Ombudsman Səbinə Əliyeva Macarıstanın Konstitusiya Məhkəməsinin hakimi Akos Kozma ilə görüşüb
Ombudsman Aparatının mətbuat xidmətindən Azia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Macarıstan Respublikasının Konstitusiya Məhkəməsinin yeni seçilmiş hakimi Akos Kozma ilə görüşüb.
Görüş zamanı Ombudsman Səbinə Əliyeva ilk növbədə keçmiş həmkarı, hazırda isə Macarıstanın Konstitusiya Məhkəməsinin hakimi Akos Kozmanı yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Müvəkkil Azərbaycan və Macarıstan dövləti və xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb.
Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki mandatı, Konstitusiya Qanunu ilə ona verilmiş yeni səlahiyyətləri, Ombudsman və Konstitusiya Məhkəməsi arasında mövcud olan sıx əməkdaşlıq əlaqələri barədə qonağa ətraflı məlumat verib.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışan Ombudsman Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyi barədə indiyədək heç bir məlumatın əldə edilmədiyini, ölkəmizin öz daxili imkanları hesabına həmin şəxslər barədə məlumatların araşdırılması, kütləvi şəkildə dəfn edilmiş həmin soydaşlarımızın şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Eyni zamanda, qonağa işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş mina terrorundan danışılıb, mövcud olan mina probleminin insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaratdığı, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına, regionda həyata keçirilən quruculuq işlərinə maneə törətdiyi bildirilib.
Macarıstan Respublikasının Konstitusiya Məhkəməsinin yeni seçilmiş hakimi Akos Kozma öz növbəsində səmimi qəbula görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.