Xankəndi ermənisinə Facebook-da yazdığı yazıya görə barəsində inzibati iş açılıb.
Bu barədə Qarabağdakı qondarma qurumun “polis”i məlumat yayıb.
“Xankəndi şəhər polis şöbəsi tərəfindən Xankəndi şəhər sakini barəsində İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati icraat başlanıb.
Dekabrın 26-da istifadəçi “Facebook” sosial şəbəkəsində aşağıdakı məzmunda paylaşım edib:
“Mənə verilən məlumata görə, Silahlı Qüvvələrin hərbi hissələri ərzaq təminatında yaranan problemlərlə bağlı xəbərdarlıq edir. Xüsusən də, Mardakert (Ağdərə) rayonunda yerləşən hərbi hissələr tədarükçüdən yetərincə ərzaq ala bilmir, eləcə də keyfiyyət xüsusiyyətləri tələblərə cavab vermir. Mən aidiyyəti qurumları bu məsələ ilə məşğul olmağa çağırıram”.
Buna görə M.S-nin əməlində hərbi vəziyyət dövründə informasiyanın dərc edilməsi və ya yayılması qaydalarının pozulması aşkarlanıb.
Bütün vətəndaşları sosial şəbəkələrdə müdafiə qabiliyyətinə dair yazılardan və təhlükəsizliyi pozan bu kimi təzahürlərdən uzaq durmağa çağırırıq”, – deyə qondarma qurumdan bildirilib.
P.S. Onsuz da Azərbaycanın gözü üzərinizdədir. Sosial şəbəkədə yazmaqla, yazmamaqla heç nə dəyişmir. Azərbaycan ərazisində nə oyunlardan çıxdığınızı, silahlı quldur dəstələrinizi haralarda yerləşdirdiyinizi biz də, sülhməramlılar da gözəl bilirik. Fərq ondadır ki, sizin bu təxribatlarınızı Rusiya sülhməramlıları ört-basdır edir.
Xuraman Etibarlı,
KONKRET.az