Fransada 150 baykerin iştirakı ilə dava olub
Fransanın cənub-qərbindəki Tarb şəhərində 150 baykerin iştirak etdiyi kütləvi davada 1 nəfər ölüb, daha 2 nəfər bıçaq xəsarəti alıb.
Bu barədə "France Info" radiostansiyası məlumat yayıb. Hadisə musiqi, döymə sərgisi və poker turnirinin yer aldığı Amerika Salon Festivalının keçirildiyi Sərgi Parkında baş verib.
Kütləvi davanın səbəbləri hələlik məlum deyil. Hüquq-mühafizə orqanları dava zamanı insanlara xəsarət yetirən şəxsin axtarışına başlayıb.
Tarb şəhərinin meri Qerard Tremeje festivalın dərhal dayandırılmasını əmr edib və iştirakçıların evlərinə qayıtmasını tələb edib.