TikTok falçıları Azərbaycanda minlərlə adam aldadılıb
Son dövrlər xüsusilə TikTok platformasında falçılıq, "enerji təmizləmə", "qismət açma", "gələcəyi görmə" və oxşar məzmunlu xidmətlər təklif edən şəxslərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu cür canlı yayımların geniş auditoriya toplaması, eləcə də onlara müraciət edən insanların sayının çoxalması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur. Belə ki, insanların bu xidmətlərə üz tutmasının səbəbləri, sosial şəbəkələrin təsiri və bunun doğura biləcəyi nəticələr diqqət çəkir.
Bəs insanları falçılıq və mistik xidmətlərə inandıran amillər nələrdir, bu tendensiya cəmiyyətə necə təsir göstərir və dini baxımdan buna münasibət necədir?
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, rəqəmsal cəmiyyətin formalaşması ilə insanların gündəlik fəaliyyətinin mühüm hissəsi sosial şəbəkələrə keçir və bu proses falçılıq kimi qeyri-qanuni fəaliyyətlərin də virtual mühitə daşınmasına səbəb olub.
Onun sözlərinə görə, bu, sosial şəbəkələrin geniş yayılması fonunda baş verən reallıqdır:
“Biz rəqəmsal cəmiyyətdə, sosial şəbəkə reallığında yaşayırıq. Bu reallıqda insanlar müxtəlif fəaliyyətlərini, həyatlarının bir hissəsini sosial şəbəkələrə daşıyırlar. Çünki insanların həyatının böyük bir hissəsi artıq sosial şəbəkələrlə bağlıdır. Falçılıq və buna bənzər qeyri-qanuni fəaliyyətlər də təəssüf ki, sosial şəbəkələrə daşınıb. Bu da zamanın çağırışları fonunda baş verən prosesdir”.
Sosioloq qeyd edib ki, istifadəçilər həm real, həm də virtual mühitdə bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar:
“İstər TikTok platformasında, istərsə də digər sosial şəbəkələrdə istifadəçilər bilməlidirlər ki, necə real həyatda bu cür əməllər hoqqabazlıq hesab olunursa, virtual məkanda da eyni hüquqi qiymətə malikdir və bunun hüquqi məsuliyyəti var. Sadəcə, insanlara daha əlçatan olmaq üçün bu tip fəaliyyətlər sosial şəbəkələr üzərindən həyata keçirilir və izləyicilər də onların, dırnaqarası, ‘xidmət’lərindən istifadə etməyə çalışırlar”.
Ü.Şəfiyev vurğulayıb ki, bu cür fəaliyyətlər cəmiyyət üçün təhlükəlidir:
“Bu, açıq şəkildə dələduzluqdur. Həm cəmiyyət baxımından, eləcə də hüquqi baxımdan qeyri-məqbul fəaliyyət sahəsidir. İnsanlar belə dələduzların tələsinə düşməməli, bu cür vədlərə inanmamalıdırlar”.
Sosioloqun sözlərinə görə, hüquq-mühafizə orqanları virtual məkanda da bu kimi hallara qarşı mübarizə aparır:
“Necə ki, real həyatda belə hallarla bağlı hüquqi tədbirlər görülür, eyni qaydada virtual məkanda da bu fəaliyyətlə məşğul olan şəxslərə qarşı profilaktik və preventiv tədbirlər həyata keçirilir. Bununla bağlı artıq bir neçə konkret fakt və nümunə də mövcuddur”.
Ü.Şəfiyev həmçinin vətəndaşları diqqətli olmağa da çağırıb:
“İnsanlar diqqətli olmalıdırlar ki, bu cür hoqqabazlıq edən falçıların və dələduzların tələsinə düşməsinlər”.
Psixoloq Nizami Orucov deyib ki, son dövrlərdə sosial şəbəkələrdə falçılıq və müxtəlif mistik xidmətlər təklif edən hesabların sayının artması təsadüfi deyil. Bu, ilk növbədə insanların qeyri-müəyyənliklə necə mübarizə aparması ilə bağlıdır.
Onun sözlərinə görə, insan öz həyatı üzərində nəzarəti itirdiyini hiss etdikdə və çıxış yolu tapa bilmədikdə, ona müəyyənlik və ümid vəd edən hər hansı mənbəyə yönəlməyə daha meyilli olur.
“Xüsusilə stress, ayrılıq, maddi çətinlik, xəstəlik və ya işsizlik kimi böhran dövrlərində insanlar emosional baxımdan daha həssas olurlar. Belə vaxtlarda məntiqdən daha çox ümid hissi ön plana keçir. Falçılar da əksər hallarda məhz bu həssaslıqdan istifadə edərək insanların eşitmək istədiyi fikirləri söyləyirlər”.
Psixoloq qeyd edib ki, bu prosesdə psixologiyada təsdiqləmə meyli (confirmation bias) adlandırılan amil də mühüm rol oynayır:
“İnsan falçının dediklərindən təsadüfən doğru çıxan bir-iki məqamı xatırlayır, uyğun gəlməyən çoxsaylı fikirləri isə nəzərə almır. Bundan əlavə, falçılar adətən kifayət qədər ümumi və əksər insanlara aid edilə biləcək ifadələr işlədirlər. İnsan isə həmin fikirləri öz həyatına uyğunlaşdıraraq onların məhz özünə aid olduğunu düşünür”.
