Azərbaycanda bankların birləşmə problemi: Kim kimə və necə birləşir?
“Müflislik həddində olan, öhdəlikləri əmlaklarından, yəni verdiyi borclar və kreditlərdən çox olan banklar bağlanmalıdır”...
“Əgər bağlanan bankda vətəndaşların əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanıbsa, onlar qaytarılacaq”...
“Faktiki olaraq qəbul etməliyik ki, qeyri-sağlam banklardakı əmanətlər artıq batıb”...
“Bu günə qədər Azərbaycanda bankların yalnız iki uğurlu birləşməsi olub, o da iqtisadiyyatın inkişaf dövründə baş verib”...
“Böhran dövründə bankların birləşməsinin nə qədər effektiv olacağı sual altındadır”...
“Müflislik həddində olan bankları təcili bağlamaq lazımdır”...
“Əgər bank əmanətləri 5 gündən çox qaytarmırsa, o bank bağlanmalıdır”...
“Bankların qısa müddətə birləşməsini düşünmək qeyri-peşəkarlıqdır”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.
Ekspert indiyə qədər Azərbaycanda lazımi səviyyədə bank sistemi qurulmadığını bildirib: “Bizdə bank sistemi müasir dünya standartlarına cavab vermir, bankların çoxu qeyri-sağlamdır, ona görə də bu sistemin sağlamlaşdırılmasına, yenidən qurulmasına ehtiyac var. Bunun üçün, ilk növbədə, qeyri-sağlam banklar bağlanmalıdır. Belə bankların sistemdə qalması sağlam banklara da pis təsir göstərir. Qeyri-sağlam banklar müflislik həddində olan, öhdəlikləri əmlaklarından, yəni verdiyi borclar və kreditlərdən çox olan banklardır. Bank problemli kreditləri ala bilmirsə, deməli öz əmanətçiləri və kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməyəcək. Belə banklar bağlanmalıdır, çünki onlar günbəgün vətəndaşlardan əmanət qəbul edə bilərlər, amma əmanətləri artıq qaytara bilmirlər”.
Əkrəm Həsənov bankların bağlanmasının heç də asan proses olmadığını deyib: “Əgər bağlanan bankda vətəndaşların əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanıbsa, onlar qaytarılacaq. Qanuna görə 30 min manata qədər olan, illik faizi 12 faizə qədər əmanətlər qaytarılır. Bankın ləğv edilməsi prosesində bankın bütün əmlakı tam satılır, sonra ilk növbədə, ləğvetmə komissiyasının çəkdiyi xərclər ödənilir. Bu proses isə bir ildən çox çəkir. Sonra sığortalanmış xərclər ödənilir, bundan sonra qalan məbləğdən digər əmanətçilərə də ödəmə olur. Amma təcrübəmiz göstərir ki bütün bunlardan sonra əmanətçilərə ödəməyə bankda heç nə qalmır. Faktiki olaraq qəbul etməliyik ki, bu əmanətlər artıq batıb. Kreditlər isə bankın əmlakıdır, həmin o bankı ləğv edən komissiya həmin kreditləri başqa banka ötürəcək. Digər banklar da həmin kreditləri öz qiyməti ilə yox, aşağı qiymətlə alırlar”.
Ekspert bağlanan banklarda əmanəti batanların çıxış yolu olduğunu bildirib: “Belə əmanətçilər banka borclu olanlarla razılığa gəlib öz əmanətlərini əvəzləşdirə bilərlər. Bu, tam qanuni razılaşmadır, bu halda əmanətçi də, sahibkar da qazanır, eyni zamanda, ləğvetmə komissiyasının da işi asanlaşmış olur”.
Qonağın sözlərinə görə, bankların birləşməsi prosesi bağlanma prosesindən daha çətin və uzun çəkir: “Bank sahibləri bankların onların əlində olması imkanını itirmək istəmirlər, buna görə də indiyə kimi birləşməyə getmirlər. Azərbaycanda bu günə kimi yalnız iki uğurlu birləşmə olub. “Bank of Baku” və “Unibank” Azərbaycan səviyyəsində normal banklar olsa da, dünya bankları ilə müqayisədə belə deyil. Hər iki bank bir neçə bankın birləşməsindən yaranıb, müəyyən mənada korporativ idarəetmə, müəyyən nəzarət sistemləri var. Çünki idarəetmə bir səhmdara aid deyil və kompromisə gəlmək lazımdır. Bu, uğurlu birləşmə olub, amma unutmaq olmaz ki, məhz birləşmə Azərbaycanın inkişaf etdiyi bir dövrə təsadüf edib, indi isə böhrandır. Böhran zamanı bankların birləşməsi nə qədər effektiv ola bilər ya yox, bu çox çətin sualdır. Amma bankların birləşməsinə zərurət var. Bu gün bankların çoxu öz filiallarını bağlayırlar, işçilərini ixtisar edirlər, bankların çoxunun problemləri oxşardır, bu problemlərin də öhdəsindən birgə gələ bilərlər. Amma vacib məqam odur ki, yalnız sağlam, sadəcə müəyyən problemləri olan banklar birləşə bilər. Qeyri-sağlam banklar birləşə bilməz. Müflislik həddində olan bankları təcili bağlamaq lazımdır. Birləşən banklar eyni səviyyədə olmalıdır”.
