VƏTƏN müharibəsi veteranı Daşqın Vüqar oğlu Abbasov Prezidentə MÜRACİƏT ETDİ
Azia.az-n elektron poçtuna Göyçay şəhəri, Xətai küçəsi ev 19 ünvanında yaşayan VƏTƏN müharibəsi veteranı Daşqın Vüqar oğlu Abbasov müraciət ünvanlayıb. Daşqın Vüqar oğlu Abbasov media vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edib. O, mraciətində qeyd edib ki, Azəriqaz İstehsalat Birliyinin baş direktoru cənab Azər Məmmədovun qəbulunda iki dəfə osa da heç bir müsbət nəticə əldə edə bilməyib.
Redaksiya olaraq müraciəti olduğu kimi dərc edirik. Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyi ilə əlaqə yaratmağa çalışsaq da bu mümkün olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MÜRACİƏT
Hörmətli cənab Prezident!
Mən, Abbasov Daşqın Vüqar oğlu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsinin iştirakçısı, 2-ci Qarabağ müharibəsi veteranıyam. Sizin müvafiq sərəncamlarınıza əsasən “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm.
Hazırda Azəriqaz İstehsalat Birliyinin tabeliyində fəaliyyət göstərən Kürdəmir Xidmət Sahəsində çalışıram. Yaşayış yerim Göyçay rayonudur və hər gün təxminən 75 km məsafə qət edərək işə gedib-gəlməli oluram. Bu məsafənin gündəlik qət edilməsi həm fiziki, həm psixoloji, həm də maddi baxımdan ciddi çətinliklər yaradır. Eyni zamanda himayəmdə yaşlı atam var və ailə vəziyyətim mənim daha çox evdə olmağımı zəruri edir.
Yaranmış vəziyyətlə bağlı Azəriqaz İstehsalat Birliyinin baş direktoru cənab Azər Məmmədovun qəbulunda iki dəfə olmuş, iş yerimin Göyçay rayonuna və ya yaxın əraziyə ixtisasıma uyğun olaraq usta və ya mühəndis kimi dəyişdirilməsi üçün köməklik göstərilməsini xahiş etmişəm. Həmçinin həmkarlar ittifaqına müraciət edərək yol xərcləri ilə bağlı dəstək istəmişəm. Təəssüf ki, etdiyim müraciətlər müsbət nəticə verməmiş, sosial vəziyyətim nəzərə alınmamışdır.
Hörmətli cənab Prezident!
Siz dəfələrlə çıxışlarınızda müharibə iştirakçılarına və veteranlara xüsusi qayğının göstərilməsinin, onların problemlərinin operativ və ədalətli şəkildə həll olunmasının vacibliyini vurğulamısınız. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda da veteranların sosial müdafiəsinin dövlət orqanlarının birbaşa vəzifəsi olduğu açıq şəkildə qeyd edilmişdir.
Buna baxmayaraq, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyi tərəfindən göstərilən laqeyd münasibət nəticəsində müharibə veteranı kimi mənim hüquqlarım pozulur, sosial rifahım ciddi şəkildə zəifləyir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən aşağıdakı məsələlərə baxılmasına göstəriş verməyinizi hörmətlə xahiş edirəm:
1. Azəriqaz İstehsalat Birliyində müharibə veteranlarına münasibətlə bağlı yaranmış vəziyyətə hüquqi qiymət verilməsi;
2. İş yerimin yaşayış yerim olan Göyçay rayonuna və ya yaxın əraziyə dəyişdirilməsi imkanının nəzərdən keçirilməsi;
3. Müharibə veteranı kimi sosial təminat və qayğı ilə bağlı hüquqlarımın bərpasına köməklik göstərilməsi.
Müraciətimin obyektiv şəkildə araşdırılacağına və müvafiq dövlət qurumları tərəfindən ədalətli qərar veriləcəyinə dərin inam bəsləyirəm.
Əvvəlcədən göstəriləcək diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Abbasov Daşqın Vüqar oğlu
2-ci Qarabağ müharibəsi veteranı
“Ağdamın azad olunmasına görə” medalı laureatı
“Vətən müharibəsi iştirakçısı”