N.Orucovun sözlərinə görə, falçıların dediklərinə həddindən artıq inanmaq bir sıra psixoloji risklər yarada bilər:
“Ən böyük təhlükələrdən biri insanın qərarvermə məsuliyyətini tədricən öz üzərindən götürməsidir. O, şəxsi seçimlərini və gələcəyini öz dəyərlərinə, məntiqinə və real məlumatlara əsasən deyil, falçının dediklərinə əsasən qurmağa başlayır. Bu isə zaman keçdikcə insanın özünəinamını və müstəqil qərar vermək bacarığını zəiflədə bilər”.
Psixoloq bildirib ki, bəzi hallarda bu inam insanların narahatlığını daha da artırır:
“Məsələn, falçı mənfi bir proqnoz verdikdə insan daim həmin hadisənin baş verəcəyini gözləyir, hətta adi təsadüfləri belə bunun əlaməti kimi qəbul edə bilir. Bu vəziyyət uzun müddət davam etdikdə təşviş, qorxu və emosional asılılıq yarana bilər”.
N.Orucov vurğulayıb ki, insanların fərdi inanclarına hörmətlə yanaşmaq vacibdir. Lakin psixoloji problemlər, ailə münaqişələri, depressiya, təşviş və ya mühüm həyat qərarları ilə bağlı məsələlərdə çıxış yolu elmi əsaslara söykənən peşəkar dəstəkdir:
“Belə hallarda insanın ehtiyacı gələcəyi təxmin etmək deyil, mövcud vəziyyəti sağlam şəkildə qiymətləndirərək düzgün qərar verməsinə kömək edəcək psixoloji və ya tibbi dəstək almaqdır”.
Məsələyə dini nöqteyi-nəzərdən aydınlıq gətirən ilahiyyatçı Ağa Hacıbəyli isə qeyd edib ki, İslam dinində falçılıq, sehrbazlıq və qeybi bildiyini iddia edən şəxslərə inanmaq qəbul edilmir və bununla bağlı Qurani-Kərimdə açıq hökmlər var.
Onun sözlərinə görə, Qurani-Kərimin "Nəml" surəsinin 65-ci ayəsində bu məsələyə aydın şəkildə münasibət bildirilir:
“Quranda 'Nəml' adında bir surə var. Həmin surənin 65-ci ayəsində Uca Yaradan bu cür yanlış yol seçən, insanlara zərər vurmağa çalışan, onların hissləri və duyğuları ilə oynayan ümid tacirlərinə, yəni falçılara, sehrbazlara, insanlara qismət açdığını, qeybi bildiyini iddia edən kahinlərə cavab verir. Ayədə bildirilir ki, yerdə və göydə Allahdan başqa qeybi bilən heç kim yoxdur”.
A.Hacıbəyli bildirib ki, son dövrlər sosial şəbəkələrdə, xüsusilə də TikTok platformasında canlı yayımlar açaraq insanları aldatmağa çalışan falçıların fəaliyyəti də bu qəbildəndir:
“Bu cür falçıların zaman-zaman, hətta TikTok-da canlı yayımlar açaraq insanların zehinlərini, həyat yollarını və şüurlarını zəhərləməyə çalışmaları, onların düşüncələrinə bu cür parazit fikirlər yeritmələri, insanları Allah yolundan uzaqlaşdırmağa çalışmaları əslində Quranda cavabını tapmış məsələlərdir”.
İlahiyyatçı qeyd edib ki, bu cür şəxslər tarix boyu mövcud olub və gələcəkdə də olacaq:
“Bu ünsürlər tarixin dərinliklərindən bu günə qədər gəlib çıxıblar. Təkcə bu gün mövcud deyillər. Dünən də olublar, ondan əvvəl də olublar. Əlbəttə ki, sabah da olacaqlar. Burada əsas məsələ insanların ayıq və sayıq olması, dini dəyərlərinə bağlı qalmasıdır”.
Onun sözlərinə görə, insanlar daha çox çətin vəziyyətə düşdükləri zaman bu cür şəxslərin təsirinə məruz qalırlar:
“İnsanın etiqadı və inancı zəif olduqda, çarəsiz qaldıqda, həyatında müsibətlə üzləşdiyi zaman bilmir hara getsin, nə etsin. Belə olduqda yanlış qapını döyür. O qapı da ya sehrbazın, ya kahinin, ya da falçının qapısı olur. Həmin tələyə düşəndən sonra isə min bir yalan, hiylə və fəlakətlə üz-üzə qalır”.
A.Hacıbəyli vurğulayıb ki, cəmiyyətin dini maarifləndirilməsi bu kimi halların qarşısının alınmasında mühüm rol oynayır:
“İnsanlar dini və mənəvi dəyərlərimizi nə qədər yaxşı öyrənsələr, onlara nə qədər yaxşı bələd olsalar, bir o qədər sağlam həyat yaşayarlar. Belə olduqda falçıların tələsinə düşməz, onların qazdığı çuxurlarda ömürlərini zay etməzlər”.