Əkrəm Həsənov bankların yalnız öz istəyi ilə birləşə biləcəyini vurğulayıb: “Qanuna görə, birləşmək istəyən banklar əvvəlcədən bunu elan etməlidir. Hər iki bankın səhmdarları ümumi yığıncağa toplaşmalı, qərar verməlidirlər. Yalnız ¾ səs çoxluğu ilə qərar vermək olar. Bankların borcu varsa, onlara məlumat verilməlidir. Bundan sonra kreditorlar borcları hətta vaxtından əvvəl tələb edə bilərlər. Əlavə olaraq, bunun nəticəsində kreditorlara dəyən zərər də ödənməlidir. Amma bu gün birləşməsi haqqında söhbət gəzən banklar heç əmanətləri qaytara bilmirlər. Birləşmə təklifi bankların özündən gəlmir, onlar sadəcə məcbur edilir. Qanuna görə heç bir bank Mərkəzi Bankın razılığı olmadan birləşə bilməz. Qeyd edim ki, bundan sonra bu funksiyanı Maliyyə Bazarlarına Nəzarət Palatası yerinə yetirəcək. Mərkəzi Bank bu bankların birləşməsini istəyirsə, bu o deməkdir ki, bankların ikisini də sağlam hesab edir, başa düşür ki, bu bankların kiməsə borcu varsa gəlib vaxtından əvvəl tələb edə bilər. Qanuna görə, Mərkəzi Bank banklar üçün sonuncu kreditordur. Yəni bankların kreditə ehtiyacı olsa, Mərkəzi Bank verməlidir. Lakin Mərkəzi Bank bu banklara kredit vermir, bu isə faktiki olaraq o deməkdir ki, MB öz pulunu 3 faizlə o banklara etibar etmir, amma əhalini öz kreditini 10-12 faizlə həmin banklarda saxlamasına çağırır. Əgər bank əmanətləri 5 gündən çox qaytarmırsa, o bank bağlanmalıdır. Lakin bizdə əmanətləri aylarla qaytarmayan banklar barədə Mərkəzi Bank heç bir tədbir görmür, indi isə birləşməni gözləməyi məsləhət görür”.
Ekspert hesab edir ki, bankların qısa müddətə birləşməsini düşünmək qeyri-peşəkarlıqdır: “Birləşən banklar bütün əmlaklarını, kreditlərini və əmanətlərini birləşdirməlidirlər, bu prosesə aylarla, bəzən bir ilə qədər vaxt lazımdır. Tutaq ki, A Bankı 200 milyon kredit verib, B bankının isə 150 milyon krediti var. Amma bu bankların kapitallarında müəyyən fərqlər var. Bu o deməkdir ki, bu banklar əmlaklarını, kreditlərini birləşdirməlidir. Məsələn, indi A bankı deyir ki, mən 200 milyon kredit vermişəm, mən daha güclü bankam, ona görə birləşmiş bankda mənim səhmdarlarımın sayı daha çox olmalıdır. Mən hələ təkcə verilən kreditlərdəki fərqi deyirəm, buraya daşınan və daşınmaz əmlak, əmanətlər, filialların sayının da əlavə etmək lazımdır. Sadə dildə desək, A bankı deyir ki, mən səndən varlıyam, mənim payım çox olmalıdır. O biri deyir ki, nə olsun sənin əmlakın çoxdur. Binan köhnədir, avtomobillərin köhnədir, mənim avtomobilim az olsa da, ən yaxşı markadır. Yaxud deyəcək ki, sən 200 milyon kredit versən də, o kreditlərin çoxu qayıtmayacaq, amma mən az kredit versəm də, onun əksər hissəsi qayıdacaq. İndi görün birləşmə zamanı bu banklar bir-biri ilə nə qədər mübahisə etməli, müzakirə aparmalı, qiymətləndirmə keçirməlidir. Ekspert, hüquqşünas, qiymətləndirici cəlb olunmalı, qiymətləndirmədən sonra müəyyənləşməlidir ki, kimin payı nə qədər olmalıdır. Bunu bir ay ərzində etmək mümkün deyil, banklar qarşısında bu tələbi qoymaq ən yüksək səviyyəli qeyri-peşəkarlıqdır.
“Bizdə kiçik banklar adətən öz sahiblərinin kiçik biznes maraqlarına xidmət göstərir. Amma bu o demək deyil ki, kiçik bank mütləq pis bankdır. Bu gün qanunvericiliyin tələbinə görə, banklar rübdə bir dəfə öz maliyyə hesabatlarını saytlarında dərc etməlidir. Hazırda mövcud 37 bankdan təxminən 10-u bu hesabatları dərc edir. NBC Bank da hesabatını vaxtında yerləşdirən banklardandır. Hesabatı dərc edir, kapital tələblərinə riayət edir. Buna görə də o bankın bağlanması xəbəri mənim üçün çox təəccüblü idi. Birləşmə prosesinə gəldikdə, məni qorxudan məqamı qeyd edim. Bu bankla birləşdirilməsi nəzərdə tutulan banklar isə heç biri hesabat dərc etmir. Məsələn, ola bilər ki, “Parabank” göstəricilərinə görə, məsələn NBC Bankdan yüksəkdə durur. Amma axı biz o göstəriciləri görmürük. Göstəriciləri dərc etmir, gizlədir. Digərləri də həmçinin. Bayaq biz hələ iki bankın birləşməsində yarana biləcək problemləri qeyd etdik. İndi söhbət 3-4 bankın birləşməsindən gedirsə, görün nə qədər problemlər yarana bilər. Nəzərə alsaq ki, o bankların biri istisna olmaqla digərləri maliyyə hesabatlarını gizlədir. Buna görə də mən bu bankların necə birləşəcəyini təsəvvür etməkdə çətinlik çəkirəm. 3-4 bankın birləşməsi doğrudan da ağır prosesdir. Əslində, hazırda “Beynəlxalq Bank”la “Azər Türk Bank”ın birləşməsi daha məqsədəuyğundur. Çünki hər ikisi dövlət bankıdır, ikisinin də idarəetməsi səmərəsizdir. Holdinqlərə bağlı olan banklar sağlamdır, amma problemləri var, belə bankların birləşməsi müsbət haldır”.