azia.az
azia.az

Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır - SİYAHI

Bu gün, 11:42

Hüquqi ünvanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, mənzil 102 olan “Laguna Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 2025-ci il üzrə əldə etdiyi tenderlərin siyahısı açıqlanıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi Ramil Əsgər oğlu Əsgərov olan “Laguna Group”a ilin əvvəlindən noyabr ayınadək 7 tender verilib.

Siyahını təqdim edirik:

“AzInTelecom” MMC (Kommersiya məqsədli tədbirlərin təşkili xidmətləri) 108 088 AZN,

Mənəvi Dəyərlərin Təbliği Fondu (Ramazan bayramı ilə əlaqədar Türkiyə və Gürcüstan Respublikalarında iftar süfrələrinin təşkil edilməsi - satınalma keçirilməyib, yəni birbaşa müqavilə bağlanıb) 198 948 AZN,

“Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi (2025-ci il üzrə bayram tədbirlərinin keçirilməsi) 6 501 564 AZN,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (Qonaqların qəbulu ilə bağlı xidmətlər) 151 181 AZN,

“İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – Azpromo” publik hüquqi şəxsi (“İqtisadi Əməkdaşlıq Təşkilatının” (İƏT) 17-ci Zirvə Görüşü çərçivəsində keçiriləcək 6-cı İƏT Biznes Forumunun keçirilməsi ilə bağlı bir sıra xidmətlər - satınalma keçirilməyib, yəni birbaşa müqavilə bağlanıb) 565 949 AZN,

Mənəvi Dəyərlərin Təbliği Fondu (Mənəvi və dini dəyərlər sahəsində maarifləndirici tədbirlərin təşkili) 54 715 AZN,

Quba Rayon İcra Hakimiyyəti (Zəfər günü ilə bağlı keçirilən tədbir xidmətləri) 181 580 AZN.

Bu şirkətə verilən tenderlərin ümumi həcmi 7 762 025 AZN-dir.

Y.Rəfiyevin qardaşı Müzadil İlqar oğlu Rəfiyevə məxsus olan “Aqroman” MMC də milyonluq tenderləri əldə edən tikinti şirkətləri sırasındadır.

“Aqroman”ın 2025-ci üzrə aldığı tenderlərin də siyahısını təqdim edirik:

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi (Səkilərin bərpası və cari təmir işləri) 98 682 AZN,

Dövlət Miqrasiya Xidməti (cari təmir işləri) 184 025 AZN,

“Naxçıvan Yol Təchizat” MMC (Babək rayonu, Culfa rayonu, Ordubad rayonu, Kəngərli rayonu və Şərur rayonu ərazilərində torpağın, qum-çınqılın qazılıb avtomaşına yüklənməsi və asfalt-betonun daşınması xidmətləri) 1 285 628 AZN,

“Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu (Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 69 ünvanında yerləşən FHN TTNDA “Azərdövlətsənayelayihə” DLİ-nun inzibati binasının dam örtüyünün cari təmir işləri) 61 550 AZN,

“Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi (Xocalı rayonu, Xanabad kəndində bir sıra fərdi yaşayış evlərinin cari təmiri işləri - satınalma keçirilməyib, yəni birbaşa müqavilə bağlanıb) 5 841 400 AZN,

“Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu” publik hüquqi şəxsi (cari təmir işləri) 34 810 AZN,

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin mənzil-kommunal və təmir xidməti (Şuşa şəhəri, Xankəndi yolu istiqamətində yerləşən istinad divarlarının və qoruyucu dəmir barmaqlıqların təmir-bərpa işləri) 110 078 AZN.

Bu şirkətin də tenderlərinin həcmi 7 616 173 AZN-dir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Heybətqulu Məmmədbəyli küçəsi, ev 8-dir.

Göründüyü kimi, iki şirkət təkcə 2025-ci il üzrə 15 378 198 manatlıq tender əld edib.

Bu ünvanda daha bir şirkət qeydiyyatdadır – “Laguna Travel” MMC. Qanuni təmsilçisi Rəşid İlham oğlu Əliyev olan şirkətin dövlətə 13 797 AZN borcu var.

Nazir müavininə yaxınlığı ilə tanınan şirkətlərin bu həddə tender əldə etməsi müzakirələrə səbəb olub. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinə görə, vəzifəli şəxsin birbaşa və ya dolayı şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquq pozuntusu hesab edilir.

Y.Rəfiyevin və adıçəkilən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi