Dünya bir ölkəyə qarşı: Rusiyanı qarşıda nələr gözləyir? (ARAŞDIRMA)
Ukrayna ilə müharibə Rusiya iqtisadiyyatına hazırda necə təsir edir?
AZXEBER.COM dünyadakı bir sıra tanınmış ekspertin bu sual ətrafında apardığı araşdırmalarının xülasəsini sizlərə təqdim edir:
Rusiyanın Ukraynada apardığı müharibə rəsmi Moskvanı həm də Qərbin sanksiyaları ilə üz-üzə qoyub. Həm müharibə xərcləri, həm də iqtisadi sanksiyalar Rusiyanın çətin vəziyyətə düşməsi ilə nəticələnib.
Ekspertlərin fikrincə, fevralın 24-də Ukraynaya hücum əmri verən Putin bir neçə günə qələbə qazanacağını düşünürdü. Bir anda yaranan bu münaqişə dağıdıcı müharibəyə çevrildi.
Amerikanın "Atlantic Council" qəzeti üçün məqalə yazan hərbi analitiklər Benjamin Conson, Tyson Wetzel və J.B. Barranco deyir ki, Rusiya Ukrayna müqavimətini əzmək üçün müəyyən taktikalardan istifadə edib:
"Biz düşünürük ki, Rusiya Ukraynanın resurslara çıxışını və onun Qara dənizlə əlaqəsini kəsməyi planlaşdırırdı. İkinci plan isə, Ukraynanın kənd təsərrüfatına böyük çaplı zərərlər vuraraq suni qıtlıq və aclıq yaratmaq idi. Lakin uzunmüddətli müharibə planda yox idi. Görünür bu dəyişikliyə sonradan gedildi və əslində bu elə Rusiyanın özü üçün baha başa gələcək”.
"Royal United Services" İnstitutunun Avropa təhlükəsizlik tədqiqatçısı Ed Arnold isə mövzuya belə münasibət bildirir: "Hərbi əməliyyatların davam etdirilməsi Rusiya üçün baha başa gəlir. Böyük miqdarda döyüş sursatı saxlamaq, maşınlara yanacaq və əsgərlərə yemək çatdırmaq lazımdır. Rusiyanın müharibədə maddi-texniki məsələlərlə bağlı çoxsaylı problemləri var. Bunlardan ən diqqətçəkənləri rus hərbi maşınlarıdır. Yəqin ki, bu əməliyyatın bir neçə gün çəkəcəyini düşünürdülər, ona görə də kifayət qədər hazır deyildilər. Həmçinin Rusiyanın 600 milyard dollar civarında dünyanın ən böyük valyuta ehtiyatlarından birinə malik olmasına baxmayaraq, bunun böyük hissəsi Qərb ölkələrindəki bank hesablarındadır və Moskva sanksiyalara görə bu ehtiyatlara daxil ola bilmir”.
Rusiyalı iqtisadçıların fikrincə, hücumun ilk 23 günündə Rusiyaya birbaşa hərbi xərclər 19,9 milyard dollar olub. Kremlin 9 milyard dollar hərbi texnikası məhv edilib. Bundan başqa, problemlər arasına insanların ölümü ilə əlaqədar gələcək 40 ildə iqtisadiyyatın potensial azalması da əlavə edilməlidir.
BBC-yə danışan ekspertlər müharibənin Rusiyaya baha başa gəldiyini düşünürlər:
"Rusiyanın iqtisadi vəziyyəti Qərbin sanksiyalarının nə dərəcədə təsirli olacağından asılıdır. Avropa ölkələrinin Rusiya qazını almağı dayandırıb-dayandırmayacağı digər mühüm amildir. Bir neçə Rusiya bankının SWIFT ödəniş sistemindən çıxarılmasından sonra digər Rusiya banklarının da oxşar sanksiyalara məruz qalması halları baş verə bilər. Putin satdığı qaza görə valyuta ala bilməyə bilər. Nəhayət, Rusiyanın bütün bunlara nə qədər tab gətirə bilməsi müttəfiqlərindən asılıdır”.
Rusiyaya qarşı sanksiyalara ən sərt etiraz edən ölkələrdən biri isə Çindir. Çinin xarici işlər nazirinin müavini Le Yunçen martın 19-da deyib ki, Rusiyaya qarşı Qərb sanksiyaları sadə insanlara zərər verir:
"Tarix bizə göstərir ki, sanksiyalar problemləri həll edə bilməz. Sanksiyalar yalnız sadə insanlara, iqtisadi və maliyyə sisteminə zərər verir”.
Lancaster Universitetinin professoru Renaud Fukart Çini Rusiya üçün həyati əhəmiyyət kəsb etdiyini deyir. O, Çinin Rusiya üçün hazırda hamıdan önəmli yerdə durduğunu bildirib: "Çin Rusiyadan xammalı çox ucuz alıb, Rusiyaya baha qiymətə satacaq. Çin Rusiyanı tam təsiri altına alacaq. Bu müharibənin yeganə qalibi Pekin olacaq".
Onu da qeyd edək ki, rəsmi Moskva bildirir ki, Qərbin sanksiyaları Rusiya kimi böyük bir ölkəni təcrid edə bilməz.
Ayşən Mirzəyeva