AASSA-nın prezidenti: “Elmi əməkdaşlığın qlobal səviyyədə gücləndirilməsi və ortaq elmi təşəbbüslərin genişləndirilməsi bütün bölgə üçün əhəmiyyətli nəticələr doğuracaq”
AMEA-dan Azia.az-a verilən məlumata görə, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti, TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun sədri professor Əhməd Nuri Yurdusev AMEA-nın və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunda çıxış edib.
O, çıxışında rəhbərlik etdiyi Assosiasiyanın əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, Azərbaycan və Türkiyə Elmlər Akademiyaları ilə mövcud elmi əməkdaşlıq əlaqələrinin önəmini diqqətə çatdırıb.
Professor Əhməd Nuri Yurdusev beynəlxalq tədbirin iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında elmi və strateji münasibətlərin daha da möhkəmlənməsinə, eləcə də xalqlar arasında qarşılıqlı anlaşma və tərəfdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Assosiasiya prezidenti elmi əməkdaşlığın qlobal səviyyədə gücləndirilməsinin və ortaq elmi təşəbbüslərin genişləndirilməsinin bütün bölgə üçün əhəmiyyətli nəticələr doğura biləcəyini qeyd edib.
Bakıda növbəti dəfə səfərdə olmaqdan məmnunluğunu ifadə edən professor Əhməd Nuri Yurdusev simpoziumun işinə uğurlar arzulayıb.