Yazıçı Qəni Camalzadənin Lənkəran hesabatı
Lənkəran şəhərinə oxucularla görüşə gələn yazıçı Qəni Camalzadə bir qrup qələm dostları ilə Şəhidlərin xatirə kompleksində, tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun heykəli önünə, Soyqırım qurbanlarının abidəsi qarşısına ehtiramla gül dəstələri qoydular.
Bəzən müəllimləri insan qəlbinin mühəndisləri adlandırırlar. Mən düşünmədən bu ifadəni həm də yazıçılara aid edərdim. Yazıçılar yazdığı əsərləri ilə bizi nəsillərlə görüşdürür, insanın ruhunda, yaddaşında və əməlində dərin iz buraxırlar. Onlar bəşər övladını həmişə narahat edən Xeyrin Şər üzərində qələbəsini diqqətdə saxlayır, ömürlərini bu işə sərf edirlər. Tanınmış yazıçı, oxucuların rəğbətini qazanmış Qəni Camalzadə də belə qələm sahiblərindəndir. O, gücü orduların gücündən də üstün olan qələmlə sirdaş olandan narahatçılıq keçirdir, özünü cavabdeh sayır. Qəni Camalzadəni tanımaq üçün yaradıcılıqda keçən ömür yoluna nəzər yetirmək kifayətdir. Ədəbi yaradıcılığa yetmişinci illərdə başlayan Qəni Camalzadə I Qarabağ müharibəsinin fəal iştirakçısıdır. Hekayələri Azərbaycanın qəzet və jurnallarında dərc olunub. “Yaxşı oğlan”ın “dayısı” , “Sonuncu yeznə”, “Qohumların əsiri” adlı hekayələrdən ibarət kitabları ilə ədəbiyyatda öz imzasını təsdiq edib, oxucuların yaddaşında qalıb.
Tanınmış qələm ustası “Qızıl xotux”, “Karxana”, “Kiaksarın axırıncı savaşı” və “Şeytana daş atanlar” adlı romanları ilə oxucuların diqqətini cəlb edib. O, bu əsərlərdə real heyat həqiqətlərini özünəməxsus ustalıqla və bədii boyalarla diqqətə çatdırır.
Bu adıçəkilən romanlar haqqında Lənkəranda yazıçı ilə görüş keçirilərkən yazıçı-jurnalist İdris Şükürlü əhatəli məlumat verib. O, qeyd edib ki, “Fosforlu əkizlər” (“Qızıl xotux”) romanını yazmaqla o, Azərbaycan ədəbi mühitinə yeni nəfəs gətirmişdir. Yazıçı romanı satirik planda yazsa da, təsvir olunan hadisələr həqiqətdir, reallığı əks etdirir, oxucunu düşünməyə vadar edir. “Karxana” romanı isə uzaq Amerikada nəşr olunub, elektron variantı yayımlanıb. “Kiaksarın axırıncı savaşı” romanında (2021) Vətən müharibəsində qazanılmış qələbə ilə səsləşən məqamlar çoxdur. Yazıçı bu romanında göstərir ki, Azərbaycanın qədim və əzəmətli dövründə Midiya dövlətinə qırx il başçılıq etmiş Kiaksar e.ə. 486-cı ildə Skiflərin Muğam düzündə qurduqları çarlığın 28 illik varlığına son qoyub. Kiaksarın adı qədim Midiya dilində Huvoxsatra – Tanrı hakimiyyəti deməkdir. Yunanlar Kiaksar, ibranilər isə Qoqsar deyirlər. Kiaksarın qoşunları sonuncu savaşda skiflərin bir qismini qırmış, qalanı isə Dar keçiddən (Dərbənd) şimala – gəldikləri yerə qovmuşdur.
Romandan məlum olur ki, Şahənşah Kiaksar ilk dəfə olaraq, süvari qoşun növü yaratmış, yeni döyüş taktikası tətbiq etmişdir.
Qənin Camalzadənin yaradıcılığından bir neçə məqalə yazmış İdris Şükürlü yazıçının “Şeytana daş atanlar” romanının başlıca qayəsi, nəticəsi barədə oxuculara məlumat verdi.
Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin təşkilatçılığı ilə keçirilən görüşü Qəni Camalzadənin oxucular qarşısında yaradıcılıq hesabatı da adlandırmaq olar. Əslində belə görüşlərdə yazıçı özünütərif yağışından, lüzumsuz bəlağətdən gen durmalı, xalq qarşısında, millət içərisində necə məsuliyyət daşıdığını göstərməli, əsərləri ilə tanınmalı, nüfuz qazanmalı, bəşəri hiss və duyğuları unutmamalıdır.
AYB Lənkəran bölməsinin sədri, bir sıra oxunaqlı romanların müəllifi Qafar Cəfərli görüşü açaraq, Qəni Camalzadənin həyatı, şəxsiyyəti, yaradıcılığı barədə məlumat verdi. Qələm sahiblərindən Ağamir Cavad, Xatirə Xatun, Ziyafət Ziya, Eldar Tahirov, Əyyub Türkay, Hacı Ələkbər Əliyev, İdrak Dadaşov Müharibə Veteranları Birliyinin Lənkəran bölməsinin rəhbəri Saleh Dostiyev yazıçının əsərləri barədə danışdılar, rəy və təkliflərini bildirdilər.
Maraqlı görüşdə Qəni Camalzadə I Qarabağ savaşında iştirakçısı olduğu döyüşdən, Qarabağın 28 illik işğaldan sonra azad edilərək Qələbəyə nail olmağımızdan, ciddi ədəbiyyatdan, yazıçı peşəkarlığından, bu gün Azərbaycan yazıçısının qarşısında duran vəzifələrdən, nasir və şairləri narahat edən, həll edilməsi vacib olan problemlərdən, yaradıcılıq planlarından danışdı, oxuculara avtoqrafla kitablarını bağışladı, xatirə şəkilləri çəkildi.
Səadət SULTAN,
Yazıçı-publisist