Ombudsman XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib.
Açılış mərasimindən sonra Müvəkkil sərgidə nümayiş olunan kitablarla və poliqrafiya məhsulları ilə tanış olub, həmçinin Ombudsman təsisatının nəşrlərinin sərgiləndiyi stendin önündə çoxsaylı ziyarətçilərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, builki sərgidə Ombudsman təsisatının Azərbaycan, türk, rus, ingilis, Ukrayna, fransız və alman dillərində 288 adda nəşri sərgilənir. Nümayiş olunan nəşrlər arasında uşaqların, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, süni intellekt və insan hüquqları, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması, informasiya əldə etmək hüququ və digər aktual mövzulara dair vəsaitlər yer alır. Nəşrlər, eyni zamanda, Brayl əlifbası, işarət dili və QR kod vasitəsilə ziyarətçilərə nümayiş etdirilir.![]()
Təsisatın hüquqi maarifləndirmə məqsədilə çap olunmuş nəşrləri bir sıra xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına, milli kitabxanalarına, beynəlxalq insan hüquqları təşkilatlarına, ali məktəblərin, eyni zamanda, bir sıra dövlət qurumlarının və müəssisələrinin kitabxanalarına, cəzaçəkmə və tərbiyə müəssisələrinə, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların ofislərinə də göndərilib.