Fazil Mustafadan İranın məktəbli geyimi ilə bağlı rəsmi açıqlamasına REAKSİYA
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Azərbaycanda məktəbli geyimi ilə bağlı müzakirələrə münasibət bildirərək Azərbaycan xalqının dini əqidəsini qorumaq və məsələləri milli maraqlar çərçivəsində həll etmək iqtidarında olduğunu deyib. O, Bakı ilə Tehran arasında dostluq və qardaşlıq münasibətlərinin belə məsələlərin qarşılıqlı anlaşma və hüquqlara hörmət əsasında həllinə imkan verdiyini vurğulayıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Fazil Mustafa bildirdi ki, bu məsələlərə hansısa dövlətin münasibət bildirməsi tamamilə yanlışdır:
"Dini biz də oxuyuruq, Quranı biz də bilirik və onların anladığı Quranla bizim oxuduğumuz Quranın arasında fərqi də bilirik. Ona görə də bu məsələlərə hansısa dövlətin qarışması doğru və etik sayılmır. Çünki Azərbaycan dövləti dinə, bəlkə də, başqa dövlətlərdən daha çox tolerant münasibət göstərir. Əhalinin də böyük əksəriyyəti müsəlman olduğuna görə onların dəyərlərinə hörmətlə yanaşır, məscidləri təmir eləyir, onlara böyük hüquq və azadlıqlar tanıyır. Məktəb dünyəvi məktəbdir, biz bu cür qayda tətbiq eləmişik. Bunun dini inanca nə aidiyyəti var? Yəni insanlar dini inanclarını yaşayırlar və hər hansı bir hicabla bağlı problem yoxdur".
Millət vəkili nəzərə çatdırdı ki, bu məsələ başqa dövlətlərin müdaxilə edəcəyi məsələ kimi anlaşılmamalıdır:
"Başqa dövlətlər hərəsi öz daxilindəki proseslərə baxmalıdırlar. Ona görə də mən açıq şəkildə bu cür məsələlər üzərindən Azərbaycan dövlətinə hansısa iradın bildirilməsinin əleyhinəyəm. Bu məsələnin hər hansı bir şəkildə Azərbaycanda hicabın məhdudlaşdırılması və ya qadağan olunması kimi təqdim edilməsi yanlışdır. Belə bir çağırış və ya qərar yoxdur. Səmimi dindarların, başqa ölkələrin maraqlarına xidmət etməyən dindarların bu barədə heç bir narahatçılığı yoxdur. İndi İslam adı altında gizlənərək başqa ölkələrin maraqlarını güdən, onlara xidmət edən və bunu öz inancı sayan insanlar varsa, onlar da, nəhayət, öz dövlətlərinin qərarlarını düzgün anlamalı və dövlətlərinin maraqlarına xidmət etməlidirlər".
NURİYYƏ