azia.az
azia.az

NATO Rusiya ilə savaşa hazırdır: Türkiyə III Dünya Müharibəsini əngəlləyir

27-04-2022, 06:45


NATO-nun son növbədənkənar toplantısında baş verənlər barədə yayılmış yeni iddialar onu göstərir ki, Ukrayna savaşı uzanarsa, onun hansısa mərhələdə III Dünya Müharibəsinə çevrilmə ehtimalı da mövcuddur; Hazırda hərbi resursları ümidverici görünməyən Rusiyanın belə bir qlobal savaşa hansı səviyyədə hazır olduğu isə indi yalnız mübahisə mövzusu ola bilər...
NATO Rusiya ilə savaşa hazırdır: Türkiyə III Dünya Müharibəsini əngəlləyir
Məlumata görə, Ukrayna savaşı Rusiya ilə bağlı bir çox dəyişikliklərə yol açdı. Artıq Kreml beynəlxalq siyasət məkanında savaşdan əvvəl olduğu qədər böyük təsir imkanlarına sahib deyil. Hazırda Kreml böyük sürətlə dünyadan təcrid olunaraq, Rusiyanın sərhədləri içərisinə sıxışdırılmaqdadır. Və bu, yaxın gələcəkdə Rusiyanə daha ağır günlərin gözlədiyini göstərən olduqca önəmli faktor kimi diqqəti çəkir.
Onu da qeyd etmək lazımdır ki, əslində, Kreml Ukrayna savaşına daha çox Rusiyanın beynəlxalq mövqelərini möhkəmləndirmək məqsədilə qərar vermişdi. Belə ki, Kreml Ukraynanın NATO-ya üzvlüyü və bu ölkədə xarici hərbi bazaların yerləşdirilmə ehtimalını əvvəlcədən bloklamaq niyyətindəydi. Eyni zamanda, həm ABŞ-dan, həm də NATO-dan Rusiyanın təhlükəsizliyinə yazılı təminat tələb edirdi.


Təbii ki, ABŞ və NATO Rusiyanın təhlükəsizliyinə hər hansı yazılı təminat verməkdən birmənalı şəkildə imtina etdi. Ukraynanın NATO-ya üzvlüyü və bu ölkədə xarici hərbi bazaların yerləşdirilməsi ilə bağlı ehtimal isə hələlik arxa plana keçirilib. Ancaq bu ehtimalın yaxın gələcəkdə yenidən akruallaşmayacağına, hətta reallaşmayacağına da qətiyyən təminat yoxdur. Xüsusilə də, Rusiya Ukrayna savaşında məğlub olaraq, sanksiyaların da təsiri ilə ciddi şəkildə zəifləyərsə, rəsmi Kiyev NATO üzvlüyünə doğru yeni həlledici və qətiyyətli addım ata bilər.

Ukrayna savaşı məhz bu variant üzrə inkişaf edərsə, Kremlin mövqeyi dünyada elə də ciddi əhəmiyyət daşımayacaq. Rusiyanın ənənəvi milli maraqları, təhlükəsizlik hədəfləri nəzərə alınmayacaq. Nəticədə, Kreml mövcud situasiya ilə əvvəl-axır barışmaq məcburiyyətində qala bilər.

Əslində, son vaxtlar baş verənlər də hadisələrin məhz bu istiqamətdə inkişaf etməkdə olduğunu göstərir. Cəmisi iki ay əvvəl Kremlı Rusiya ilə həmsərhəd Ukraynanın NATO üzvlüyünə kəskin reaksiya verirdi. İndi isə Rusiyanın şimal-qərb sərhədlərində NATO-nun "ayaq səsləri” daha aydın şəkildə eşidilməyə başlayıb. Hər halda, İsveç və Finlandiyanın NATO-ya üzvlük barədə qərar verməsi indi Rusiya üçün Ukrayna savaşında aldığı zərbələrdən daha ağırdır və strateji xarakter daşıyır.

Məsələ ondadır ki, Rusiya ilə tarixi düşmənçilik münasibətləri olan Finlandiyanın parlamenti ölkənin NATO-ya üzvlük qərarını artıq rəsmən təsdiqləyib. Baltikyanı ölkələrdən sonra İsveç və Finlandiyanın da NATO-ya üzv olacağı təqdirdə, Rusiyanın mühasirəyə alınmasına önəmli bir mərhələ sona çatmış olacaq. Yəni, bu halda, Rusiyanın bütün qərb sərhədləri şimaldan cənuba qədər NATO hərbi bazaları ilə əhatələcək. NATO hərbi gəmilərinin Qara dənizdə qalıcı olacağı təqdirdəsə, Rusiyanı necə bir gələcəyin gözlədiyini təxmin etmək o qədər də çətin deyil.

Göründüyü kimi, Kreml NATO-nu Rusiya sərhədlərindən mümkün qədər uzaqlaşdırmaq niyyəti ilə Ukraynaya qarşı savaşa başlamışdı. Ancaq üzləşdiyi nəticə ondan ibarətdir ki, NATO Rusiya sərhədləri ətrafında daha asanlıqla yerləşməyə başlayıb. Çünki Rusiyanın hərbi aqressiyası Avropa ölkələrini etibarlı "təhlükəsizlik çətiri” axtarmaq məcburiyyətində qoyub. Və belə vəziyyətdə NATO-nun "təhlükəsizlik çətiri”nə sığınmaqdan başqa çıxış yolu qalmır.

Belə anlaşılır ki, əslində, Kreml Ukrayna savaşına başlamaqla, bütün istiqamətlər üzrə düzəldilməsi çox çətin olan böyük səhvlər buraxıb. Bu savaş yalnız Rusiyanı ABŞ və Qərbin açıq hərbi-siyasi, maliyyə-iqtisadi hədəfinə çevirməyib. Üstəlik, NATO-nun daha da genişlənərək, güclənməsinə münbit şərait yaradıb. Yəni, müəyyən mənada, Kremlin Ukraynaya qarşı müharibəyə başlamaqla, Rusiyanın strateji maraqlarına savaş açdığını da düşünmək olar.

Maraqlıdır ki, Rusiyanın NATO-nun yeni genişlənmə və güclənmə prosesinə müqavimət göstərmək imkanları demək olar, mövcud deyil. Çünki, NATO-nun dəstəklədiyi Ukrayna ilə savaşda məğlub duruma düşən Rusiyanın, bu hərbi-siyasi alyansla birbaşa toqquşmaya girəcəyi təqdurdə, hansı vəziyyətə düşəcəyini elə əvvəlcədən təxmin etmək mümkündür. Ona görə də, Kreml hazırda baş verənlərə yalnız Rusiyanın şimal sərhədləri ətrafına strateji hücum silahları, o cümlədən, nüvə başlıqları yerləşdirəcəyini bəyan etməklə, kifayətlənir.

Halbuki, Kremlin bu bəyanatları artıq əvvəlki kimi təsirli deyil, ABŞ və Qərbi də əvvəlki kimi narahat etmir. Bəzi məlumatlara görə, Qərb siyasi dairələri Rusiya ilə mümkün savaşın strategiya və taktikası üzərində işləməyə artıq başlayıblar. Polşanın rəsmi dairələri isə Rusiya ilə müharibəyə artıq hazır olduğunu da bəyanlayıb. Və rəsmi Varşavanın bu qədər rahat olmasının da ciddi səbəbləri olmamış deyil.

Məsələ ondadır ki, bəzi Qərb mənbələri NATO-nun son növbədənkənar toplantısında Ukraynanın tərəfində Rusiyaya qarşı savaşa başlamaq barədə qərarın son anda qüvvədən salındığını iddia edirlər. Həmin məlumatlara görə, bu qərar NATO üzvlərinin səs çoxluğunu qazana bilib. Ancaq NATO-ya üzv olan önəmli dövlətlərdən birinin veto hüququndan istifadə etməsi böyük savaşın qarşısını alıb. Və veto hüququndan istifadə etmiş dövlətin Türkiyə olduğuna yönəlik də eyhamlar mövcuddur.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara da Rusiyaya qarşı böyük savaşa imkan verməyəcəyini bəyan etməklə, həmin eyhamlara dolayısıyla haqq qazandırmaqdadır. Belə ki, Türkiyənin müdafiə naziri H.Akar təmsil etdiyi ölkənin III dünya müharibəsinin qarşısını almaq üçün əlindən gələn hər şeyi etdiyini vurğulayıb: "Hazırda Türkiyə öz hüuqularından istifadə edərək, NATO hərbi donanmasının Qara dənizdən uzaqda tutmağa çalışır”.

Əslində, Türkiyə müdafiə nazirinin bu açıqlaması Kremlə yönəlik də üstüörtülü mesajdır. Böyük ehtimalla rəsmi Ankara bununla Ukrayna savaşı uzanarsa və Kreml sülh danışıqlarına başlamazsa, Rusiyanı necə bir təhlükə gözlədiyini anlatmağa çalışır. Və Kremlin əlində olan ən sonuncu faktor - nüvə təhdidi belə, Rusiyanı bu təhlükədən çətin ki, qoruya bilsin.

Çünki, Böyük Britaniyanın baş naziri Boris Conson bir müddət öncə Rusiyanın daha heç bir dövləti təhdid edə bilməyəcəyini vurğulayıb. O, bildirib ki, əgər, Kreml nüvə silahına əl atarsa, Rusiya eyni hərbi reaksiya ilə üzləşəcək: "Bizim də nüvə silahımız var. Əgər, Rusiya bu silahdan istifadə etsə, Böyük Britaniya mütləq və dərhal cavab zərbəsi endirəcək. Və bunun üçün öz müttəfiqləri ilə məsləhətləşmələrə də ehtiyac qalmayacaq”.

Göründüyü kimi, Qərb dövlətləri artıq Rusiyanın nüvə təhdidlərinə belə, elə bir ciddi əhəmiyyət vermirlər. Ona görə də, Ukrayna savaşı uzanarsa, onun hansısa mərhələdə III dünya müharibəsinə çevrilmə ehtimalı da mövcuddur. Rusiyanın belə bir qlobal savaşa hansı səviyyədə hazır olduğu isə hazırda yalnız mübahisə mövzusu ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi