azia.az
azia.az

HƏKİM bu şəxslərə paxla yeməyi QADAĞAN etdi

Bu gün, 21:11

Paxla yaz-yay aylarında süfrələrimizin ən sevilən qidalarından biri hesab olunur. Zülal, lif, vitamin və mineral baxımından zəngin olan bu məhsul çoxlarının gündəlik qidasında yer alır. Lakin tibb mütəxəssisləri xəbərdarlıq edir ki, hər kəs üçün faydalı sayılan bəzi qidalar müəyyən xəstəliyi olan insanlar üçün ciddi təhlükə yarada bilər. Paxla da məhz belə qidalardandır və bəzi şəxslər üçün onun istifadəsi həyati risklə nəticələnə bilər.

Hematoloq-pediatr Mir Eldar Məmmədov mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında bildirib ki, paxla yemək bir qrup insanlar üçün qadağan olunub və ya zərərlidir.

Onun sözlərinə görə, bu qrupa ilk növbədə qırmızı qan hüceyrələrində, yəni eritrositlərdə qlükoza-6-fosfat dehidrogenaza adlı ferment çatışmazlığı olan şəxslər daxildir.

Mütəxəssis qeyd edib ki, həmin ferment eritrositlərin normal fəaliyyətinin və zədələnmədən qorunmasının təmin olunmasında mühüm rol oynayır. Fermentin çatışmazlığı olduqda isə qırmızı qan hüceyrələri müxtəlif xarici təsirlərə qarşı həssas olur və asanlıqla dağılır.

Hematoloq vurğulayıb ki, bu ferment çatışmazlığı olan şəxslər paxla yedikdən sonra qırmızı qan hüceyrələrinin sürətlə parçalanması, yəni kəskin hemoliz halı ilə üzləşə bilərlər. Bu isə öz növbəsində kəskin qan parçalanmasına və anemiyaya səbəb olur.

E.Məmmədovun sözlərinə görə, paxla yedikdən sonra belə vəziyyət yaşayan insanlar bu məhsulu qidalarından mütləq çıxarmalıdırlar. Çünki hər dəfə paxla istifadəsi qan göstəricilərinin kəskin pisləşməsinə və ümumi vəziyyətin ağırlaşmasına yol aça bilər.

Mütəxəssis xüsusi olaraq bildirib ki, qlükoza-6-fosfat dehidrogenaza fermenti çatışmazlığı olan şəxslərə ömürlük paxla yemək qadağandır. Onun sözlərinə görə, bu çatışmazlıq anadangəlmə xarakter daşıdığı üçün zamanla aradan qalxmır və ya müalicə ilə tamamilə düzəldilmir. Buna görə də həmin şəxslər paxlanı həyatları boyu qidalarından kənarlaşdırmalıdırlar. Hematoloq əlavə edib ki, bu qadağa yalnız uzun müddətli istifadəyə deyil, az miqdarda qəbula da aiddir, çünki hemoliz kiçik miqdarda yeyildikdə də başlaya bilər.

M.Məmmədov vətəndaşlara tövsiyə edib ki, paxla yedikdən sonra halsızlıq, dəridə və gözün ağ qişasında saralma, tünd rəngli sidik, baş gicəllənməsi və ürək döyüntüsünün sürətlənməsi kimi əlamətlər müşahidə olunarsa, gecikmədən həkimə müraciət edilsin. Onun sözlərinə görə, belə hallar qan hüceyrələrinin parçalanmasının əlaməti ola bilər və tibbi yardım tələb edir. Xüsusilə uşaqlarda bu cür əlamətlərə diqqətlə yanaşmaq vacibdir, çünki onlarda vəziyyət daha sürətlə ağırlaşa bilər.


Hematoloq əlavə edib ki, ferment çatışmazlığının olub-olmadığını laborator müayinə vasitəsilə müəyyən etmək mümkündür. Onun fikrincə, ailəsində qan xəstəlikləri olan, əvvəllər paxla yedikdən sonra qeyri-adi əlamətlər yaşayan və ya şübhəsi olan şəxslər müayinədən keçməlidir. Vaxtında diaqnoz qoyulması həm ciddi fəsadların qarşısını almağa, həm də qidalanma rejimini düzgün qurmağa imkan verir.

Jalə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi