Sevinc Əliyeva: ""Ç" və "C" Azərbaycan dilinin fonetik sisteminə daxil olan, tamamilə qanuni və işlək səslərdir"
Son günlər “Ç” və “C” hərflərinin səslənişi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Belə ki, bir sıra müəllimlər həmin hərflərin rus dilindəki səslənişinə uyğun tələffüz edilməsinin də doğru olduğunu bildirirlər. Buna səbəb kimi əlifbada yer aldığını əsas gətirirlər. Xüsusilə müəllimlərin fərqli yanaşmalarının şagirdlərin dil vərdişlərinə təsiri suallar doğurub.
Pravda.az-a açıqlama verən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva bildirib ki, “Ç” və “C” məsələsində məncə, müzakirənin əsas mahiyyəti bir qədər yanlış istiqamətə yönəlib.
Onun sözlərinə görə, əsas məsələ hərfin əlifbada olub-olmaması deyil, həmin səsin Azərbaycan dilində harada, necə və hansı normaya uyğun tələffüz edilməsidir: ““Əlifbamızda bu hərflər var, deməli, işlətməliyik” demək çox sadə yanaşmadır. “Ç” və “C” Azərbaycan dilinin fonetik sisteminə daxil olan, tamamilə qanuni və işlək səslərdir. Biz “çay”, “çiçək”, “çörək”, “cəmiyyət”, “cavan”, “cəmi” kimi sözlərdə bu səslərdən təbii şəkildə istifadə edirik. Burada heç bir problem yoxdur və heç kim bu səslərin işlədilməsinə qarşı deyil. Problem o zaman yaranır ki, dilin təbii tələffüzü süni şəkildə dəyişdirilir və bu, sanki daha düzgün danışıq nümunəsi kimi təqdim olunur. Hər hansı səsi qəsdən qabartmaq, sözün fonetik quruluşuna uyğun olmayan şəkildə tələffüz etmək və bunu “əlifbada var” arqumenti ilə əsaslandırmaq dilçilik baxımından ciddi yanaşma deyil. Burada xüsusilə bir məsələyə diqqət çəkmək istəyirəm: bunu deyənlərin arasında müəllimlərin olması daha düşündürücüdür. Çünki müəllim şagirdə yalnız qrammatika və qayda öyrətmir, həm də düzgün nitq modeli təqdim edir. Şagird müəllimin danışığını eşidir, onu təqlid edir və çox vaxt eşitdiyini norma kimi qəbul edir. Əgər müəllim özü ədəbi dil norması ilə danışıq vərdişini fərqləndirmirsə, şagird bunu necə fərqləndirəcək? Biz dil məsələlərinə “xoşuma gəlir-gəlmir”, “qulağa belə gəlir-belə gəlmir” səviyyəsində yox, ədəbi dil norması, fonetika və orfoepiya baxımından yanaşmalıyıq”.
Mütəxəssis vurğulayıb ki, “Ç” və “C” səslərinin özünə qarşı çıxmaq düzgün deyil, məsələ bu səslərin dilimizdə olması yox, normadankənar, süni və qulaqdeşən formada qabardılmasının düzgün hesab edilməsi məsələsidir: “Əgər “əlifbada varsa, deməli, istənilən formada işlətmək olar” məntiqini qəbul etsək, onda dilin heç bir orfoepik və orfoqrafik normasına ehtiyac qalmaz. Halbuki əlifba bizə səsləri və onların yazıdakı işarələrini verir, ədəbi dil normaları isə həmin dil vahidlərindən necə istifadə etməli olduğumuzu müəyyənləşdirir. Ona görə də hesab edirəm ki, xüsusilə müəllimlər bu məsələdə daha həssas olmalıdırlar. Çünki dilin sabahkı vəziyyətini yalnız dilçilər deyil, bu gün sinif otağında danışan müəllimlər də müəyyənləşdirirlər. Məni daha çox düşündürən isə odur ki, qeyd etdiyiniz kimi, bu fikri səsləndirənlər arasında müəllimlər də var. Müəllim cəmiyyət üçün sadəcə dərs deyən insan deyil, ədəbi dilin daşıyıcısıdır. Şagird ilk növbədə müəllimin nitqindən düzgün danışmağı öyrənir. Əgər müəllim dialekt, məhəlli tələffüz və ya fərdi danışıq xüsusiyyətini norma kimi təqdim edirsə, bu, gələcək nəsildə dil qarışıqlığı yarada bilər. Bu gün sosial şəbəkələrdə, videolarda və gündəlik ünsiyyətdə müxtəlif tələffüz formaları sürətlə yayılır. Ancaq geniş yayılması onların ədəbi norma olması demək deyil. Dilin inkişafı ilə dil normasının pozulması fərqli anlayışlardır. Ona görə də bu məsələyə emosional deyil, elmi yanaşmaq lazımdır. Əlifba bizə yazı sistemini təqdim edir, orfoepiya isə necə danışmalı olduğumuzu müəyyənləşdirir. Dilimizi qorumağın yolu hərfi mübahisələndirmək deyil, ədəbi dil normalarını düzgün öyrənmək və düzgün öyrətməkdir. Çünki ana dilinin saflığı ilk növbədə düzgün tələffüzdən başlayır”.
Şəhanə Qədirli