Azərbaycanın hərbi gücü ilə bağlı ekspertdən İLGİNC AÇIQLAMA
“Azərbaycanın hərbi təhlükəsizlik strategiyası tərəfdaş ölkələrin diqqət mərkəzindədir”—Hərbi ekspert
Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin işgüzar görüşü keçirilib. Oxu24.com xəbər verir ki, görüş zamanı tərəflər ölkələrimiz arasında hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi ətrafında ətraflı müzakirələr aparıblar.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Oxu24.com-a açıqlamasında hazırkı mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın hərbi təhlükəsizlik strategiyasının əsas prioritetlərini şərh edib.

“Müharibədən çıxmış ölkənin təcrübəsi digər dövlətlər üçün maraqlıdır"...
“Son vaxtlar Azərbaycan bir sıra ölkələrlə bütün sahələrdə, o cümlədən hərbi sahədə də əməkdaşlığı genişləndirir. Adını çəkdiyimiz Qırğızıstan da Mərkəzi Asiya respublikalarından biridir ki, Azərbaycanla hərbi sahəyə böyük maraq göstərir. Onlar müharibədən çıxmış bir ölkənin öz hərbi təhlükəsizliyini, müdafiəsini necə qurduğunu öyrənirlər. Öz gələcəkləri üçün müəyyən addımlar atır, perspektivləri hesablayırlar.
Eyni zamanda bizim də Qırğızıstandan öyrənə biləcəyimiz bəzi məsələlər var. Fikir mübadiləsi zamanı Qırğızıstanda müdafiə, təhlükəsizlik, təhqiqat və digər sahələrdə hansı mütərəqqi, diqqəti cəlb edən yeniliklərin olduğunu nəzərdən keçiririk. Şübhəsiz ki, bu görüşlərin davamı olaraq növbəti görüşün Qırğızıstan ərazisində keçirilməsi gözləniləndir”.
Hərbi ekspert vurğulayıb ki, hazırda dünyada və regionda çox mürəkkəb geosiyasi hadisələr cərəyan edir:
“Yaxın Şərqdə, dünyanın müxtəlif nöqtələrində, eləcə də bizim cənub qonşumuz olan İran İslam Respublikasında baş verən proseslər hər kəsə bəllidir. Belə bir vəziyyətdə tərəfdaşlarımız Azərbaycanın hərbi təhlükəsizlik strategiyasının nədən ibarət olduğunu yaxından öyrənməyə çalışırlar.
Azərbaycanın hərbi təhlükəsizlik strategiyası çoxşaxəlidir və geniş coğrafiyanı əhatə edir. Təkcə son günlərin xronologiyasına baxsaq, bunu aydın görə bilərik.
Keçən günlərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi İran İslam Respublikasının generalları ilə Astara sərhəd-keçid məntəqəsində (İran ərazisində) görüş keçirdi.Bir neçə gün əvvəl Azərbaycanın Müdafiə naziri və nümayəndə heyəti Gürcüstanda mühüm səfərdə idilər.Ötən günlərdə Azərbaycanın hərbi hüquqşünasları ilə Belarus hərbi hüquqşünasları arasında görüş baş tutdu. Bundan əvvəl isə Hərbi Polisin nümayəndələri həm Belarusda, həm də Serbiyada səfərdə olmuşdular”,-deyə ekspert qeyd edib.
Üzeyir Cəfərov əlavə edib ki, bütün bu intensiv hərbi təmaslar hər iki tərəfin təhlükəsizliyini daha müasir səviyyədə təmin etmək məqsədi daşıyır:
“Ümumiyyətlə, baş verən bütün bu təmaslar tərəflərin hərbi təhlükəsizliyini ən müasir standartlar səviyyəsinə çatdırmağa hesablanıb. Ölkələr həm əməkdaşlığı gücləndirir, həm də bir-birinin təcrübəsindən faydalanırlar. Azərbaycan da bu istiqamətdə öz hərbi-strateji planlarına uyğun olaraq fəaliyyətini qətiyyətlə davam etdirir”.
Çimnaz Telmanqızı