azia.az
azia.az

Müəllif hüququ və rəqəmsal mühitdə əsərlərin paylaşılması - Hüquqi sərhədlər

Bu gün, 13:32

Mədinə Dəmirli, Hüquqşünas

Sosial mediada gündəlik rastlaşdığımız bir mənzərə var: kimsə başqasının çəkdiyi fotonu mənbə göstərmədən paylaşır, yaxud da müasir informasiya mühitində jurnalistlər və digər media subyektləri tərəfindən müxtəlif əsərlərin, eləcə də həmin əsərlərə əlavə edilmiş materialların və ya keçidlərin (linklərin) açıq şəkildə paylaşılması halları ilə tez-tez rastlaşırıq. Bu kontekstdə mühüm hüquqi sual yaranır: müəllifin razılığı və ya xəbəri olmadan onun əsərinin, yaxud əsərə edilmiş hər hansı əlavənin ictimaiyyətə açıqlanması və paylaşılması müəlliflik hüquqlarının pozulması kimi qiymətləndirilə bilərmi?

Müəlliflik hüququ dedikdə elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termin nəzərdə tutulur. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadı) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır.

Azərbaycan Respublikasında formalaşmış təcrübəyə və Avropa İttifaqı Ədalət Məhkəmə təcrübəsində müəlliflik hüququ institutunda bənzər tənzimləmələr olduğu qədər də fərqli yanaşmalar da mövcuddur. Belə ki, Azərbaycan qanunvericiliyində müəllif hüququnun müdafiəsi daha klassik mülki-hüquqi yanaşma ilə həyata keçirilir. Mübahisələr “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllənin müvafiq normaları əsasında həll edilir. Məhkəmələr əsasən müəllifin müstəsna hüquqlarının pozulub-pozulmadığını qiymətləndirir və hüquqların bərpası, hüquq pozuntusunun dayandırılması, habelə dəymiş zərərin ödənilməsi kimi müdafiə vasitələrini tətbiq edirlər. Avropa İttifaqı Ədalət Məhkəməsi presedentlərindən fərqli olaraq, müəllif hüququ ilə digər fundamental hüquqlar (ifadə azadlığı, məlumat əldə etmək hüququ və s.) arasında “fair balance” prinsipinə əsaslanan geniş məhkəmə təcrübəsi Azərbaycan məhkəmə sistemində hələ formalaşmamışdır.

Bəs "fair balance" prinsipi dedikdə nə nəzərdə tutulur?

"Fair balance" prinsipə əsasən, müəllif hüququ mütləq xarakter daşımır və onun həyata keçirilməsi zamanı müəlliflərin əqli mülkiyyət hüquqları ilə digər fundamental hüquqlar arasında ədalətli tarazlıq qorunmalıdır. Bu yanaşma xüsusilə Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyasında təsbit olunmuş ifadə və məlumat azadlığı, şəxsi həyatın toxunulmazlığı, sahibkarlıq azadlığı, elm və təhsil hüququ kimi hüquqların təmin edilməsinə xidmət edir. Avropa İttifaqı Ədalət Məhkəməsi öz təcrübəsində dəfələrlə vurğulamışdır ki, müəllif hüquqlarının müdafiəsi qanuni məqsəd olsa da, bu müdafiə digər fundamental hüquqların qeyri-mütənasib şəkildə məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Buna görə də hər bir konkret mübahisədə məhkəmə tərəflərin hüquq və mənafelərini qiymətləndirərək onların arasında ədalətli balansın qorunub-qorunmadığını müəyyən edir.
Spiegel Online GmbH v. Volker Beck (C-516/17, 2019) işində mübahisə Almaniya siyasətçisi Volker Beckin 1988-ci ildə yazdığı məqalənin sonradan yenidən ictimaiyyətə təqdim edilməsi ilə bağlı yaranmışdır. Beck iddia edirdi ki, nəşriyyat onun məqaləsində icazəsi olmadan dəyişikliklər etmiş və əsərin məzmununu təhrif etmişdir. 2013-cü ildə seçki kampaniyası zamanı bu məsələ yenidən gündəmə gəlmiş, Beck orijinal əlyazmanı jurnalistlərə təqdim etsə də, onun sərbəst şəkildə dərc edilməsinə razılıq verməmişdir. Buna baxmayaraq, Spiegel Online öz xəbərində həm əlyazmaya, həm də kitabda dərc olunmuş versiyaya hiperkeçidlər yerləşdirərək oxucuların həmin sənədləri tam şəkildə əldə etməsinə imkan yaratmışdır. Beck bunu müəllif hüquqlarının pozulması hesab edərək məhkəməyə müraciət etmişdir. İş üzrə əsas hüquqi mübahisə mətbuatın cari hadisələri işıqlandırmaq və sitat gətirmək hüququ ilə müəllifin müstəsna hüquqları arasında balansın necə təmin edilməsindən ibarət olmuşdur.

Avropa İttifaqı Ədalət Məhkəməsi qeyd etmişdir ki, müəllif hüququ ilə ifadə və məlumat azadlığı arasında tarazlıq Direktiv 2001/29/EC-in 5-ci maddəsində nəzərdə tutulmuş istisna və məhdudiyyətlər çərçivəsində təmin edilməlidir. Məhkəmənin fikrincə, mətbuat azadlığı və məlumat əldə etmək hüququ müəllif hüququna dair yeni istisnaların yaradılmasına əsas vermir. Bununla yanaşı, milli məhkəmələr konkret mübahisələri həll edərkən müəllifin əqli mülkiyyət hüququ ilə ictimaiyyətin məlumat almaq hüququ arasında ədalətli balans (fair balance) yaratmalı, müəllif hüququnu mütləq hüquq kimi deyil, digər fundamental hüquqlarla uzlaşdırılmalı olan hüquq kimi qiymətləndirməlidirlər. Məhkəmə həmçinin vurğulamışdır ki, cari hadisələrin işıqlandırılması məqsədilə əsərdən istifadə üçün müəllifin əvvəlcədən razılığı hər bir halda tələb olunmur və sitat hüququ müəyyən şərtlər daxilində hiperkeçid vasitəsilə də həyata keçirilə bilər.

Beləliklə, müəllifin razılığı olmadan əsərin və ya ona aid materialların paylaşılması hər bir halda müəlliflik hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Bu məsələyə hüquqi qiymət verilərkən paylaşımın məqsədi, istifadə forması, qanunvericilikdə nəzərdə tutulmuş istisnaların tətbiqi və müəllifin hüquqları ilə ictimai maraq arasında ədalətli tarazlığın qorunması nəzərə alınmalıdır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi