azia.az
azia.az

Üzeyir bəy, Ramiz Rövşən, Rüstəmxanlı və...

20-12-2025, 18:00

Bizim Hacıqabulda böyük Xilə məhəlləsi vardı. Bu insanların kökü Bakının Əmircan kəndilə bağlanırdı. Sonradan rəhmətlik şairmiz Tofiq Bayramın oğlu Zakir Bayramov mənə danışırdı ki, köhnə əmircanlılar da özlərinə, kəndlərinə Xilə deyirlər.

Zakir də artıq rəhmətə gedib. Onunla bir neçə il eyni laboratoriyada işləmişdik.

Məndən yaşlı idi, bəlkə on yaş fərqimiz vardı.  Moskva Mühəndis –Fizika İnstitutunu bitirmişdi, Moskva astrofizika məktəbinin akademik V.Ginzburq qanadından idi, bizsə akademik Y.Zeldoviç məktəbindən sayılırdıq.

Amma bütün bunlardan da maraqlı başqa detallar vardı. Onda biz, xüsusən mənim kimi keçmiş rayon uşaqları tanınmış yazıçıları, şairləri yalnız televiziya ekranlarında, kitablarda və jurnallarda görərdik.

Onların “ədəbi mətbəxi” bizimçün qeyri-adi şey idi. Zakir də hərdən atasından danışardı. Tofiq müəllim o vaxt deyəsən, Anna Axmatovanı tərcümə edirdi.

Zakir deyirdi ki, kişinin gözü çox pis görür, az qala, iki eynək taxır, həm də özünü ələ də ala bilmir, tərcümə etdikcə kövrəlir...

Bunları niyə deyirəm? Bu günlərdə yubileyi qeyd olunan Ramiz Rövşənin də Əmircandan olduğunu eşitmişdim, amma sonradan bildim ki, Ramiz bəy əslən Qubadlıdandır.

Bunun bir önəmi yoxdur. Maraqlısı budur ki, mən Ramiz Rövşən haqqında əmircanlı Zakirdən yox, başqa bir həmkarımızdan, laboratoriyamızın digər əməkdaşından eşitmişdim. O, da astrofizik - alim idi, amma həm də böyük ədəbiyyat həvəskarı idi, səhv etmirəmsə,  özü də şeir yazırdı. Ən əsası da onun da o dövrki ədəbi mühitlə canlı əlaqəsi vardı, deyəsən, bəzilərilə hətta dostluq da edirdi.

Bir kiçik haşiyə çıxım. Maraqlısı bilirsiniz, nədir? Azərbaycanın tarixboyu özəllikləri, qəribəlikləri olub. Bir də görürsən yatır-yatır, amma birdən ayılıb Nəsimi yaradır! Hətta sovet Azərbaycanının da, sovet Bakısının da qəribəlikləri vardı. Bakıda bir yəhudi astrofizik də vardı, bizim Fizika İnstitutunda çalışırdı. Adı da Pavel Amnuel idi. İttifaqda tanınan yazıçı-fantast idi. Şəxsən mənə onu fantast kimi o dövrdəki rus tələbələri tanıtmışdı.      

Qərəz, bayaq qeyd etdiyim həmkarımız tez-tez deyirdi ki, Ramiz Rövşən “ədəbi-poetik sistem” yaradıb. Doğrusu, bu, bizə hələ heç nə demirdi, amma istər-istəməz, beynimizin hansısa yarımkürəsinə həkk olurdu, diqqətmiizi fokuslaşdırırdı.

Sonradan hərəkatçılıq, siyasi jurnalistika həyatımız başladı və onda da Ramiz Rövşənin adını eşitdim. Elə gənclər vardı ki, onu əzbərdən bilirdi! Amma mənimçün maraqlısı, həm də təəccüblüsü nə idi? Nə Azadlıq meydanında, nə Mərkəzi Komitənin qarşısında, nə də bir qeyri-yerdə keçirilən heç bir mitinqi buraxmazdım, hamısında iştirak edərdim. Amma bilmirəm, mən diqqətsiz olmuşdum, yoxsa başqa səbəb vardı, hər halda, Ramiz bəyi tribunalarda görmürdüm.

Düzdür, sonralar bildim ki, Ramiz Rövşən də, Vaqif Cəbrayılzadə də, hətta Flora xanım da o vaxtki hərəkata çox yaxın insanlar olublar, hətta Əbülfəz bəyin yaxın dostları imişlər.

Belədəsə, Meydan epopeyasını başqa şair, Sabir Rütəmxanlı başlatdı, amma bir müddət sonra təşəbbüsü rəhmətlik Xəlil Rza götürdü və adam Meydanda təzədən şair kimi doğuldu.

Xəlil Rzaya “Meydan şairi” deyirdilər. amma şəxsən mənə o, daha çox Mayakovskini xatırladırdı. Söhbət, üslubdan, sərbəst vəzndən–filandan getmir. Yox, Mayakovskinin elə şeirləri var ki, sözlər adama sillə kimi çırpılır. Xəlil Rzanın da bəzi şeirləri beləydi, sözlər adamı az qala, güllə kimi dəlib keçirdi...

Sabir bəyə gəldikdə, əvvəlcə deyim ki, o vaxt “milli ideologiya” deyilən şey vardısa, bu missiyanı üç kitab yerinə yetirirdi. Mirzə Bala Məmmədzadənin “Azərbaycan milli hərəkatı”, Sabir Rüstəmxanlının “Ömür kitabı” və bir də Ziya Göyalpın məşhur əsəri! Səhv etmirəmsə, yaddaşım aldatmırsa, təxminən bir vaxtda çap olunmuşdu bunlar...

Amma bir oxucu və keçmiş hərəkat fəalı kimi mənə elə gəlir, Sabir Rüstəmxanlı siyasətlə ədəbiyyat arasında seçim edə bilmədi. Nəticədə siyasətçi Rüstəmxanlı da, şair Rüstəmxanlı da itirdi. Bilirsinizmi, nəyi nəzərdə tuturam?

Ədəbiyyat adamları qəliblərdən-çərçivələrdən çıxanda yazıçı-şair olurlar, siyasət adamı isə, əksinə qəliblərə, çərçivələrə girəndə siyasətçi olur. Bəli, çox təəssüf, sənət adamlarından fərqli olaraq siyasət adamları daim qəliblərdə, çərçivələrdə qalmağa məhkumdurlar.

Dünyanın ən demokratik ölkələrində belə insanlar siyasətçilərə çox da sərbəstlik vermirlər, onların hər hərəkətini izləyir, diqqətdə saxlayırlar.

Bununla bağlı bir dəfə Avropa İnsan Haqları Məhkəməsinin bir qərarını da oxnuşdum. Deyilirdi ki, başqalarıyla müqayisədə siyasət adamlarına qarşı tənqidin sərhədləri geniş olmalı və siyasətçilər bununla barışmalıdı.

Hər yerdə çərçivələr, hər şeydə qəliblər: nəinki siyasət adamları, hətta az-çox tanınan ictimai fiqurlar belə bunları nəzərə almağa məhkumdur!

Belədəsə, bunlar həm də bir siyasi təhlilçinin və ədəbi oxucunun qeydidir. Kiminsə qəlbinə dəysə, üzrlü saysın. Əslində qəlbə dəyəsi bir şey də yoxdur burada: siyasətin peşə kimi acı reallıqlarıdır.

Qayıdaq yenidən Ramiz bəyə. Bilirsiniz, mərhum prezident Heydər Əliyev ona mənzil verəndə qətiyyən təəccüblənmədim. Prezident İlham Əliyev ona “xalq şairi” adını verəndə yenə təəccüblənmədim. Axı başqa cür necə olmalı idi?..

