Kiyevin “giriş qapısı” işğaldan AZAD EDİLDİ – Rus ordusu ağır itkilərlə 70 km GERİ ÇƏKİLDİ
Ukraynanın paytaxtı Kiyevin “giriş qapısı” kimi mühüm strateji mövqe adını daşıyan İrpinə nəzarət tamamilə Ukrayna qüvvələrinin əlinə keçib.
Xəbər verilir ki, bu barədə İrpin meri məlumat yayıb.
Xatırladaq ki, bu gün işğaldan azad edilən şəhər müharibənin ilk günlərindən Rusiyanın intensiv hücumlarına məruz qalırdı. Ukrayna tərəfi körpüləri partladaraq Rusiya qüvvələrinin bölgədə irəliləməsini dayandırmağa çalışırdı. Lakin bütün səylərə baxmayaraq şəhər rus ordusu tərəfindən işğal edilmişdi.
Kiyev meri Kliçko mövzu ilə bağlı açıqlama verib.
“Rus ordusu İrpində işğal dövründə 100-dən çox dinc insanı öldürüb. Ölənlər arasında 4 uşaq var, 16 uşağın müalicəsi isə xəstəxanada davam edir” – mer bildirib.
Digər tərəfdən, Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motzuyanikin bəyanatı yayımlanıb.
“Ukrayna əsgərləri paytaxtdan təxminən 70 kilometr aralıda Kiyevə daxil olmaq istəyən rus qoşunlarını dəf edib. Kiyev yaxşı mühafizə olunur və onun müdafiəsi Ukrayna Silahlı Qüvvələrinin elit bölmələri tərəfindən həyata keçirilir”, – bəyanatda qeyd olunub.