Buna görə sizi məhkəməyə verə bilərlər-XƏBƏRDARLIQ
Vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu görüntüsü icazəsiz olaraq sosial mediada paylaşılan şəxslərin hüquqları,onu yayan şəxslərin məsuliyyəti barədədir.
Tutulan, saxlanılan və həbs edilən şəxslərin görüntülərinin yayılması — hüquqi məsuliyyət və şəxsi toxunulmazlıq hüququnun müdafiəsi mövzusunu araşdırdıq.
Müasir informasiya dövründə media orqanları, sosial şəbəkələr və hüquq-mühafizə qurumlarının rəsmi kanalları vasitəsilə tutulan və saxlanılan şəxslərin foto və video görüntülərinin yayımlanması adi hal alıb. Lakin bu hal bir çox hallarda şəxsin təqsirsizlik prezumpsiyasını, şəxsi həyatın toxunulmazlığı hüququnu və insan ləyaqətini pozur. Hüquqi baxımdan bu məsələ həm Konstitusiya, həm də Cinayət Prosessual Məcəllə və İnformasiya qanunvericiliyi çərçivəsində ciddi qiymətləndirilməlidir.
Oxu24.com mövzu ilə bağlı hüquqşünas Ellada Bayramova ilə həmsöhbət olub. Hüquqşünasın sözlərinə görə,şəxsin foto və video görüntüləri “şəxsi məlumat” anlayışına daxildir. “Kütləvi informasiya vasitələri haqqında” Qanun da jurnalistlərdən tələb edir ki, məlumat yayarkən şəxsin ləyaqətinə, şərəf və nüfuzuna toxunan məlumatlardan çəkinilsin.
Fotoda hüquqşünas Ellada Bayramova
Ellada Bayramova qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası 32-ci maddədə qeyd olunur ki, hər bir şəxsin şəxsi və ailə həyatının sirrini qorumaq hüququ var. 63-cü maddə – Heç kəs məhkəmənin qanuni hökmü olmadan təqsirli hesab edilə bilməz (təqsirsizlik prezumpsiyası).
46-cı maddə – İnsan ləyaqəti dövlət tərəfindən qorunur. Heç kəsin ləyaqətinin alçaldılmasına yol verilmir.
Bu müddəalar göstərir ki, istintaq davam etdiyi müddətdə şəxsin görüntülərinin yayılması onun cəmiyyət qarşısında öncədən təqsirli kimi təqdim edilməsinə gətirib çıxarır və bu, qanunsuzdur.
Cinayət Prosessual Məcəllə və şəxsi toxunulmazlıq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsi şəxsin təqsirsizlik prezumpsiyasını qoruyur və bildirir ki, “heç kəsin təqsiri məhkəmənin qanuni hökmü ilə müəyyən olunmadan onun təqsirli hesab edilməsinə yol verilə bilməz”. Bu norma kontekstdə tutulan şəxsin üzünün, şəxsiyyətinin və ya şəxsiyyətini aşkara çıxaran digər əlamətlərin yayılması istintaqdan əvvəl və ya onun gedişində qanunsuz informasiya açıqlanması hesab oluna bilər.
Media əməkdaşları bu xəbərləri necə verməliidr?
Hüquqşünas Ellada Bayramova qeyd edir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 9-cu maddəsinə əsasən, şəxsi məlumatlar yalnız həmin şəxsin razılığı ilə açıqlana bilər. Şəxsin foto və video görüntüləri də “şəxsi məlumat” anlayışına daxildir. “Kütləvi informasiya vasitələri haqqında” Qanun da jurnalistlərdən tələb edir ki, məlumat yayarkən şəxsin ləyaqətinə, şərəf və nüfuzuna toxunan məlumatlardan çəkinilsin.
Buna görə, tutulan şəxsin razılığı olmadan onun görüntülərinin mediada və ya sosial şəbəkələrdə yayılması qanunsuzdur.
Beynəlxalq hüquq normaları bu məsələdə Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi həyatın toxunulmazlığı) və 6-cı maddəsi (Ədalətli məhkəmə hüququ) əsas götürülür.
Görüntüləri icazəsiz yayılan şəxsin hansı hüquqları var?
Ellada Bayramova Oxu24.com-a açıqlamasında qeyd edir ki, Avropa Məhkəməsinin presedentlərinə əsasən, təqsirli hökm çıxmamış şəxsin belə formada ictimaiyyətə təqdim olunması onun lazımsız stiqmatizasiyasına (damğalanmasına) səbəb olur və dövlətin məsuliyyətini yaradır.
Şəxsin məhkəməyə müraciət hüququ var.
Şəxsin görüntülərinin onun razılığı olmadan yayımlanması halında o:
Mülki qaydada –Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinə əsasən, mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
İnzibati qaydada –İnzibati Xətalar Məcəlləsinin 382.1 və 382.2 maddələrinə əsasən, şəxsi məlumatların qanunsuz yayılmasına görə məsuliyyət nəzərdə tutulur.
Cinayət qaydada –Əgər bu hərəkət şəxsə ağır nəticələr doğurubsa (şantaj, reputasiya zərəri, ailə münasibətlərinin pozulması və s.), Cinayət Məcəlləsinin 156-cı maddəsi (“Şəxsi və ailə həyatına dair məlumatların yayılması”) tətbiq oluna bilər. Dövlət orqanlarının məsuliyyəti əgər görüntüləri polis orqanları və ya rəsmi strukturlar yayıbsa, bu halda məsuliyyət daha yüksək qiymətləndirilir. Çünki dövlət orqanı istintaq mərhələsində şəxsin məxfiliyini qorumaqla öhdədir. Bu hallarda vətəndaş İnzibati Məhkəməyə və ya Ombudsmana müraciət edə bilər. Tutulan və ya həbs edilən şəxsin görüntülərinin yayılması:
Onun təqsirsizlik prezumpsiyasını pozur;
Şəxsi həyatın və ləyaqətin toxunulmazlığına ziddir;
Qanunsuz informasiya yayımı kimi hüquqi məsuliyyət yaradır;
Məhkəməyə müraciət üçün əsas verir.
Belə şəxslər həm mülki (mənəvi zərər), həm inzibati, həm də cinayət məsuliyyət tələbi ilə çıxış edə bilərlər. Media üçün davranış kodeksi qəbul edilməli, saxlanılan şəxslərin görüntülərinin yalnız məhkəmə hökmündən sonra yayımlanmasına icazə verilməlidir. Rəsmi qurumların mətbuat xidmətləri məlumat yayarkən şəxsin kimliyini gizli saxlamalıdır.
İctimai maraq ilə şəxsi hüquq arasında balans qorunmalıdır — əgər hadisə ictimai əhəmiyyət kəsb edirsə, görüntü anonimləşdirilmiş formada təqdim olunmalıdır.
Bu gün informasiya dövründə insan ləyaqətinin qorunması hər zamankından vacibdir. Hər bir tutulan şəxs, hətta cinayət törətməkdə şübhəli bilinən insan belə, qanun qarşısında təqsirsiz hesab olunur. Onun görüntülərinin razılıq olmadan yayımlanması isə sadəcə etik deyil, qanunla qadağan edilmiş hüquq pozuntusudur.
Məlumat üçün qeyd edək ki, son günlər rəsmi qurumlar qadınlar və uşaqlarla bağlı görüntüləri yayarkən onların üz hissələri müəyyən effektlərlə bağlanır.Bu amil digər cinsdən olan vətəndaşlara tətbiq edilmir.
Hazırladı: Miri Məcidli