Siyasət başqa bir şeydir, dünyanın ən nankor peşəsidir! Mahatma Hindistanı az etdi! Amma sonrası nə oldu? Vurub öldürdülər! Çörçill müharibəni də uddu, az qala, bütün dünyanı azad etdi! Amma sonra nə oldu? Müharibə bitən kimi keçirilən seçkidə ingilislər ona səs vermədi!

Çox şükürlər ki, elmdə və sənətdə danılmaz istedadlar olur və əsl istedadlarla hamı hesablaşır, hamı qəbul edir. Hər dəfə belə şeyləri düşünəndə yadıma böyük Üzeyir bəy düşür: məncə, onunla bolşeviklər də hesablaşırdı və ya hesablaşmağa məhkum idi, çünki böyük istedad sahibi idi!  

Yenə də fikrim yanlışdırsa, üzrlü sayın. Hətta rus ədəbiyyatında-sənətində də belə misallar çox olmuşdu. Bir daha deyirəm: yanlışlığım varsa, üzrlü sayın. Demirəm bolşeviklərin məhv etdikləri arasında əsl istedadlar yox idi! Əstəğfürullah! Sadəcə, elə adamlar vardı ki, onlara “əvəz” tapmaq hətta bolşeviklərçün asan deyildi. Həm də onlar Üzeyir bəyləri, Blokları, hətta Qorkiləri, Mayakovskiləri və Yeseninləri başqa cür “öldürürdülər”..

Yenə çox şükürlər ki, artıq nə bolşeviklər var, nə də bolşevizm. Bu səhifə çoxdan çevrilibdir.

Amma bir fikrim bəlkə subyektiv görünəcək. Olsun. Post-sovet məkanının bir hissəsində kağız üzərində hər şey var, reallıqdasa sözün böyük və gerçək mənasında problemlər çoxdur.

Bir tərəfdən təəccüblü də deyil, bunlar gənc dövlətlərdir, necə deyər, xəmir çox su aparacaq. Çoxumuzu siyasi küləklər buludlar kimi ora-bura  qovacaq, “ala qarğalar” kimi hələ daşlayacaqlar bəzi adamları.

İnanın, söhbət yalnız rəsmi siyasətdən-filandan, “şanlı, sevimli, əbədiyaşar məmurlarımız”dan getmir. Hamımız fəxr edirik ki, bizim məmurlarımız dünyanın ən varlıları, ağıllıları-savadlıları, fədakarlarıdır!    

Sözüm başqadır. 90-cı illərin axırlarında məcbur olub bir müxalifət partiyasından digərinə getdim, bir-iki il onun üzvü oldum. Oxucu dərhal deyəcək ki, nəyinə lazım idi və düz də edəcək. Amma enerjili və həvəsli, hətta təmənnasız vaxtlarımız idi, nəsə etmək istəyirdik.

Qərəz, o bir-iki ildə mənə yaşatdıqları mənəvi iztirabları heç vaxt unutmayacam. Salamımı belə almırdılar! Hamısı da bir söz deyirdi: filan partiyadan çıxmaqda düz etdin, amma gərək, bizim partiyaya gəlməyəydin! Sanki kimsə məni bunların partiyasını əllərindən almağa göndərmişdi!

Halbuki bu adamları dostlarım bilib gəlmişdim ora. Gəlişimin əsl səbəbini belə demədim ki, keçmiş hərəkatçılar arasına nifaq səpməyim.

Tək bir dəfə həmin partiyanın mənim kimi formal üzvü olan bir ziyalı dedi ki, bəy, ürəyinə salma, bunlar təmiz və savadlı adama nifrət edirlər!  

Nə isə! Ramiz Rövşənin məşhur misraları yada düşür burada:

Ağlama, ağlama, ilan balası,

Baxtını qarğıma, ilan balası,

Bu da bir ömürdür, dözəsən gərək...

Düşünürəm, Ramiz bəy etiraz etməz, əgər burada desəm ki, qoy, bu gözəl misralar bütün “ilan”lara ithaf olsun...





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi