Qiymət artımından sonra yaranan suallara ekspertin cavabları
İqtisadçı Natiq Cəfərli: “Tarif Şurasının qərarı qəliz formada yazılıb, anlaşılan deyil, hətta insanları çaşdıran açıqlamadır”
Xəbər verildiyi kimi, ölkədə bəzi kommunal xərclərin qiymətləri artırılıb.
Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.
Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.
Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
“Bir il üçün 1500 kubmetr qaz limiti qoyulub. Əgər siz bu limiti 1 ildən tez doldursanız, ondan sonrakı istifadə etdiyiniz hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaqsınız. Əgər limiti 1 il ərzində aşmasanız dəyişən bir şey olmayacaq”
Bu xəbərdən sonra ölkə əhalisi arasında çaşqınlıq yaranıb. Vətəndaşlar qiymətin necə hesablanacağını, aylıq xərclərinin artıb-artmayacağı haqqında düşünürlər. Çünki Tarif Şurasının yaydığı bəyanatdan məsələnin məğzini anlamaq çətindir. Bu səbəbdən musavat.com saytının əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə əlaqə saxlayıb.
Ekspert məsələni belə izah edib: "Tarif Şurasının qərarı qəliz formada yazılıb, anlaşılan deyil, hətta insanları çaşdıran açıqlamadır. Gərək rəsmi şəxslərdən kimsə telekanallar vasitəsilə vətəndaşlara vəziyyəti asan dillə başa salardı, amma bunu edən yoxdur.
Məsələnin asan anlama üsulu belədir. Əgər siz ayda qaz üçün ortalama 12,5 manatdan artıq pul ödəyirsinizsə, deməli yanvarın 1-dən sonra, bu məbləği keçən qaz sərfinin ikiqatını ödəyəcəksiniz. Yəni hər kubmetrə görə 20 qəpik... Burada bir məsələ var. Bir il üçün 1500 kubmetr qaz limiti qoyulub. Əgər siz bu limiti 1 ildən tez doldursanız, ondan sonrakı istifadə etdiyiniz hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaqsınız. Əgər limiti 1 il ərzində aşmasanız dəyişən bir şey olmayacaq. Nəzərə alsaq ki, bu limiti qışda dolurmaq ehtimalı daha çoxdur, deməli yay aylarında ödənişlər artacaq.
“Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyyata 55 faiz daha çox ödəniş edəcəksiniz. Yəni siz 20 gün ərzində limiti keçsəniz, qalan 10 gün üçün işıq sərfiyyatınız 11 qəpikdən hesablanacaq”
Elektrik qiymətlərində məsələ belədir - Burada aylıq limit qoyulub, 250 kilovat-saat... Əgər siz bu aylıq limiti keçsəniz, hər kv-a görə 11 qəpik ödəməli olacaqsınız. Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyyata 55 faiz daha çox ödəniş edəcəksiniz. Yəni siz 20 gün ərzində limiti keçsəniz, qalan 10 gün üçün işıq sərfiyyatınız 11 qəpikdən hesablanacaq".
- Qaz ödənişi üçün istifadə edilən smart kartlarda bu proses necə aparılacaq?
- Bu kartların yenilənməsi, proqramlaşması lazımdır. Bir milyondan çox abonent var. Sistemi necə quracaqlar, məlum deyil. Və ya elektrik sayğacları olsun. Burada tənzimləmə necə olacaq? Sayğacları necə ayarlayacaqlar? Əslində texniki cəhətdən bir çox cavabsız suallar qalır. Bu qədər qısa müddətdə bu işi həll edə biləcəklərmi? Bunun üçün gərək əlavə minlərlə işçi götürülsün. Bu da əlavə maaş deməkdir. Bu qədər insana maaş veriləcəksə qiymət artımının büdcəyə nə faydası olacaq?
- Qaz və elektrik enerjisinin qiymətinin artması digər sahələrdə də artımın olmasına yol aça bilərmi? Məsələn, çörək sexinin sahibi çörəyin qiymətini qaldırmalı olacaqmı?
- Təbii ki, bu artım olacaq. Çörək və digər un məhsullarında bəlkə də qiyməti artırmamaq üçün məhsulun çəkisini azaltdılar. Amma digər yerlərdə bu mümkün deyil. Məsələn, su, süd məhsullarında qiymət artımı ola bilər. Hətta fermerlər belə məhsullarının qiymətini artıra bilərlər. Nəzərə almaq lazımdır ki, onlar parniklər üçün qazdan istifadə edirlər. Bu da qiymətə təbii ki, təsir edəcək. Kommersiya və xidmət sahələrində xərclər artırsa, deməli qiymətlər də artacaq. Belə getsə elə bir vəziyyət yarana bilər ki, insanlar kommunal xərclərini ümumiyyətlə ödəyə bilməzlər.