azia.az
azia.az

AMEA-da Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

Bu gün, 13:30


 Dekabrın 26-da AMEA Rəyasət Heyətində Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından biri olan görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq konfransın Azərbaycan Respublikası Prezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli Sərəncamına əsasən keçirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından biri, görkəmli ictimai-siyasi xadim Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib və Akademiyanın elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində geniş tədbirlər keçirilir. 

Akademik İsa Həbibbəyli bildirib ki, Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının Sərəncamı həm görkəmli şəxsiyyətə, həm də bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinə dövlət səviyyəsində verilən yüksək dəyərin əməli ifadəsidir. Son dövlərdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin qeyd olunması ilə bağlı dövlət başçısının imzaladığı sərəncamlarda Milli Elmlər Akademiyasının üzərinə də vəzifələr qoyulduğunu deyən AMEA rəhbəri akademik Yusif Məmmədəliyevin 120, akademik Mustafa Topçubaşovun 130, Üzeyir Hacıbəylinin 140, Seyid Əzim Şirvaninin 190 illiyi və digər dövlət sənədlərinin bu qəbildən olduğunu vurğulayıb, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinə, elmimizə, ziyalılarımıza göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan elminin qarşısında azərbaycançılıq dəyərlərinin qorunması, tariximizin yenidən yazılması kimi mühüm vəzifələr qoyub və bugünkü konfrans dövlət başçısının çağırışlarının icrası istiqamətində Akademiyada atılmış növbəti addımdır. Hazırda AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan tarixinin yenidən yazılması istiqamətində ciddi işlərin həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli, o cümlədən Fətəli xan Xoyskinin həyatı və fəaliyyətini geniş əks etdirən sanballı monoqrafiyanın hazırlanmaqda olduğunu diqqətə çatdırıb.

Son illərdə Akademiyada həyata keçirilən islahatlar çərçivəsində Azərbaycanın ədəbi-tarixi şəxsiyyətlərin öyrənilməsi istiqamətində geniş addımlar atıldığını deyən akademik İsa Həbibbəyli bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclaslarında bir sıra mühüm qərarların qəbul edildiyini söyləyib. Vurğulayıb ki, sovet hakimiyyəti illərində xalqların əridilməsi, onların milli keçmişinin unutdurulması, “vahid sovet xalqı” təfəkkürünü formalaşdırılması siyasəti həyata keçirilmiş, nəticədə tarixi hadisələr öyrənilməklə tarixi şəxsiyyətlər tədqiqatlardan kənarda qalmışdır. AMEA rəhbəri qeyd edib ki, həmin dövrdə Şəmsəddin Atabəy, Şah İsmayıl Xətai və bir çox görkəmli tarixi şəxsiyyətlərimiz haqqında heç bir tədqiqat əsəri ortaya qoyulmamışdır. AMEA rəhbəri vurğulayıb ki, görkəmli qırğız yazıçısı Çingiz Aytmatov “Gün var əsrə bərabər” romanında SSRİ rəhbərliyinin “manqurtlaşma” siyasətinə etirazını bildirmişdir.

Sovet rəhbərliyinin məqsədyönlü siyasətinin Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başladıqdan sonra həyata keçirdiyi Azərbaycançılıq ideologiyası ilə öz məqsədinə çatmadığını deyən AMEA rəhbəri Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, dövlət başçısının ölkəmizdə “Nəsimi ili”, “Nizami Gəncəvi ili”, “Heydər Əliyev ili” elan etməsi ilə tarixi ədəbi-siyasi şəxsiyyətlərimizin bir çox aspektlərdən yenidən öyrənildiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli bildirib ki, bu gün Akademiyada Ulu Öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi xətti əsas götürməklə tariximiz, görkəmli şəxsiyyətlərimiz, o cümlədən də Fətəli xan Xoyskinin zəngin irsi yenidən dərindən öyrənilir və bu irsin gələcək nəsillərə çatdırılması üçün əməli addımlar atılır.

Daha sonra tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Aygün Əzimovanın “Fətəli xan Xoyskinin həyatı və fəaliyyəti (yeni arxiv sənədləri və materiallar əsasında)”, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Kamran İsmayılovun “Fətəli xan Xoyskinin milli dövlət quruculuğu və siyasi-hüquqi islahatlar kursu”, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarovun “Fətəli xan Xoyskinin siyasi-ideoloji baxışları və dövlətçilik fəlsəfəsi” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun “Azərbaycan ədəbiyyatında Fətəli xan Xoyskinin bədii obrazı” mövzusunda məruzələri dinlənilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi