azia.az
azia.az

Pirallahıda 28 May – Respublika Gününə həsrolunmuş tədbir keçirildi

27-05-2019, 17:01

Pirallahıda 28 May – Respublika Gününə həsrolunmuş tədbir keçirildi
Mayın 27-də Pirallahı Gənclər Mərkəzində “28 May-Respublika Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Tədbirdə Pirallahı RİH əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.
Sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar geniş nitq söylədi. Bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu, imperiyaların yıxıldığı bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi öz adını şanlı tariximizə həkk etdirmişdir. Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.”Pirallahıda 28 May – Respublika Gününə həsrolunmuş tədbir keçirildi
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Biz bu gün də Cümhuriyyətin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətininin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini nəzərə alaraq, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Azərbaycanın uğurları demokratiyanın inkişafının və möhkəmlənməsinin əyani sübutudur. A.Hacıbəyli qeyd etdi ki, bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin açdığı yolla qətiyyətlə addımlayır və mövcud iqtidarın vahid birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinspial məsələlərdə Prezident İlham Əliyev Azərbaycan dövlətinin artan qüdrətini, sarsılmaz təmələ malik olan dövlətçilik ənənələrini öz məhsuldar fəaliyyəti ilə sübut edir.
Diqqətə çatdırıldı ki, Azərbaycanın inkişafına, onun qazandığı uğurlara sevinən dostlarla yanaşı bundan narahat olan, daim xalqımıza və dövlətimizə qarşı qarayaxma kampaniyası aparan qüvvələr də var. Bu qüvvələr “sapı özümüzdən olan baltaları” öz çirkin əməllərinə alət etməkdən belə çəkinməyiblər. AXC-nin süquta uğramasında, Azərbaycan xalqının sürgünlərdə çürüməsində, fiziki məhvində xüsusi xidmətləri olan Əliheydər Qarayevlərin, Həmid Sultanovların, Mirbəşir Qasımovların “mənəvi sələfiləri” dövlət quruculuğunda əldə etdiyimiz böyük uğurlara ləkə yaxır, dünya ictimaiyyətinin gözündə aşağılamağa çalışırlar.
Çıxışın sonunda natıq bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi ilə gündən-günə daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da önəmli bir ölkə mövqeyinə yüksələn Azərbaycan bütün sahələrdə yeni nailiyyətlər əldə edəcək.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycan Dillər Üniversitetinin dosenti “Humanitar Araşdırmalar” İctimai Birliyinin sədri Nurlana Mustafayeva öz çıxışlarında qeyd etdilər ki, bu gün Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illərdir həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Bütün bunlarla yanaşı, ölkəmizin çoxəsrlik dövlətçilik təcrübəsi var. Təbii ki, bu təcrübənin əsası Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlıdır. Məhz 1918-ci ildə Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 1918-ci il mayın 28-də Tbilisi şəhərində bəyan edilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqut etdi. Lakin çox qısa bir tarixi dövr-cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ hesab edilir. Vurğulandı ki, hələ ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi