azia.az
azia.az

Azərbaycanda vəkilin xidmət haqqı vətəndaşın cibinə uyğundurmu?

27-09-2023, 09:08

Azərbaycanda hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda öz hüquqlarını qorumaq üçün dövlət hesabına hüquqi yardımla yanaşı, özünün seçdiyi vəkilə müraciət etmək hüququ var. Lakin bəzi hallarda vətəndaşlar vəkillərin müdafiə üçün yüksək məbləğdə xidmət haqqı istədiklərini iddia edirlər və bu da müəyyən narazılıq doğurur. Doğurdanmı, bu gün Azərbaycan vəkilinə ödənilən xidmət haqqı vətəndaşların maddi durumuna uyğun deyil?

E-huquq.az məsələ ilə bağlı vəkillərin fikrini öyrənib.

Sumqayıt Reginonal Vəkil Bürosunun müdiri Anar Qasımlı bildirib ki, vəkillik fəaliyyətinə görə qiymətlər hər hansı bir tarif dərəcəsi ilə müəyyən edilmir və bu qiymətin təyini sərbəstdir:

"Vəkillik xidməti dünyanın hər yerində ödənişlidir. Eyni zamanda qanunda nəzərdə tutulmuş hallarda bu xidmətdən pulsuz istifadə etmək də mümkündür. Bizim qanunvericiliyimizdə də bu hallar var. Gələcəkdə pulsuz hüquqi yardımın dairəsinin daha da genişləndirilməsi gözlənilir. Yəni, cinayət işlərində olduğu kimi mülki işlərdə də aztəminatlı şəxslərə bütün məhkəmə prosesi boyu pulsuz hüquqi yardımın göstəriləcəyi gələcəkdə qanunvericilikdə gözlənilir ki, əlavələr, düzəlişlər edilsin və yeni qanun qəbul edilsin. Ümumiyyətlə, pulsuz hüquqi yardım olmur. Hüquqi yardım hər bir halda pulludur, sadəcə bu, vəkilin xidmət haqqını kimin ödədiyindən asılıdır. Bir halda müqavilə əsasında vətəndaş ödəyir, digər halda isə dövlət hesabına həyata keçiriləndə xidmət haqqı dövlət büdcəsi tərəfindən ödənilir. Vəkillər Kollegiyasının öz təşəbbüsü ilə göstərilən pulsuz hüquqi yardım var ki, bunun pulu heç dövlət hesabına da ödənilmir. Bildiyiniz kimi, Vəkillər Kollegiyası tərəfindən son dövrlərdə bu tipli genişmiqyaslı pulsuz hüquqi yardım aksiyaları keçirilir. Müxtəlif büroların vəkilləri komanda halında müxtəlif regionlara və cəzaçəkmə müəssisələrinə səfər edirlər və orada müraciət edənlərə pulsuz hüquqi yardım göstərirlər. Bütün bunlar hamısı Vəkillər Kollegiyasının və vəkillərin öz şəxsi təşəbbüsü ilə həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, Vəkillər Kollegiyasının tövsiyyəsinə əsasən, ölkə üzrə bütün vəkillik qurumlarında şəhid ailələrinə, qazilərə hüquqi yardım pulsuz həyata keçirilir və orada olan bütün zəruri xərclər, yəni, vəkilin hüquqi yardımla bağlı harasa getməsi və digər xərclər də vəkillərin öz şəxsi vəsaiti hesabına ödənilir. Qiymət məsələsinə gəldikdə bilirik ki, hər bir vəkilin qiyməti müstəqil müəyyən olunur. Vəkillə bağlanan tapşırıq müqaviləsi əsasında qarşılıqlı razılaşma ilə qiymət müəyyən edilir".

A. Qasımlı hesab edir ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda vəkilliyin xidmət haqları çox aşağı səviyyədədir: "Vəkillik dünyanın əksər ölkələrində bahalı prosesdir və bu xidmətdən istifadə etməyə görə daha çox qonorar ödənilir. Bizdə təbii ki, bu, müqayisə olunacaq dərəcədə deyil. Ola bilər ki, ayrı-ayrı hallarda bu və ya digər müqavilədə yüksək qiymətlər göstərilə bilər. Bu da həmişə olan bir hal deyil. Hər bir vəkilin müəyyən etdiyi qonorar onun kommersiya gəliridir".

Onun sözlərinə görə, vəkillə bağlanan müqavilə əsasında ona ödənilən vəsait bütövlükdə vəkilin gəliri hesab olunmamalıdır: "Həmin məbləğdən 14 faiz gəlir vergisi, 10 faiz Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait, 2 faiz vəkil məsuliyyətinin sığorta haqqı tutulur. Bundan əlavə, büronun saxlanma xərcləri, üzvlük haqqının ödənilməsi və digər ödənişlər də var".

Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov da bu gün ölkədə vəkilə ödənilən xidmət haqqının yüksək olmadığını vurğulayıb.O qeyd edib ki, bəzən vətəndaşlarda elə bir təəssürat yaranır ki, vəkil Kollegiya üzvü olduğuna görə müəyyən məvacib və xidmət haqqı alır: "Əksinə, vəkil özü üzvlük haqqı ödəyir. Ümumiyyətlə, vəkil xərcləri vəkilə ödənilən xidmət haqqı ilə əvəzlənir. Çünki vəkilin hər hansı bir başqa gəlir yeri yoxdur. Vəkil hər hansı büronu təsis edib və onun üzvüdürsə, o büronun da saxlanma xərclərini hər ay ödəyir. Eyni zamanda texniki işçilərin və digərlərinin əmək haqları vəkilin qazancı hesabına ödənilir. Həmçinin vəkil bağladığı müqavilənin 30 faizə qədərini də dövlət büdcəsinə ödəyir. Buraya vəkilin sosial sığorta xərcləri və digər vergilər daxildir. Bütövlükdə vəkil bağladığı müqavilənin 30 faizini bu formada dövlətə ödəniş edir. Bununla yanaşı, vəkilin ofisinin saxlanma xərcləri var. Bəzən həmkarlarımız büronun vəkili olmasına baxmayaraq, digər yerlərdə şəxsi ofis açaraq fəaliyyət göstərir. Bu da əlavə xərcdir. Eyni zamanda onun dəftəxana xərcləri, özünün köməkçisinin və digər şəxslərin ödənişləri vardır ki, bütün xərəcləri məhz bağladığı müqavilə hesabına edir.

Məhkəmə proseslərini nəzərə alsaq görərik ki, istər cinayət işlərində, istərsə də inzibati işlərdə bəzən bir proses 1 ilə qədər davam edir. Vəkilin yol və digər xəclərini bura daxil etdikdə kifayət qədər böyük məbləğ ortaya çıxır. Ona görə də xidmət haqqı xərcləri qarşılamalıdır ki, vəkil də çəkdiyi əziyyətin bəhrəsini görmüş olsun. Nəzərə alsaq ki, vəkil ən azından 4 il ali hüquq təhsili alır, bununla yanaşı əlavə olaraq 3 il hüquq stajına malik olmalı, üç mərhələrən ibarət imtahan verməlidir. Bu qədər mərhələni keçdikdən və vəkillik statusu əldə etdikdən sonra o da hesab edir ki, öz maddi ehtiyyaclarını və digər gəlirlərini məhz hüquqi xidmətin göstərilməsi əsasında qarşılasın. 200-300 manat civarında müqavilələr bağlayaraq işləyən vəkillər açığı mənim üçün də anlaşılmaz qalır. Çünki o xərclərin hansı formada qaşılandığı sual doğurur. Lakin digər bütün hallarda vəkilin iş yükündən asılı olaraq digər ölkələrlə müqayisədə Azərbaycanda vəkil xərcləri olduqca aşağıdır. Vəkilə ödənilən məvacib çox azdır".

Vəkil onu da qeyd edib ki, bəzən vətəndaş bir instansiyada müdafiə üçün məvacib ödəyir, lakin növbəti instansiyada bu ödənişdən yayınır: "Yaxud vəkilə ödənilən məbləğin işin nəticəsinə görə verildiyi barədə vətəndaşlarda yanlış fikir formalaşır. Təəssüflər olsun ki, bəzən vətəndaşlar vəkil xidmətinin tam mahiyyətini anlamırlar. Hüquqi yardımın aztəminatlı və qanunda müəyyən olunmuş qaydalar əsasında bəzi şəxslər üçün üçün pulsuz növü də vardır. Lakin digər hallarda vəkil kiməsə hüquqi məsləhət, yazılı izahat verməyə yaxud məhkəməsində onun hüquqlarını müdafiə etməyə borclu deyil".

Vəkillər Kollegiyasının üzvü Sənan Hüseynov da vəkilə ödənilən məbləğin az olduğu qənaətindədir: "Hər bir vəkil müqavilə üçün ödənilən pulun təxminən 30 faizini vergi, sosial müdafiə və digər yerlərə xərcləyir. Eyni zamanda hər ay 10 manat tibbi sığorta ilə bağlı ödəniş edirik. Buna yol xərcləri də daxildir.

Məsələn, məhkəmələrə getmək üçün yol xərci, benzin xərci, şəhərin mərkəzində olan məhkəmələrin ətrafında yarım saatdan artıq maşın saxlamaq müəyyən ödəniş tələb edir. Vətəndaş gəlib vəkillə müqavilə bağlayır və 100-300 AZN pul ödəyir. Təbii ki, bu məbləğ azdır. Lakin başa düşmək lazımdır ki, bəzi vətəndaşların maddi durumu çətindir. Ümumi nəzər salsaq vəkilə ödənilən məbləği az hesab etmək olar. Vəkil əgər 500 manatdan aşağı məbləğdə müqavilə bağlayırsa, demək ki, o, ziyana gedir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi