"Müəllimlər hamısı məktəbdən könüllü şəkildə imtina edəcək" - AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, müəllimlərin dərs yükü həftədə 18-24 saat təşkil edəcək və qalan zamanda müəllim şagirdlərlə işləyəcək.
Nazirin açıqlaması ilə bağlı Redaktor.az-a danışan Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Emma İbrahimova bildirdi ki, yeni sistem heç bir müəllimi qane etməyəcək:
"Həm məktəb müəllimi, həm də repetitoram. Emin müəllim heç vaxt özünün aldığı maaşın yarısını məktəb müəlliminə verə bilməyəcək. Ona görə də mən düşünürəm ki, repetitor müəllim hal-hazırda öz üzərində işləyən, özünü təkmilləşdirən, inkişaf etdirən bir müəllimdir. Çünki repetitor repetitorluq sahəsində özünü tanıdan, özünü inkişaf etdirən müəllimlə özünü səviyyə baxımından ölçür. Ona görə özünü daim inkişafda saxlayır. Mən düşünürəm ki, bu tipli müəllimlər hamısı məktəbdən könüllü şəkildə imtina edəcək. Hazırda sizə müsahibə verə-verə dərsdən sonra repetitor kimi fəaliyyətimi davam etdirirəm. 14:30-dan 19:00-a qədər dərsdə oluram. Mən ailəmi bu sahə ilə maliyyələşdirirəm. Məktəbdən aldığım 500-600 manat maaşı mən bir xəstəxanaya girib bir analizim üçün verib çıxıram. Düşünürəm ki, bu, heç bir müəllimi qane eləməyəcək. Əgər Emin Əmrullayevin bu qərarı həyata keçəcəksə, mən bir müəllim olaraq könüllü şəkildə işimdən imtina edəcəm".
Müsahibimizin fikrincə, müəllimlər çox sıxışdırılır, üzərinə çox düşülür:
"Bir məsələni həll etmək üçün biz nəticəyə yox, səbəbə köklənməliyik. Emin müəllim bizim nazirimizdir, mənim Emin müəllimə böyük hörmətim var. Amma ola bilsin ki, işin çoxluğundan Emin müəllimin də bir az fikirlərində qarışıqlıq yaranıb. Yəni əsas səbəbə köklənmək lazımdır. Nəyə görə məktəbdə dərs yoxdur, nəyə görə məktəbdə sistem qura bilmirlər. Əsas məsələlərə toxunmaq lazımdır. Birbaşa müəllimə zaman məhdudiyyəti qoymaqla əsəbinə toxunmaq, sinirinə toxunmaq düzgün bir qərar deyil. Onsuz da təhsil üçün verilən qərarlar, çox təəssüflər olsun, düzgün verilmir. İnşallah ki, gələcəyimiz olan uşaqlarımızın xeyrinə qərarlar verilər".
Emma İbrahimova hesab edir ki, bir müəllim işləməyəcəksə, onu bir saat yox, beş saat da məktəbdə saxlasan, həmin müəllim olmayacaq:
"Bu saat fərqinin, işləməyən, inkişaf etməyən, savadı olmayan müəllim üçün heç bir fərqi yoxdur. Əksinə onlar müəllimin məvacibini qaldırmalıdır. Müəllimə dəyər verməlidir ki, müəllim sinifə girəndə özünü əsl müəllim kimi, dəyərli hiss etsin. Yoxsa müəllim sinifə girib, aptekə girib alacağı müalicənin pulunu hesablamasın, onun fikri ilə dərs keçməsin. Mən belə müəllimlər tanıyıram. Bu məsələ çox geniş məsələdir. Mən bu qərarla qəti şəkildə razı deyiləm. Əgər elə bir qərar da olsa, ilk növbədə məktəbdən imtina eləyən müəllim mən özüm olacam. Mənim repetitorluqdan qazandığım pulu mənə saat 6-ya qədər verəcəklər?".
Aytəkin TOFİQQIZI