Görkəmli heykəltəraş Ömər Eldarov haqqında kitab
AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Xalq rəssamı Ömər Eldarov: Heykəltəraşlıq sənətinin canlı əfsanəsi” adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır.
Monoqrafiya Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında özünəməxsus yeri və mövqeyi olan, Xalq rəssamı – akademik Ömər Eldarovun çoxcəhətli yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur. Akademik İsa Həbibbəyli Xalq rəssamı Ömər Eldarovu Azərbaycan heykəltəraşlıq sənətində düşünən heykəltəraşlıq məktəbinin yaradıcısı hesab edir. Monoqrafiyada xalq rəssamı Tahir Salahov təsviri sənətdə və xalq rəssamı Ömər Eldarov isə heykəltəraşlıqda sərt realizm üslubunun yaradıcıları kimi təqdim olunur. Müəllifin fikrincə, Ömər Eldarov heykəlin özünəməxsus görkəmini yaradarkən, orijinal heykəltəraş onun fikir və düşüncələrini ifadə edərkən, əsl akademik, tişə ilə qranit və ya tunc üzərində lirik obrazlar və ya cizgilər yaradarkən heykəltəraş-rəssam məharəti göstərir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin heykəlləri Xalq rəssamı Ömər Eldarovun qranitdə əbədiləşdirdiyi dövlətçilik abidələridir.
Görkəmli elm xadimi, akademik Zərifə Əliyevanın heykəli isə Ömər Eldarovun təqdimatında heykəlin şeiriyyəti kimi canlandırılmışdır.
Akademik İsa Həbibbəyli görkəmli heykəltəraş, Xalq rəssamı Ömər Eldarovu Azərbaycan heykəltəraşlıq sənətinin axırıncı mogikanı kimi qiymətləndirmişdir.
Kitabda Xalq rəssamı Ömər Eldarovun həyatı və fəaliyyətini, Ulu Öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillərdən istifadə olunmuş və ustad heykəltəraşın əsərlərinin fotosalnaməsi oxuculara təqdim olunmuşdur.
Akademik İsa Həbibbəylinin “Xalq rəssamı Ömər Eldarov: Heykəltəraşlıq sənətinin canlı əfsanəsi” kitabının elm redaktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürovdur.