azia.az
azia.az

Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? – VACİB AÇIQLAMA

Bu gün, 18:00

Azərbaycanda Bakı ilə regionlar arasında orta əməkhaqqı səviyyəsində ciddi fərq mövcuddur. Regionlarda gəlirlərin paytaxtla müqayisədə daha aşağı olması kommunal xidmətlərə – elektrik enerjisi, qaz, su və digər xidmətlərə tətbiq olunan tariflərin də diferensiallaşdırılması məsələsini gündəmə gətirir.

Bəs gəlir səviyyəsi nəzərə alınmaqla regionlarda kommunal xidmətlər üçün Bakı ilə müqayisədə daha aşağı tariflərin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, Azərbaycanda iqtisadi siyasətin əsas problemlərindən biri gəlir və xərclərin ayrı-ayrılıqda qiymətləndirilməsidir.


Onun sözlərinə görə, vətəndaşın nə qədər qazandığı ilə yanaşı, həmin gəlirin nə qədər hissəsini məcburi xərclərə yönəltdiyi də nəzərə alınmalıdır:

“Əməkhaqqına bir tərəfdən, kommunal tariflərə isə digər tərəfdən baxılır. Halbuki vətəndaşın həyatında bunlar bir-birindən ayrılmaz məsələlərdir. İnsan nə qədər qazanır və qazancının nə qədərini yaşamaq üçün məcburi xərclərə yönəldir – əsas sual budur”.

Ekspert hesab edir ki, regionlarda orta əməkhaqqı Bakı ilə müqayisədə təxminən iki dəfə aşağıdırsa, bütün ölkə üzrə eyni kommunal tariflərin tətbiqi sosial baxımdan müzakirə olunmalıdır.

“Bakı sakini ilə rayon sakinlərinin gəlirləri eyni deyil, amma elektrik, qaz və su üçün ödədikləri tarif eynidirsə, deməli, dövlət eyni məbləği deyil, fərqli ağırlıqda yükü tətbiq edir”, – deyə Asif İbrahimov vurğulayıb.

Mütəxəssis qeyd edib ki, burada əsas məsələlərdən biri gəlir səviyyəsidir. Onun sözlərinə görə, aşağı gəlirli ailənin büdcəsində kommunal ödənişlərin payı daha yüksək olur.

“1000 manat gəliri olan ailə 100 manat kommunal xərc ödəyirsə, gəlirinin 10 faizini xərcləyir. 500 manat gəliri olan ailə eyni 100 manatı ödəyirsə, gəlirinin 20 faizini itirir. Tarif eyni görünür, amma sosial yük iki dəfə böyükdür”.

Onun fikrincə, bu baxımdan “hamıya eyni tarif” prinsipi avtomatik olaraq sosial ədalət anlamına gəlmir.

“Eyni qiymət müxtəlif gəlir qrupları üçün eyni iqtisadi nəticə yaratmır. Aşağı gəlirli ailə üçün eyni tarif faktiki olaraq daha ağır tarifdir”.

Asif İbrahimovun sözlərinə görə, tariflər müəyyənləşdirilərkən əsas diqqət adətən xidmət təminatçısının xərclərinə, gəlirlərinə və maliyyə dayanıqlığına yönəldilir.

“Bəs vətəndaşın gəliri, alıcılıq qabiliyyəti və həmin tarifin ailə büdcəsindəki payı harada hesablanır? Bir tərəfin xərclərini dəqiq hesablayıb, digər tərəfin ödəmə qabiliyyətini təxminən qiymətləndirmək olmaz”, – deyə ekspert bildirib.

O, elektrik enerjisi, qaz və su kimi xidmətlərin adi kommersiya məhsulları kimi qiymətləndirilməməli olduğunu düşünür.

“İnsan qiymət bahalaşanda su almaqdan və ya elektrik enerjisindən istifadə etməkdən imtina edə bilmir. Buna görə də bu xidmətlərin tarif siyasəti sosial siyasətdən ayrı tutulmamalıdır”, – deyə o əlavə edib.

Ekspert Azərbaycanda gəlir səviyyəsinə uyğun sosial tarif mexanizminin tətbiqini mümkün variantlardan biri hesab edir.

Onun fikrincə, aşağı gəlirli regionlarda yaşayan vətəndaşlara müəyyən minimum istehlak həddinə qədər elektrik enerjisi, qaz və sudan daha aşağı tariflə istifadə imkanı yaratmaq olar. Daha yüksək istehlak üçün isə standart və ya artırılmış tarif tətbiq edilə bilər.

“Beləliklə, dövlət həm sosial müdafiəni təmin edə, həm də israfçı istehlakın qarşısını almaq üçün mexanizm yarada bilər. Əsas məsələ siyasi iradə və düzgün iqtisadi modelin qurulmasıdır.

Tarif siyasətində yalnız “xidmətin maya dəyəri nə qədərdir?” sualı deyil, həm də “bu tarif aşağı gəlirli ailənin gəlirinin neçə faizini aparır?” sualı cavablandırılmalıdır. Bu hesablanmırsa, tarif siyasətinin sosial tərəfi yoxdur.

Vətəndaşın rifahını yalnız maaş deyil, ayın sonunda əlində qalan vəsait müəyyən edir”.

Asif İbrahimov hesab edir ki, ölkədə vətəndaşların real rifahını qiymətləndirərkən yalnız əməkhaqqının artımına diqqət yetirmək kifayət deyil.

“Vətəndaşın maaşını, ərzaq qiymətlərini, kommunal xərclərini və digər məcburi ödənişlərini birlikdə hesablamaq lazımdır. Çünki insanın rifahını əməkhaqqı təkbaşına müəyyən etmir. Əsas məsələ onun əlində ayın sonunda nə qədər vəsaitin qalmasıdır”, – ekspert deyib.

O əlavə edib ki, əməkhaqqı aşağı, kommunal, ərzaq, nəqliyyat və digər zəruri xərclər yüksək olduqda statistik gəlir artımı vətəndaşın real rifahının yüksəlməsi anlamına gəlməyə bilər.

Ekspert hesab edir ki, Azərbaycanda “tarif hamı üçün eynidir” yanaşmasından daha çox “tarif vətəndaşın gəlirinə nisbətdə nə qədər ağırdır?” prinsipi əsas götürülməlidir.

“Eyni tarifin tətbiq edilməsi sosial ədalət demək deyil. Əgər gəlirlər fərqlidirsə, eyni məcburi xərcin sosial nəticəsi də fərqli olur”.

Asif İbrahimovun fikrincə, regionların inkişafından danışarkən həmin ərazilərdə yaşayan insanların gəlir imkanları da nəzərə alınmalıdır.

“Dövlətin vəzifəsi vətəndaşdan hamı ilə eyni məbləği almaq deyil. Dövlətin vəzifəsi onun ödəmə qabiliyyətini, sosial yükünü və real həyat şəraitini nəzərə alan ədalətli tarif sistemi qurmaqdır”, – deyə ekspert bildirib.

Beləliklə, ekspertin yanaşmasına görə, aşağı gəlirli vətəndaş üçün nominal olaraq eyni tarif faktiki olaraq daha yüksək sosial yük yaradır. Bu səbəbdən regionlarda gəlir səviyyəsi nəzərə alınmaqla sosial və ya diferensial kommunal tarif mexanizminin tətbiqi məsələsinin müzakirəyə çıxarılması təklif olunur.

Aynurə İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi