AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, həmçinin AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin, eləcə də Şəki və Lənkəran Regional Elmi mərkəzlərinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevə 75 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı təqdim olunub.
Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.
İclasda müzakirəyə çıxarılan ilk məsələ AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin tərkibinin təsdiq edilməsi haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın yeni Nizamnaməsinin və AMEA Naxçıvan Bölməsinin yeni Nizamnaməsinin müvafiq bəndlərinə uyğun olaraq, bölmənin Rəyasət Heyətinin yeni tərkibinin formalaşdırılması məqsədi ilə seçki keçirilib və nəticələrdən irəli gələrək AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb. Akademik İsa Həbibbəyli Naxçıvan Bölməsinin Rəyasət Heyətinin təklif edilən yeni tərkibini iclas iştirakçılarının diqqətinə çatdırıb.
AMEA rəhbəri bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının və Həmkarlar Təşkilatının sədrlərinin məşvərətçi statusda Naxçıvan Bölməsinin Rəyasət Heyətinə daxil edilməsini təklif edib.
AMEA-nın Rəyasət Heyəti tərəfindən səsləndirilən təkliflər nəzərə alınmaqla Naxçıvan Bölməsinin Rəyasət Heyətinin yeni tərkibi təsdiqlənib.
Həmçinin filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov yenidən Naxçıvan Bölməsinin Rəyasət Heyətinin elmi katibi vəzifəsinə təsdiq edilib.
Daha sonra AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin tərkibinin təsdiq edilməsi haqqında məsələyə baxılıb.
Akademik İsa Həbibbəyli bölmə tərəfindən təklif olunan yeni tərkibi iclas iştirakçılarının diqqətinə təqdim edib. Həmçinin Gəncə Bölməsində humanitar profilli müəssisələrlə işlərin idarə olunması məqsədilə sədr müavini vəzifəsinə bu sahədən təyinata ehtiyac yarandığını və AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun bu vəzifəyə təklif edildiyini bildirib.
İclasda müzakirələrdən sonra Gəncə Bölməsinin Rəyasət Heyətinin yeni tərkibi və eləcə də filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov bölmənin sədrinin müavini vəzifəsinə təsdiq olunub.
Sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının tərkibinin təsdiq edilməsi haqqında məsələyə baxılıb.
Şəki Regional Elmi Mərkəzinə səfərini xatırladan akademik İsa Həbibbəyli qurumun ötənilki göstəricilərinin əvvəlki illərlə müqayisədə yüksək olduğunu, aparılan islahatların öz nəticəsini verdiyini bildirib. Həmçinin ilk dəfə olaraq Şəki Regional Elmi Mərkəzində arxeoloji qazıntılara başlanıldığını və ilk tapıntıların qeydə alındığını vurğulayıb. Eyni zamanda cari ilin yanvar ayında AMEA-nın Rəyasət Heyəti tərəfindən Şəki Regional Elmi Mərkəzinin ildə 2 dəfə nəşr olunmaqla “Elmi əsərləri” jurnalının təsis edilməsi haqqında qərarın qəbul edildiyini diqqətə çatdırıb.
Daha sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının yeni tərkibi təsdiqlənib.
İclasda, həmçinin AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının tərkibinin təsdiq edilməsi haqqında məsələyə baxılıb.
Akademik İsa Həbibbəyli bildirib ki, ötən müddət ərzində Mərkəzdə bir sıra struktur islahatları həyata keçirilib, daxili imkanlar hesabına yeni şöbələr və Mərkəzin kitabxanası yaradılıb, eləcə də Lənkəran Regional Elmi Mərkəzinin “Elmi əsərləri” (İctimai-humanitar və təbiət elmləri seriyası) jurnalı təsis olunub. AMEA rəhbəri həyata keçirilən islahatların öz bəhrəsini verdiyini və Mərkəzin fəaliyyətində inkişafın müşahidə edildiyini söyləyib.
Akademik İsa Həbibbəyli Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının təklif edilən yeni tərkibini səsləndirib və müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.
Daha sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva İran İslam Respublikasının paytaxtı Tehranda III Xəzər İqtisadi Forumunda iştirakı barədə məruzə ilə çıxış edib.
Xəzər İqtisadi Forumunun keçirilmə tarixi barədə məlumat verən akademik Gövhər Baxşəliyeva Forumun iştirakçı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrildiyini, Xəzəryanı dövlətlərin başçıları tərəfindən sülh, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq dəhlizi kimi dəyərləndirildiyini söyləyib. Qeyd edib ki, III Xəzər İqtisadi Forumunda bir sıra mühüm məsələlərə toxunulub, Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığının artırılmasının zəruri olduğu bildirilib.
Akademik Forum çərçivəsində keçirilən “Xəzər ölkələrinin elmi və texnoloji əməkdaşlığına dair” sessiyada özünün və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayevanın iştirak etdiyini və bir sıra aktual təkliflərin səsləndirildiyini diqqətə çatdırıb.
Rəyasət Heyəti tərəfindən akademik Gövhər Baxşəliyevanın məruzəsi yüksək qiymətləndirilib və müvafiq tapşırıqlar verilib.
İclasda, o cümlədən AMEA-nın fəxri üzvü İhsan Doğramacının 110 illiyi haqqında qərar qəbul olunub.
İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, İsmayıl Hacıyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli Akademiyanın tarixində ilk dəfə regional bölmələrin və elmi mərkəzlərin rəhbərlərinin iştirakı ilə AMEA-nın Rəyasət Heyətinin iclasının keçirildiyini söyləyib. Qeyd edib ki, həmçinin AMEA-nın 80 illik tarixində ilk dəfə olaraq Şəki və Lənkəran Regional Elmi mərkəzlərində elmi nəşrlər təsis edilib. Akademik İsa Həbibbəyli həyata keçirilən işlərin dövlətimizin regionların inkişafı siyasətinin tərkib hissəsi olduğunu və AMEA-da aparılan islahatların mərkəzdən regionlardakı elmi qurumlarımıza doğru genişləndiyini bildirib.
Çıxışının sonunda bildirib ki, atılan bu addımlar ümumilikdə Azərbaycan elminin inkişafına xidmət edir və alimlərimiz də öz növbəsində əldə etdikləri uğurlarla dövlətimizin inkişafına özlərinin töhfəsini vermiş olurlar.