General Yaşar Aydəmirovdan ilginc açıqlama
“Düşmən ölkənin təxribata əl atması bizə böyük şans yaradar; Azərbaycan Naxçıvana gedən dəmir yolu xəttini öz balansına qaytarmaq üçün hərəkətə keçə bilər”
İşğalçı Ermənistanın Azərbaycana qarşı məkrli niyyətlərinin dəfələrlə şahidi olmuşuq. Çox da uzaq keçmişə getmək lazım deyil, Şuşa işğal olunan gün Azərbaycan və Ermənistan rəhbərliyi İranın vasitəçiliyi ilə Tehranda danışıqlar aparırdılar. Bu mənada Moskva görüşündə humanitar əlaqələrin qurulması ilə bağlı əldə olunan razılaşmadan da uzaqgedən nəticələr çıxarıb bunun sülhə aparacağını güman etmək sadəlövhlük olardı. Elə Ermənistan rəhbərliyinin son zamanlar sərgilədiyi mövqe də təxribatların hər an baş verəcəyini deməyə imkan yaradır.
Vyana görüşü vaxtı ABŞ-da erməni diasporu ilə görüşündə Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” açıqlamasından sonra erməni hərbi birəşmələrinin Azərbaycana qarşı təxribat hücumlarının ola biləcəyi ehtimalı güclənib. Publika.az xəbər verir ki, Tonoyanın bu açıqlaması ritorik xarakter daşısa da, işğalçı ölkənin yeni ərazilər işğal etmək niyyətləri də istisna deyil. Xüsusilə Azərbaycan torpaqlarını işğal edən Ermənistanda həmişə “Şimali Qarabağ” iddiaları olub. Bura Kür çayının cənubunda yerləşən Gürcüstan-Azərbaycan sərhədindəki bütün ərazilər daxildir.
Bu iddialar və “yeni ərazilərin işğalı” açıqlaması fonunda David Tonoyanın aprelin 13-də Azərbaycanın Gədəbəy rayonunun Başkənd qəsəbəsinin əks tərəfinə gəlişi və müşahidələr aparması diqqət çəkir. Ermənilər Başkəndi “Arşaven” olaraq adlandırırlar. Başkənd qəsəbəsi 1920-ci illərdə sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmişdi və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərində “erməni anklavı” olaraq qalırdı. 1992-ci ilin 6-8 avqust tarixlərində milli ordumuzun keçirdiyi əməliyyat nəticəsində Başkənd ermənilərdən təmizləndi və Qərb regionunda təhlükəsizlik təmin olundu. Ermənilər “Arşaven” adlandırdıqları Başkənd qəsəbəsini “Azərbaycanın işğalı altında” olaraq təqdim etməyə çalışırlar və bildirirlər ki, “Arşaven” (Başkənd) “Şimali Artsax”ın (Şimali Qarabağ) açarıdır".
Bunun fonunda ABŞ-da erməni diasporu önündə “yeni müharibə yeni ərazilərdir” bəyanatı verən Tonoyanın ölkəsinə qayıdandan sonra ilk olaraq Gədəbəy sərhədinə gəlişi və iddia etdikləri Başkənd qəsəbəsini müşahidə etməsi nə dərəcədə təsadüfdür? Proseslərin analizi Ermənistanın Azərbaycana qarşı mümkün təxribatının məhz Başkənd qəsəbəsi istiqamətində ola biləcəyini deməyə əsas verir.
Yeri gəlmişkən, erməni mediası Tonoyanın bu istiqamətdən Azərbaycan ərazilərinə qəmgin halda baxmasına xüsusi yer ayırıb və günlərdir erməni nazirin pəjmürdə fotosunu yaymaqdadırlar. Belə düşünmək olar ki, Paşinyan hökuməti xalqa “parlaq qələbə” dadızdırmaq üçün mümkündür ki, xain hərəkətə əl atsın. Lakin ekspertimiz fərqli düşünür.
Ehtiyatda olan zabit, general Yaşar Aydəmirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, düşmən belə təxribata əl atmağa cəsarət etməz: “Birincisi, əgər onlar fikirləşirlərsə ki, biz Qazağın işğal altında olan kəndlərini, hansı ki, Dağlıq Qarabağa aid olmayan Yuxarı Əskipara, Aşağı Əskipara və digər yaşayış məntəqlərini unutmuşuq, böyük səhv edirlər. İkincisi də, onlar çox gözəl bilirlər ki, Azərbaycan tərəfi genişmiqyaslı döyüş əməliyyatlarına başlamaq üçün bəhanə axtarır. Düzdür, biz danışıqlara sadiqik. Amma danışıqlar kifayət qədər uzandı. Odur ki, mən problemin birdəfəlik həlli üçün hərb variantını görürəm. Ona görə də Ermənistan müharibəyə başlasa, bizimçün böyük şans yaratmış olar. Budəfəki döyüşlərdə artıq biz xırda bölmələrdən istifadə etməyəcəyik, bir neçə hərbi birləşmələri döyüşlərə cəlb edəcəyik. Əgər aprel döyüşlərində bir neçə kiçik bölmə düşməni sarsıtdısa, hərbi birləşmələrimiz bu dəfə onlara fəlakətlər yaşadacaq. Üç il əvvəl iki bölməmizin döyüşlərinin məntiqi nəticəsi olaraq onlar bütün komandanlığı, döyüş təminatı rəislərini, müdafiə nazirini də, baş qərargah rəisini də dəyişdilər. Bu dəfə də bizə, sadəcə, bəhanə lazımdır. Ona görə də düşmən risk edib bu təxribata gedən deyil, sadəcə, söz oyunundan istifadə edir”.
Y.Aydəmirov Ermənistanın sərhədboyu təxribatlara əl atması ilə Rusiyanı, yaxud KTMT-ni savaşa cəlb etmək cəhdlərini də mənasız saydı: “Ruslar belə bir addıma getməzlər”. Bununla belə, general ayıq-sayıq olmağımızı vacib saydı. Bildirdi ki, ikinci Qarabağ savaşı başlasa, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun bölmələri bu dəfə müşahidəçi qalmayacaq: “Naxçıvandakı ordu hissələrimiz passiv oturmayacaq”. Y.Aydəmirov Günnüt əməliyyatından sonra Laçın dəhlizinə aparan yolun da nəzarət altına alındığını və düşmənin ehtiyat qüvvələrinin məhv edilməsi üçün münbit şəraitin təmin edildiyini təsdiqlədi: “Hələ yaddan çıxartmamalıyıq ki, Naxçıvana gedən Mincivan-Mehri-Kərçivan dəmir yol hissəsi Azərbaycan dəmir yollarına aiddir. O dəmir yolu hər zaman Azərbaycanın balansında olub, bu yol bizimkidir. O dəmir yolunun rəisi vaxtilə Ayrepetov familiyalı Bakı ermənisi idi, amma ölənə kimi deyirdi ki, mən Azərbaycanın çörəyini yeyirəm, bu dəmir yolu xətti hamısı Azərbaycanındır. Deməli, beynəlxalq hüquqa əsasən, Azərbaycanın o dəmir yolunu açmaq üçün hərbi əməliyyatlar keçirmək hüququ var”.