gah qasırğa olub, gah da böyük dağıntılar yaradıb. Bəzən insanlar evsiz-eşiksiz də qalıblar.
Günlərin bir günü təbiət özü-özünə gileyləndi:
— Mən bu insanlara necə dəyərli xidmət etsəm də, nədənsə münasibətləri mənə qarşı xoş deyil. Mən havanı oksigenlə təmin edirəm ki, onlar təmiz hava ilə nəfəs ala bilsinlər. Öz qoynumda yetişən təbii meyvələrlə, həyatın bütün gözəllikləri ilə onları bəsləyirəm. Bəs bu insanlar niyə mənə dəyər vermirlər?
Mən öz qoynumda onlara vətən yaratdım. Övladlarına isə beşik oldum. Qoynumda gəzdilər, səfalı yerlərdə məskən saldılar, sonda böyüyərək SƏN oldular. Bəs niyə məni məhv etməyə çalışırlar? Niyə düşünmürlər ki, məni məhv etməklə öz ölümlərinə fərman verirlər?
Bu düşüncələrlə götür-qoy edərkən təbiətin daxilini heç vaxt hiss etmədiyi bir sıxıntı bürüdü. Dərindən, lap dərindən bir ah çəkdi.
Elə bu zaman bərk külək əsməyə başladı. İnsanlar qaçışaraq gileyləndilər və təbiəti günahkar bildilər.
Elə həmin andan təbiətlə insan arasında ciddi bir dialoq başladı.
Təbiət əsrlərdən bəri qəlbində yığılıb qalmış qəhri insanla bölüşmək istədi. Sanki illərlə bu fürsəti gözləyirmiş kimi sözə başladı:
— Əziz insan! Sizi Allah yaratdığı kimi məni də Allah yaradıb. Allah sizi yaradanda yer üzünün əşrəfi adlandırdı. Həm də çalışdı ki, sizi təbiətin bütün naz-nemətləri ilə təmin etsin. Bəs siz nə edirsiniz?
İnsan bir qədər duruxdu. Sonra fəxrlə cavab verdi:
— Biz insanlar tərəqqi edərək inkişaf edirik. Yeni texnikalar yaradırıq, ağacları kəsərək yerlərində müasir göydələnlər ucaldırıq. Yeni maşınlar istehsal edirik. İnsanlara rahatlıq olsun deyə köhnə evləri söküb yenilərini tikirik.
Təbiət sakit səslə dedi:
— Bəli, bütün bunları edirsiniz. Bəs təbiətin özünə niyə ziyan vurursunuz? Mən sizə yeraltı və yerüstü sərvətlərimi bəxş etdim. Dağları yaratdım, çayları, gölləri, dənizləri gözəlliklərlə doldurub ixtiyarınıza verdim. Bəs siz bu səxavətin qarşısında təbiətə təşəkkür etdinizmi?
Siz yerin köksünü yararaq nefti, qazı çıxardınız, onları emal edib texniki vasitələri hərəkətə gətirdiniz. Bunun nəticəsində havanın çirklənməsinə səbəb oldunuz.
Mənim sizə etdiyim yaxşılıqlar saya gəlməz bir töhfədir. Bəs siz? Siz mənə nə verdiniz?
Təsadüfən mənim çəkdiyim ahdan yaranan külək üçün məni qınayırsınız. Halbuki mən həmişə dərdli oldum...
Təbiət danışdıqca kövrəlir, gözləri dolurdu. İnsan isə onun dedikləri qarşısında özünü günahkar hesab edərək susurdu.
P.Ş.
İnsan təbiətin bu qədər səxavəti qarşısında öz vicdanına nə cavab verəcək?

Sizə mən neylədim ey zalım insan,
Sizlərsə bu qədər görməz oldunuz.
Xəbərin oldumu halım necədir?
Xislətin başında dönməz oldunuz.
*****
Sevmədiz siz məni qınaq etdiniz,
Ağaclar kəsildi sınaq etdiniz.
Yeraltı, yerüstü sərvəti verdim,
Köksümü yardınız mürvəti verdim.
*****
Qoynumda sizlərə vətən yaratdım,
İpəyi sarıyıb kəfən yaratdım.
O, körpə quzuna beşik olmuşam,
Düzəngah - səfali eşik olmuşam.
*****
Qınağı mən edim, sən isə sus dur,
Ağlını işlədib, sən yenidən qur!
Sallama başını gözümə dik bax,
Günahkar mən deyil, sözümə ilk bax!
*****
Mənimdə deməmiş sözlərim qalıb,
Dillərdə xoş sözə gözlərim qalıb,
Təşəkkür sözünü desəydiz mənə,
Çarəsiz halıma dözməyim qalıb.

Tərənə Şəms 27.06.2026


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi