Novruzda gələcək aztəminatlı turistlər hotellərdə qalmayacaqlar, çünki...
Azərbaycana Novruz bayramı günlərində gələn və ucuz qiymətə dincəlmək istəyən əcnəbi turistlərin çoxu evlərdə qalırlar.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, Novruz bayramı günlərində Azərbaycana daha çox əcnəbi turistin İrandan gələcəyi gözlənilir: "Lakin ölkədə 1 və 2 ulduzlu hotellər olmadığından onların da daha çox evlərdə qalacağı gözlənilir. Turistlərin çoxu ucuz başa gəlsin deyə, evlərdə qalmağa üstünlük verirlər. Lakin bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən doğru deyil, həm də ölkənin büdcəsinə gəlir gətirmir".
M.Ağakərimov bildirib ki, Azərbaycanda aztəminatlı təbəqənin də dincələ bilməsi üçün 1, 2 ulduzlu hotellərin və hostellərin tikilməsinə ehtiyac var.
Mütəxəssis təklif edir ki, belə obyektlərin sayının artırılması üçün sahibkarlara 1 və 2 ulduzlu hotellərin tikilməsinə görə müəyyən güzəştlər verilməlidir.
M.Ağakərimov əlavə edib ki, Azərbaycandakı hotellərdə Novruz bayramı günlərində dincəlmək istəyənlər üçün qiymətlər də sabit qalıb və heç bir dəyişiklik olmayıb: "Azərbaycanın bölgələrində əsasən, Quba-Qusar, İsmayıllıda dincəlmək istəyənlər üçün qiymətlər bir qədər ucuzdur. Amma Qəbələdə qiymətlər digər rayonlara nisbətən bir qədər bahadır".
M.Ağakərimovun sözlərinə görə, Novruz bayramı günlərində turizm şirkətləri Azərbaycanın görkəmli yerləri ilə maraqlananlara Quba, Qusar, Qəbələ, İsmayıllı, Şəkiyə, Bakıda isə Qobustana, İçərişəhərə, Atəşgaha, Qala Etnoqrafik, İncəsənət, Ədəbiyyat, Xalça və Tarix Muzeylərinə, Abşeron qalalarına səyahət etməyə imkan verən marşrutlar təklif edə bilərlər.
Qeyd edək ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-ə verdiyi açıqlamasında ölkəyə istər gəlmə, istərsə də daxili turizmin həcminin artması üçün 2 və 3 ulduzlu ekonom yerləşdirmə obyektlərinin sayının artırılmasına ehtiyac olduğunu deyib.
Nazir müavini əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda "iki", "üç" ulduzlu yerləşdirmə obyektlərinin fəaliyyətinin genişləndirilməsi məqsədilə dünyaca məşhur brendlərin nümayəndələri ilə danışıqlar aparır.