ARDNF-nin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat
2026-cı ilin yanvar-sentyabr ayları üzrə:
![]()
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, Fondun aktivləri 2026-cı ilin əvvəlinə 73 542 milyon ABŞ dolları (125 021 milyon manat), 2026-cı il sentyabr ayının 30-na isə, 74 004 milyon ABŞ dolları (125 807 milyon manat) təşkil etmişdir.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 12 341,3 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 740,6 milyon manat təşkil etmişdir. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 600,7 milyon manat təşkil etmişdir. Büdcə xərcləri hesabat dövrü üzrə 9 681,2 milyon manat təşkil etmişdir.
Neft-qaz gəlirləri:
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6 570,6 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 565,1 milyon manat məbləğində vəsait daxil olmuşdur.
Büdcə xərcləri:
Büdcədənkənar xərclər:
Hesabat dövründə qızıl qiymətinin və valyuta məzənnələninin dəyişməsindən yaranan büdcədənkənar xərc 1 874,0 milyon manat təşkil etmişdir.
Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri
2026-cı ilin üçüncü rübü ərzində davam edən geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasət ilə bağlı gözləntilər bütün əsas aktiv siniflərinə təsir göstərməkdə davam etdiyindən qlobal maliyyə bazarlarında volatillik yüksək olaraq qalmışdır. Rüb ərzində müşahidə olunan volatilliyə baxmayaraq, qlobal səhm bazarlarında müsbət gəlirlilik qeydə alınmış, dövlət istiqrazları bazarları isə gəlirlilik dərəcələrinin yüksəlməsi fonunda təzyiq altında olmuşdur. Enerji qiymətlərinin artımının təsiri ilə əmtəə bazarlarında əhəmiyyətli yüksəliş müşahidə edilmiş, qızılın qiyməti isə yüksək volatillik nümayiş etdirərək rübün sonuna doğru zəifləmişdir.
Üçüncü rüb ərzində enerji qiymətlərinin yüksəlməsi, davamlı inflyasiya və iqtisadi aktivliyin dayanıqlı qalması faiz dərəcələrinin yüksək səviyyədə saxlanılacağına dair gözləntiləri gücləndirmiş və nəticədə əsas inkişaf etmiş ölkələrdə dövlət istiqrazlarının gəlirlilik dərəcələri artmışdır. Dövlət borclanması ilə bağlı narahatlıqlar və yüksək həcmdə borc qiymətli kağızlarının emissiyası uzunmüddətli istiqrazların gəlirlilik dərəcələrinə əlavə təzyiq göstərmişdir. Gəlirlilik dərəcələrinin artması istiqrazların dəyərinə mənfi təsir göstərmişdir.
Üçüncü rüb ərzində dayanıqlı iqtisadi artım, şirkətlərin güclü maliyyə nəticələri, eləcə də süni intellekt və onunla əlaqəli infrastruktura investisiyaların davam etməsi qlobal səhm bazarlarının yüksəlişini dəstəkləmişdir. Avqust ayında bazarlarda güclü bərpa müşahidə edilmiş, lakin sentyabr ayında istiqraz gəlirliliklərinin və enerji qiymətlərinin yüksəlməsi, eləcə də gərginliklərin yenidən artması investorların gözləntilərinə mənfi təsir göstərərək volatilliyin yüksəlməsinə səbəb olmuşdur. Bu mənfi amillərə baxmayaraq, qlobal səhm bazarları rübü artımla başa vurmuş, şirkətlərin güclü fundamental göstəriciləri isə bazarların daha mürəkkəb makroiqtisadi şəraitə davamlılığını dəstəkləmişdir.
Üçüncü rüb ərzində qızılın qiymətində yüksək volatillik müşahidə edilmişdir. Avqust ayında geosiyasi qeyri-müəyyənliyin yenidən artması və investisiya tələbinin fonunda qızılın qiyməti nəzərəçarpacaq dərəcədə yüksəlmiş, lakin sentyabr ayında ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirlilik dərəcələrinin və ABŞ dollarının möhkəmlənməsi nəticəsində bu tendensiya əks istiqamətdə dəyişmişdir.