Bələdiyyə vergi yığır və torpaq satır, bəs kənd camaatına niyə çadır almır? - İlahiyyatçı SƏRT DANIŞDI
Azərbaycanda yas mərasimlərinin təşkili ilə bağlı sosial məsələlər yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə, yas çadırlarının təmin olunması məsələsi cəmiyyətdə fikir ayrılığı yaradıb: bu xidmət dövlət və ya bələdiyyə tərəfindən pulsuz şəkildə sosial dəstək kimi təqdim edilməlidir, yoxsa müəyyən ödəniş əsasında göstərilməsi daha ədalətli və davamlı yanaşma sayılır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, yas məsələsinin ticarət predmetinə çevrilməsi doğru deyil:

“Yasdan pul qazanmaq qəbahətdir. Yası düşən adama təmənnasız maddi və mənəvi kömək olunmalıdır. Təbii ki, əhalinin bu kimi tələbatını bələdiyyə qarşılamalıdır. Qəsəbələrdə yas məclislərinin keçirilməsi üçün ödənişsiz məkanlar olmalıdır. Əgər bu yoxdursa, bələdiyyə çadır təşkil etməlidir”.
Onun sözlərinə görə, mövcud sosial-iqtisadi şəraitdə bir çox ailənin bu xərcləri qarşılamaq imkanı yoxdur:
“İndiki şəraitdə əksər insanların buna imkanı çatmır. Çünki sosial vəziyyət gündən-günə ağırlaşır. Əgər bələdiyyə və ya müvafiq dövlət qurumu bu xidməti göstərmirsə, imkanı çatan şəxslər icarə verənlərdən çadır götürə bilər. Amma burada da qiymətlər süni şəkildə artırılmamalıdır”.
İlahiyyatçı hesab edir ki, bələdiyyələrin bu istiqamətdə daha aktiv olması vacibdir:
“Bələdiyyənin çadırı olsa, yası düşənlər götürüb istifadə edə, sonra da təhvil verə bilər. Bələdiyyə vergi pulu yığa, torpaq sata bilir, amma kənd camaatına bir çadır ala bilmir? Niyə əhali yaslı halda çöllərə düşüb çadır axtarmalıdır? İctimai tədbirlərə və məclislərə şərait yaratmaq bələdiyyə və digər aidiyyəti dövlət qurumlarının vəzifəsi və borcudur”.
Aynurə İsmayıl