Ombudsman Aparatında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib
Ombudsman Aparatında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Ombudsman Səbinə Əliyeva açılış nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş bu əlamətdar günün dövlətimiz tərəfindən gənclərə verilən yüksək dəyərin və etimadın rəmzi olduğunu bildirib.
Müvəkkil Prezident İlham Əliyev tərəfindən gənclərin təhsili, intellektual və fiziki inkişafı, eləcə də onların ictimai-siyasi proseslərdə fəal iştirakının təmini istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib.
Ombudsman Azərbaycan gənclərinin dövlətçilik tariximizin həlledici anlarında hər zaman fədakarlıq nümayiş etdirdiyini, İkinci Qarabağ müharibəsi zamanı rəşadət və şücaətinin onların Vətənə olan sevgisini bir daha hər kəsə nümayiş etdirdiyini diqqətə çatdırıb.![]()
Səbinə Əliyeva Ombudsman Aparatında gənclərin hüquqi biliklərinin artırılmasına və hüquqi maarifləndirmə prosesinə cəlb olunmasına xüsusi önəm verildiyini qeyd edib, mütəmadi olaraq gənclərin iştirakı ilə maarifləndirici tədbirlərin, görüşlərin və təlimlərin keçirildiyini bildirib.
Sonra Ombudsman Aparatının əməkdaşları Vəli Quliyev və Həşim Güləmirov, Ombudsmanın xüsusi təqaüdünü qazanmış Bakı Dövlət Universitetinin tələbəsi Nuray Hüseynli və Ombudsman Aparatında könüllü fəaliyyətə cəlb olunmuş gənc Fatimə Allahverdiyeva ölkəmizdə gənclərin inkişafı üçün əlverişli şəraitin yaradıldığını bildirib, dövlətimizin bu sahədə gənclərə olan qayğı və diqqətini hiss etdiklərini vurğulayıblar.![]()
Tədbir zamanı 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müraciəti səsləndirilib.
Tədbirdə Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub.