azia.az
azia.az

Azər Həsrət: “Türkiyədən bizə qarşı hücumlar olanda hakim partiya susmamalı idi”

Bu gün, 18:47

Azərbaycan və Türkiyə arasında son günlər yaşanan müzakirələr, Türkiyədə bəzi siyasi dairələrin Azərbaycana qarşı sərgilədiyi mövqe və sosial şəbəkələrdə aparılan kampaniyalar gündəmdə qalmaqda davam edir. İki ölkə arasında qardaşlıq münasibətlərinin qorunmasının vacibliyini vurğulayan siyasi şərhçi Azər Həsrət hesab edir ki, Türkiyə xalqı ilə ayrı-ayrı siyasi qrupları bir-birindən fərqləndirmək lazımdır. O, eyni zamanda Azərbaycan əleyhinə kampaniyaların dayandırılması üçün Türkiyənin hakim partiyasının konkret addımlar atmalı olduğunu düşünür.

Siyasi şərhçi Azər Həsrət bu barədə Oxu24.com-a açıqlamasında bildirib ki, nə baş verməsindən asılı olmayaraq, azərbaycanlılar Türkiyədən vaz keçmək niyyətində deyil və iki ölkənin qarşı-qarşıya gəlməsini istəmirlər.



“Mən dəfələrlə demişəm, nə olursa olsun, biz azərbaycanlılar, şəxsən öz adıma deyirəm və əminəm ki, mənim kimi düşünən milyonlarla adam var, heç bir şərt altında Türkiyədən vaz keçən deyilik.

Türkiyəni qarşımıza almayacağıq. Türkiyəyə qarşı olan deyilik. Ümumiyyətlə, bizim üçün Türkiyə Azərbaycan qədər əzizdir, dəyərlidir. Yəni dövlət olaraq, Türkiyənin xalqı olaraq, ümumilikdə. Təbii ki, orada konkret şəxslər və qruplar var, siyasi kəsim var.

Bunlar anti-Azərbaycan olmaqla bərabər, anti-Türkiyədirlər həm də. Yəni onların dərdi türk millətini qarşı-qarşıya gətirməkdir. Ona görə də biz bu məsələləri bir-birindən ayırırıq.

Elə bu cür məsələlər ortaya çıxan kimi, şəxsən mən özüm nəyin nə olduğunu yetərincə anladığıma görə, Türkiyə xalqını bütövlükdə və bizə qarşı olan qrupları bir-birindən ayırıb fikirlərimi bildirirəm.Yəni bizə qarşı olanlar kimdir?

Bir tərəfdə İrandan qidalananlardır. İkinci tərəfdə ərəb kültürünü İslam deyə qəbul etmiş və türklüyü İslamdan sonraya ötürmək istəyənlərdir. Dəfələrlə qarşımıza çıxıb ki, ‘mən öncə müsəlmanam, ondan sonra türkəm’ deyirlər. Yəni bu kəsimdir. Ondan savayı, bizi incidən, narahat edən bunlar da deyil. Daha çox bizi narahat edən AK Parti iqtidarının məsələyə yanaşmasıdır. Yəni biz gözləyirdik ki, tutaq ki, Azərbaycana qarşı bu cür haqsız, ədalətsiz hücumlar olanda AK Parti iqtidarı çıxıb deməli idi ki, Türkiyə dövləti Azərbaycana belə yanaşmır, səsləndirilən bu fikirlər bizə aid deyil, biz bunu qəbul etmirik və sair. Amma biz baxırıq ki, AK Partinin fəalları belə ortalıqda dolaşır, anti-Azərbaycan təbliğatı aparırlar. Hətta iş o həddə çatıb ki, AK Parti trolları anti-Azərbaycan kampaniyaları təşkil edir. Artıq bu, əlavə suallar yaradır”, – deyə Azər Həsrət bildirib.

Siyasi şərhçinin sözlərinə görə, hakimiyyətlər gəlib-gedir, amma Türkiyə xalqı və türk milləti qalır. O, Türkiyədə Azərbaycanla münasibətlərin qorunmasını istəyən siyasi qüvvələrin, jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin də olduğunu vurğulayıb.

