“Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlandı
“Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasının qalibləri bəlli olub. Bu, Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən təşkil olunan sayca 6-cı Hackathon müsabiqəsi olub. Mütəxəssislər tərəfindən aparılan texniki dəyərləndirmənin ardından 28 noyabr tarixində baş tutan təqdimat və mükafatlandırma mərasimində iştirakçı komandalar yaratdıqları həlləri münsiflər heyəti qarşısında təqdim ediblər. Beləliklə, müsabiqədə “AXON” komandası (Ziya Bayramov, Tural Gülməmmədov, Rüfət Məmmədli) Mirza Aİ çat bot sistemini yaradaraq I yerə layiq görülüb. Qalib komanda Azercell-in Barama Mərkəzindən 2000 AZN dəyərində hədiyyə kuponu əldə edib. Müsabiqənin “KLMZ” adlı komandası (Seyid-Kənan Bağırov, Rüfət Abdullazadə, Məhəmməd Rüstəmzadə) müştəri istəklərini və bank təkliflərini birləşdirən platforması ilə II yerə çıxıb, mükafatı 900 AZN təşkil edib, “404” adlı komandası (Gunay Həsənova, Vüqar Suleymanov, Rəşid Şirəlizadə) isə tez və asan yolla depozit yaradan tətbiqetmə layihəsi ilə III yerin sahibi elan edilib və 500 AZN dəyərində hədiyyə ilə mükafatlandırılıb.
Qeyd edək ki, bu dəfəki müsabiqədə gənc proqramçıların qarşısına məqsəd kimi informasiya texnologiyalarının köməyi ilə müştəri məmnuniyyətinin artırılması, xidmətin operativliyi yönündə yeni məhsullar və innovativ həllərin yaradılması qoyulmuşdu. 10 komandada təmsil olunan 45 iddialı proqramçı 36 saat ərzində fasiləsiz olaraq müsabiqədə iştirak edib. Qeyd edək ki, bu müddətdə bütün iştirakçılar PAŞA Sığorta tərəfindən tibbi sığorta ilə təmin olunub. Layihəyə media dəstəyi Technote Media Platform və Barama Media tərəfindən göstərilib.