Məhkumluq müddəti necə hesablanır?
Məhkumluğun silinməsi müddətinin hesablanması, hətta hüquqşünaslar üçün də olduqca qarışıq bir mövzudur. Bəs bu müddət necə hesablanır?
E-huquq.az xəbər verir ki, vəkil Turan Abdullazadə bu suala cavabında bildirib ki, cinayət qanunvericiliyinə görə, məhkumluğun silinməsi müddəti cinayətin ağırlıq dərəcəsindən asılıdır.
Vəkilin sözlərinə görə, hər cinayət kateqoriyasının özünəməxsus məhkumluq silinməsi müddəti vardır: “Böyük ictimai təhlükə törətməyən cinayətlər üçün 1 il, az ağır cinayətlər üçün 2 il, ağır cinayətlər üçün 6 il, xüsusilə ağır cinayətlər üçün isə 8 il məhkumluq müddəti nəzərdə tutulur”.
T.Abdullazadə deyib ki, məhkumluq müddəti yalnız şəxsin əsas cəzasını tam çəkib başa vurduqdan sonra hesablanmağa başlayır: “Məsələn, əgər şəxs 2014-cü ildə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilibsə, bu onun əsas cəzasıdır. Əgər əlavə olaraq 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilibsə, bu əlavə cəza olacaq. Beləliklə, şəxs 2014-cü ildə azadlıqdan məhrum edildikdə onun əsas cəzası 2019-cu ildə bitəcək. Bundan sonra isə əlavə cəzanın müddəti başlayacaq, yəni 3 illik sürücülük hüququndan məhrumetmə cəzası 2022-ci ildə bitəcək”.
Vəkil bildirib ki, ağır cinayətlərə dair məhkumluq müddətləri isə 6 il təşkil edir: "Bu 6 illik müddət, əlavə cəzanın başa çatdığı gündən başlayır. Yəni, əlavə cəza bitmədən məhkumluq müddəti hesablanmağa başlanıla bilməz. Əgər əlavə cəza 2022-ci ildə bitibsə, ona 6 il əlavə edirik və bu da 2028-ci ilə təsadüf edir. Nəticədə, həmin şəxsin məhkumluğu 2028-ci ildən etibarən silinmiş sayılır”.
T.Abdullazadə qeyd edib ki, bu hesablamalar yalnız azadlıqdan məhrumetmə növündəki cəzalar üçün keçərlidir. Digər hallarda isə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən, yəni hökmün veriləcəyi ildən etibarən hesablanır.
Humay Eminqızı