“Amma yenə də deyirəm, iqtidarlar gələr-gedər, Türkiyə xalqı yerindədir, türk milləti yerindədir. Türkiyənin ayrı-ayrı siyasi partiyaları var ki, Milliyyətçi Hərəkat Partiyası, Milliyyətçi Türkiyə Partiyası kimi, Ümid Özdağın başçılıq etdiyi partiya, Müsavat Dərvişoğlunun başçılıq etdiyi partiya – bunlar açıq şəkildə Azərbaycanla Türkiyə arasında nifaq salmaq istəyənlərin cavabını verirlər. Əlavə olaraq da jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri var, bizim də tanıdığımız, tanımadığımız. Onlar çox gözəl bəyanatlar verərək vəziyyəti düzəltməyə çalışırlar. Yəni bu, onun göstəricisidir ki, adamlar Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan münasibətlərinin pozulmasının qarşısını almaq istəyirlər.Amma bütün bunlarla paralel bir daha deyirəm, iqtidar partiyası olan AK Parti bu prosesin önündə getməli idi və bizə qarşı kampaniyaların dayandırılması üçün səy göstərməli idi. Hələ ki, o səyi görmürük”, – deyə o qeyd edib.

Azər Həsrət bildirib ki, Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin ayrı-ayrı rəsmi şəxsləri tərəfindən ünvanlanan təbriklər müsbət qarşılanıb.

“Düzdür, Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə, dünən, oktyabrın 18-də Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyənin ayrı-ayrı rəsmiləri Azərbaycanı çox səmimi təbrik etdilər. Biz bu təbrikləri dostyana, əlbəttə, qardaşcasına qəbul etdik və düşünürük ki, artıq bundan sonrakı mərhələdə Türkiyədə bu prosesi dayandırarlar. Dayandırmasalar, əlbəttə, biz də məcburiyyətdən cavab verməli olacağıq. Şəxsən mənə Türkiyədən hansısa iddialara cavab vermək xoş deyil. Arzu etməzdim ki, iki qardaş arasında belə bir şey olsun”, – deyə siyasi şərhçi vurğulayıb.

O, Türkiyədə anti-Azərbaycan kampaniyalarında iştirak edən şəxslərin bir qisminin sosial şəbəkələrdə təhqir və söyüşlərdən istifadə etdiyini də bildirib.

“İkinci bir məqam. Türkiyədən anti-Azərbaycan kampaniyalarında iştirak edənlərin bəlkə də 99 faizi yalnız söyüşlə danışır, yalnız təhqirlə danışır. İslam, müsəlmançılıq, din və sair deyirlər, amma ağızlarını açan kimi küçə söyüşləri, əxlaqsız ifadələrlə Azərbaycana və şəxsən mənim özümə hücum edirlər.Mənim bütün sosial media hesablarım hazırda onların söyüşləri ilə dolub-daşır. Həmin söyüşlərin on qatını bizə söyüş söyənlərin özlərinə qaytarırlar. İstər Türkiyədə, istər Azərbaycanda, istər İranda, istər Rusiyada, istərsə də Ermənistanda”, – deyə Azər Həsrət qeyd edib.

Siyasi şərhçi hesab edir ki, Azərbaycan əleyhinə aparılan kampaniyaların arxasında müxtəlif maraqlı tərəflər dayana bilər. Onun fikrincə, bu məsələyə daha geniş və sağlam yanaşmaq, mümkün təsirləri ayrı-ayrılıqda qiymətləndirmək lazımdır.

“Biz başa düşürük ki, bu kampaniyaları körükləndirənlər arasında, təbii ki, Türkiyədəki məlum mərkəzlərlə yanaşı, İran, Rusiya, Ermənistan, eləcə də İsrail də ola bilər. Bunu da dilə gətiririk. Amma təəssüflər olsun ki, qardaş Türkiyədə məsələyə bizim qədər geniş prizmadan yanaşmırlar. Sağlam yanaşmırlar, ona görə də hakimiyyət heç bir hərəkət eləmir. Eləmədiyinə görə də bizim Azərbaycan vətəndaşları təəccüblə baxırlar ki, niyə qardaş Türkiyənin hakimiyyəti bu prosesi dayandırmır”, – deyə siyasi şərhçi Azər Həsrət açıqlamasında bildirib.

Turan Etibaroğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi