azia.az
azia.az

Ehtiyac yarananda niyə uyğun qan tapmaq olmur? - VACİB AÇIQLAMA

Bu gün, 18:27

Qan banklarında ümumi ehtiyatın kifayət qədər olduğu bildirilsə də, bir çox hallarda xəstələr üçün təcili lazım olan qanı tapmaq çətinləşir. Xüsusilə, nadir qan qrupları və mənfi rezus faktoruna malik qanlarla bağlı yaranan çatışmazlıq bu sahədə suallar doğurur.

Bəs ümumi qan ehtiyatı mövcud olduğu halda, niyə ehtiyac yaranan anda uyğun qan tapmaq problemə çevrilir?

Bu barədə KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, qan banklarında ümumi ehtiyat mövcud olsa da, əsas məsələ konkret anda tələb olunan qan qrupunun əlçatanlığı ilə bağlıdır.


CROSSMEDIA - Onkoloji xəstələrə şad xəbər: Artıq bu da mümkün olacaq

Onun sözlərinə görə, əhali sayının çoxalması, xəstəliklərin cavanlaşması və qan tələbatının yüksəlməsi bu sahədə yükü artırır:

“Əslində qan bankında kifayət qədər qan ehtiyatımız var. Sadəcə bəzi hallarda konkret qan qrupunu tapmaq olmur. Daha çox 1-ci və 2-ci qan qrupları olur. Çətin tapılan isə 4-cü, eləcə də 3-cü qan qrupudur. Xüsusilə mənfi rezus qanı tapmaq daha çətindir. Çünki bu qan növü az rast gəlinir və qan banklarında da ehtiyatı məhdud olur”.

F.Museyibov qeyd edib ki, əvvəllər 1-ci qan qrupu universal donor hesab olunduğu üçün müxtəlif qan qruplarına köçürülə bilirdi.

“Lakin son elmi araşdırmalar göstərir ki, daha təhlükəsiz yanaşma xəstəyə öz qan qrupuna uyğun qanın köçürülməsidir.

İndi məsləhət görülür ki, kim hansı qan qrupudursa, ona həmin qrupdan qan köçürülsün. Bu da uyğun donor tapılmasını daha vacib edir”.

Həkim vurğulayıb ki, bu səbəbdən ümumi ehtiyatın olması hər zaman konkret xəstə üçün lazım olan qanın dərhal tapılacağı anlamına gəlmir. Xüsusilə nadir qan qrupları üçün donor bazasının genişləndirilməsi vacib olaraq qalır.

Aynurə İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi