Duş geli ilə saçını yuyanlara həkimdən xəbərdarlıq
Duş geli və ya maye sabunu şampun əvəzinə istifadə etmək saç və baş dərisi üçün ciddi təhlükə yarada bilər.
Azia.az milliaz-a istinadən xəbər verir ki, bunu rusiyalı trixoloq Sofiya Belaş deyib. O xəbərdarlıq edib ki, bu üsul tüklərin qırılmasına, parıltısını itirməsinə və hətta saç tökülməsinə səbəb ola bilər.
Belaşın sözlərinə görə, duş geli və maye sabun saç üçün xüsusi hazırlanmış komponentlər ehtiva etmədiyi üçün saçlar quru, solğun və qırılmağa meyilli olur. “Bu vasitələrdən saçları tam yumaq çətindir. Onlar saç dibində qalaraq saçın dolaşmasına və baş dərisinin daha tez çirklənməsinə səbəb olur. Nəticədə yağlanma artır və saçları daha tez-tez yumağa ehtiyac yaranır”, – trixoloq izah edib.
Həkim əlavə edib ki, duş geli baş dərisini quruda, qaşındıra və kəpək yaranmasına səbəb ola bilər. Qaşınma səbəbindən davamlı daraq istifadəsi bakterial fəsad riskini də yüksəldir.