İcra başçısı torpaqları BELƏ TALAYIB – ŞİKAYƏT – VİDEO
Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların yerli məmurlar tərəfindən mənimsənilməsi və sakinlərə məxsus pay torpaqlarının qanunsuz zəbt edilməsi ilə bağlı ciddi faktlar üzə çıxıb. Bu barədə Füzuli rayon sakinləri öz şikayətləri zamanı bildiriblər.
NOCOMMENT.az xəbər verir ki, vətəndaşlar Beyləqan rayonu ilə Veysəlli kəndi arasındakı 4 min hektarlıq nəhəng taxıl sahələrinin 2015-ci ildə “iri təsərrüfatların yaradılması” adı altında ələ keçirildiyini iddia edirlər.
Sakinlərin bildirdiyinə görə, həmin ərazinin 2 min hektarı Füzuli rayonunun icra başçısı Alı Alıyev və onun birinci müavini Bağır Aslanovun nəzarətindədir. Digər sahələrin isə Seyidhüseyn Abbasovun və rayon rəhbərliyində təmsil olunan şəxslərin yaxın qohumlarının adına rəsmiləşdirildiyi vurğulanır. Şikayətçilər qeyd edir ki, artıq 10 ildir bu torpaqlar həmin şəxslər tərəfindən şəxsi qazanc mənbəyinə çevrilib, rayonun sadə zəhmətkeşləri isə torpaqsız qalıb.
Xüsusilə vurğulanır ki, rayon rəhbərliyi dövlət məmuru kimi deyil, kommersant kimi fəaliyyət göstərərək əhalinin haqqını qəsb edir. Şikayətçi sakinlər öz pay torpaqlarının hələ 2012-ci ildən alındığını və əvəzində heç bir sahə verilmədiyini, dəfələrlə edilən müraciətlərin isə nəticəsiz qaldığını bildirirlər. Bu sosial ədalətsizliyin aradan qaldırılması üçün ölkə rəhbərliyinə üz tutan vətəndaşlar, cənab Prezident İlham Əliyevin yerli icra hakimiyyətlərinin qanunsuzluqlarına qarşı ictimai nəzarət çağırışına güvəndiklərini bəyan ediblər. Onlar qeyd ediblər ki, əgər mənimsənilən torpaqlar geri qaytarılmasa, keçmiş icra başçısının gizli saxlanılan digər mülkləri və vəsaitləri barədə də hüquq-mühafizə orqanlarına geniş məlumatlar təqdim olunacaq.
Qeyd: Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.
Aliyə,
NOCOMMENT.az