İlahiyyatçı: “Qorxu insanı həm psixoloji zəiflədir, həm də müxtəlif saxta cadugərlərin təsiri altına salır”
Son vaxtlar sosial şəbəkələrdə caduda pişik tükündən istifadə edilməsi ilə bağlı iddialar yenidən müzakirə olunur. Pişik tükünün caduda hansı məqsədlə istifadə edildiyi ilə bağlı isə cəmiyyətdə fərqli fikirlər mövcuddur. Bəzi insanlar pişik tükünün mənfi enerji daşıdığına və caduda istifadə olunduğuna inanır, digərləri isə bunu sadəcə xurafat hesab edir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, kimlər belə inancları özlərində hiss edirlərsə, onlarda daha çox müşahidə olunur.
O bildirib ki, İslamda sehr və ya cadu anlayışı, ümumiyyətlə, inkar edilmir: “Sehr və cadunun təsiri müəyyən mənada insanlarda özünü göstərir. Adam elə bilir ki, ona sehr olunub, baxıcı və falçının sözləri ilə özünə sehr olunduğuna inanır və bu da özündə mənfi formalaşma yaranmasına səbəb olur. “Qurani-Kərim”də açıq şəkildə sehrdən bəhs edilir. Xüsusilə Bəqərə surəsinin 102-ci ayəsində bildirilir ki, insanlar sehr öyrənirdilər, lakin bu bilik onlara zərər verirdi və fayda gətirmirdi. Ayədə deyilir ki, onlar ər ilə arvadın arasını ayıracaq şeylər öyrənirdilər, amma Allahın izni olmadan heç kimə zərər verə bilməzdilər. Bu, çox mühüm nöqtədir. Yəni səbəb nə olursa olsun, nəticə müstəqil deyil, ilahi iradədən kənar deyil. Eyni zamanda “Qurani-Kərim” Fələq surəsində Peyğəmbərimizə (s.ə.s) sehr edənlərin şərindən Allaha sığınmaq əmr olunur. Bu isə göstərir ki, belə hallar olub, amma müsəlmanın mövqeyi qorxu deyil, Allaha sığınmaqdır. Həm də bu fikri özündən tamamilə uzaq tutmaqdır. Hədislərdə də bu mövzuya toxunulur. Məhəmməd peyğəmbər (s.ə.s) buyurur ki, yeddi böyük günahdan biri də sehrdir. Bu isə göstərir ki, sehrlə məşğul olmaq ciddi mənəvi və dini pozuntudur. Böyük alimlərdən İmam Qəzali sehri iki hissəyə ayırır: bir hissəsi psixoloji təsir, aldatma və illüziya ilə bağlıdır, digər hissəsi isə insanın şeytani qüvvələrlə əlaqə qurmağa çalışmasıdır. Hər iki halda bu, haramdır və insanı mənəvi cəhətdən zədələyir”.
Ə.Həsənov qeyd edib ki, nə Quranda, nə də səhih hədislərdə konkret olaraq hansısa heyvanın tükü ilə sehr edilməsinə dair xüsusi bir mexanizm göstərilir: “Konkret olaraq “pişik tükü ilə cadu” məsələsinə gəldikdə, burada çox vaxt xalq arasında dolaşan miflər elmi və dini həqiqətlə qarışdırılır. Yəni, məhz “pişik tükü ilə edilən xüsusi bir sehr sistemi var” demək üçün dini mənbələrdə açıq dəlil yoxdur.
Bu tip inanclar daha çox folklor, xalq təfəkkürü və qorxu psixologiyası ilə bağlıdır. İnsan tarix boyu başına gələn izah edə bilmədiyi hadisələri konkret obyektlərə bağlamağa çalışıb. Bəzən saç, bəzən paltar, bəzən də heyvan tükləri bu məqsədlə istifadə edilib. Amma bu, həmin şeylərin özündə müstəqil güc olması demək deyil. Müasir elmdə isə belə təsirlər izah edilərkən daha çox psixoloji mexanizmlər önə çıxır. Məsələn, Ziqmund Freyd və Carl Jung kimi tədqiqatçılar göstərirdilər ki, insanın şüuraltı qorxuları və inamları onun davranışına və hətta fiziki vəziyyətinə təsir edə bilər. Yəni bir insan hansısa cadunun ona edildiyinə inanırsa, bu inam onun psixikasında real təsir yarada bilər. Bu, artıq bioloji və sinir sistemi səviyyəsində reaksiyalar doğurur. Bəzi ateist və skeptik alimlər isə ümumiyyətlə sehr anlayışını psixoloji təsir, təsadüf və manipulyasiya ilə izah edirlər. Onların fikrincə, real “metafizik təsir” yoxdur, sadəcə, insanın qorxu və inamı idarə olunur. Xüsusilə saxtakarlıq və aldatma hallarında bu yanaşmanın da müəyyən həqiqət payı var. Amma burada orta bir mövqe daha sağlam görünür. İslam deyir ki, qeyri-adi təsirlər mümkündür, lakin bu təsirlər müstəqil deyil və hər şey Allahın iradəsi ilə baş verir. Digər tərəfdən, insanların böyük bir hissəsi bu mövzuda aldadılır və qorxu üzərindən istismar olunur. Pişik tükü ilə cadu məsələsində əsas problem budur ki, insanlar səbəbi səhv yerdə axtarır. Belə bir şey istifadə olunursa belə, bu, sadəcə vasitə kimi görülə bilər, özü güc mənbəyi deyil. Əsas məsələ insanın niyyəti, etdiyi günah və şeytani yollara yönəlməsidir. Yəni günah sehrdədir, pişik tükündə heç bir günah yoxdur”.
İlahiyyatçı vurğulayıb ki, bu mövzuda ən təhlükəli tərəf insanların qorxuya düşməsidir: “Qorxu insanı həm psixoloji zəiflədir, həm də müxtəlif saxta cadugərlərin təsiri altına salır. Halbuki “Qurani-Kərim” açıq deyir ki, mömin insan Allaha təvəkkül edərsə, ona heç bir zərər toxunmaz. Bir sözlə, onu deyə bilərəm ki, İslamda sehr anlayışı var və bu, böyük günahdır. Amma konkret olaraq pişik tükü ilə edilən xüsusi və müstəqil təsirə malik cadu sistemi dini baxımdan sübut olunmuş bir şey deyil. Bu daha çox qorxu, xalq inancları və bəzi hallarda manipulyasiya ilə bağlıdır. Əsas qorunma yolu isə sadədir: iman, dua, düzgün düşüncə və qorxuya təslim olmamaqdır. İnsan unutmamalıdır ki, güc obyektlərdə deyil, Allahın iradəsindədir. Qorxu ilə deyil, anlayışla yanaşdıqda bu cür mövzular öz yerini tapır. Əsas məsələ budur ki, falçılara, cadugərlərə gedib, onlardan nəsə soruşmaq tamamilə insanda mənfi auralar yaradır. Çünki, onlar çox yaxşı şəkildə səni aldadıb təsir altına sala bilirlər. Adi bir sözlə səni inandırmağa nail olurlar. Onların yanına getməmək, sözlərini təsdiq etməmək, onlardan uzaqlaşmaq lazımdır ki, həyatda batil inancları tərk eləmiş olasan. Yoxsa onlar həm sizin pulunuzu haqsız yerə mənimsəyir, həm də sizdə mənfi, neqativ fikirlər yaradaraq sizdə müxtəlif xəstəliklər yaranmasına səbəb ola bilərlər. Belə yanlış inancları fikrindən və özündən uzaq tutmaqla sağlam həyat, sağlam düşüncəyə sahib olmaq olar”.
Şəhanə Quliyeva