Eyyub Kərimli: “Vergi güzəştləri Naxçıvanda sahibkarların ixrac imkanlarını genişləndirəcək”
“Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklər paketi həm fiskal dayanıqlığın güclənməsi, həm də biznes mühitinin yaxşılaşdırılması baxımından əhəmiyyətli addım olacaq”. İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli vergi qanunvericiliyinə təklif olunan son dəyişiklikləri şərh edərkən belə deyib. Onun sözlərinə görə, dəyişikliklərin əsas hədəfi vergi yükünün optimallaşdırılması, rəqəmsal inzibatıçılığın genişləndirilməsi və investisiya fəaliyyətinin stimullaşdırılmasıdır: “Bu yeniliklər sahibkarlıq üçün daha proqnozlaşdırıla bilən vergi mühiti yaradacaq və “kölgə iqtisadiyyatı”nın azalmasına müsbət təsir göstərəcək. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində xüsusilə diqqət çəkən məqam Naxçıvan Muxtar Respublikasında tətbiq olunacaq güzəştlərdir. Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilər üçün müəyyən edilmiş vergi rejiminin Naxçıvana da şamil edilməsi regionun iqtisadi aktivliyini sürətləndirəcək. Naxçıvanda artıq hazır infrastrukturun mövcudluğunu, fəaliyyətdə olan müəssisələr və əmək komplekslərinin işlək vəziyyətdə olmasını nəzərə alsaq, vergi güzəştləri regionda daha effektiv, daha qısa müddətə müsbət nəticələr əldə olunmasına imkan yaradacaq”.
E.Kərimli hesab edir ki, Naxçıvan Muxtar Respublikasında tətbiq olunacaq vergi güzəştləri yerli sahibkarlığın inkişafını dəstəkləyəcək. Digər tərəfdən, bu, yeni investisiyaların cəlb olunmasına da geniş şərait yarada bilər: “Ümumilikdə, dəyişikliklər paketi vergi sisteminin daha çevik, müasir iqtisadi çağırışlara uyğunlaşdırılmasına xidmət edir və dövlət-biznes münasibətləri və vergi inzibatçılığına etimad mühitini gücləndirir. Bu, həm də regionlarda biznesin inkişafı ilə birgə yeni iş yerlərinin yaranması, ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. Naxçıvan Muxtar Respublikası həm də üç qonşu dövlətlə həmsərhəd bölgədir. Hesab edirəm ki, gələcəkdə burada fəaliyyət göstərəcək müəssisələr, biznes subyektləri ixrac imkanlarını daha da böyüdə biləcəklər. Bu güzəştlərdən daha səmərəli istifadə edərək öz potensiallarını artıracaqlar”.
Bütün bunların Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin artmasına müsbət təsir edəcəyini deyən iqtisadçı, eyni zamanda, ölkəmizin iqtisadiyyatına və ümumi daxili məhsulun formalaşmasına, ixrac potensialının artırılmasına əhəmiyyətli imkanlar açacağını vurğulayıb. Əlavə edib ki, gələcəkdə Zəngəzur dəhlizinin bir hissəsinin Naxçıvan ərazisindən keçməsi həmin regionun böyük nəqliyyat qovşağı kimi biznes mühitinin inkişafında mühüm halqa olacaq. Bu baxımdan, bölgədə vergi güzəştlərinin tətbiq olunması biznes, xüsusilə iri müəssisələrin yaradılması və dayanıqlığı üçün daha böyük fürsətlər yaradacaq.
Fərqanə ALLAHVERDİQIZI