azia.az
azia.az

Canlı yayımda pul yığaraq dələduzluq edənləri BU CƏZALAR GÖZLƏYİR

Bu gün, 08:19

“TikTok” platformasında açılan canlı yayımların bir çoxu insanlardan yardım toplamaq məqsədilə açılır. Müxtəlif xəstəlikləri olan şəxslər, sosial müdafiəsi olmayan ailələr üçün başqaları və ya birbaşa özləri tərəfindən yardım istənilir. Bəziləri pulların hara xərcləndiyini şəffaf şəkildə göstərsə də, bir çoxları bunu etmir. Yığılan pulların ünvana çatıb-çatmaması ilə bağlı insanlarda sual yaranır. 

Canlı yayımda pul yığaraq dələduzluq edənləri hansı cəza gözləyir?

Patrul.az Mövzu ilə bağlı sualları cavablandırması üçün Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərova müraciət edib.

O bildirib ki, sosial şəbəkələrdə, xüsusən TikTok-da, yardım adı ilə icazəsiz pul yığmaq qanunsuzdur və dələduzluq olaraq Cinayət Məcəlləsinin 178-ci maddəsi kimi qiymətləndirilərək cinayət məsuliyyətinə səbəb olur:

“Qanuni ianə kampaniyaları yalnız aidiyyəti qurumların icazəsi ilə mümkündür. İnsanların etibarından sui-istifadə edərək vəsait toplayanlar ifşa olunur və cəzalandırılır.

İanə, fiziki və ya hüquqi şəxslər tərəfindən xeyriyyəçilik, sosial və ya qeyri-kommersiya məqsədləri üçün könüllü olaraq maliyyə vəsaiti və ya maddi yardımın təqdim edilməsidir. Əgər pul yığan şəxs bütün toplanmış vəsaiti tam şəkildə elan olunan məqsəd üzrə xərcləyibsə, bu halda dələduzluq tərkibi yaranmır.

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinə deyilir ki, — İanə – qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşı, yaxud Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi) tərəfindən bu Qanunla nəzərdə tutulmuş qaydada maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımdır”.media-inshot_20260130_122021379

Hüquqşünas əlavə edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə – min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Bu məcəllədə nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə – yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir”.

Ləman Sərraf


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi