Şərqi Zəngəzur əhalisi “Böyük Qayıdış”a hazırdır
Hazırda Azərbaycan dövləti üçün əsas məsələ işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın ən qısa müddətdə təmin edilməsidir. Ölkə rəhbərliyi də “Böyük Qayıdış”ı yüksək səviyyədə təmin etmək əzmindədir. Ali Baş Komandan, cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına etdiyi hər bir səfər işğaldan azad olunmuş bölgələrin bərpasını sürətləndirildiyini göstərir. Bölgədə iqtisadi inkişafın təməlini təşkil edən yol-nəqliyyat infrastrukturu, energetika sistemi yaradılır və sosial obyektlər, aqroparklar istifadəyə verilir.
Həmçinin, ekoloji proqramlar da həyata keçirilməkdədir. Hazırda işğaldan azad olunan ərazilərdə görülən önəmli fundamental işlər Azərbaycanın bu istiqamətdəki gücünü bir daha göstərir.
Bu yaxınlarda Türkiyn lideri Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və Qarabağın ikinci qapısı, Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi bu işlərin ən yüksək səviyyədə görüldüyündən xəbər verir.
“Böyük Qayıdış”la bağlı görülən işlərdən danışan Milli Məclisin deputatı Tahir Rzayev Demokrat.az-a açıqlamasında vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərə qayıdış hər bir azərbaycanlının müqəddəs arzusudur:
“Biz uzun illər bu arzuyla, amalla yaşamışıq. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük uzaqgörənliyi, ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində həmin torpaqlar düşmən işğalından azad olundu və insanlar öz müqəddəs arzularına qovuşdular. Bu gün işğaldan azad olunmuş ərazilərdə görülən işlər bizim hər birimizdə qürur doğurur. Az müddətdə həmin ərazilərdə iki böyük beynəlxalq hava limanı tikilib və istifadəyə verilib.
Çox qürurverici haldır ki, həmin açılışlarda bizim qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi və özünün Azərbaycan xalqına olan sonsuz məhəbbətini ifadə etdi. Əlbəttə ki, bu görüşlər iki xalq arasında dostluğun, qardaşlığın, birliyin sarsılmaz ifadəsidir. Türkiyə-Azərbaycan birliyi, qələbələr 44 günlük müharibə dövründə də özünü aydın göstərdi. Bu gün də Türkiyə işğaldan azad olunmuş ərazilərdə tikinti, quruculuq, bərpa işlərində yaxından iştirak edir. Türkiyə şirkətləri Azərbaycana külli miqdarda sərmayə qoymaqdadır. Artıq Zəngilanda “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri uğurla həyata keçirilməkdədir. Bir çox sakinlər artıq Ağalıya qayıdıblar, orada məskunlaşıblar. Əlbəttə ki, bu məskunlaşma prosesi Böyük Qayıdışın uğurla həyata keçirildiyini göstərməkdədir”.
O, qeyd edib ki, həmin ərazilərdə müasir tipli məktəblər, sosial obyektlər, yaşayış binaları tikilməkdədir:
“Bu yaxınlarda cənab İlham Əliyev Zəngilana yenidən səfər edəndə, orada əlavə yeni yaşayış binalarının, ikimərtəbəli, üçmərtəbəli yaşayış binalarının təməlinin qoyulmasında iştirak etdi. Sözsüz ki, bu binalar da tez bir zamanda istifadəyə veriləcək. Füzulidə də sosial obyektlər tikilir. Həmçinin, Ağdam da müasir şəhərə çevrilməkdədir. Hər iki rayonda məktəblərin, xəstəxanaların tikilməsi nəzərdə tutulur. Yol infrastrukturu yüksək səviyyədə təmin olunub, ərazilərdə mina təmizləmə işləri uğurla davam etdirilir. Bir sözlə, yeni obyektlərin təməli qoyulur. Biz Şuşada olduq, Şuşaya çəkilən yol, orada gedən işlər əlbəttə ki, hər birimizdə qürur doğurur. Bu gün artıq Laçında yeni beynəlxalq hava limanın tikilməsi işlərinə start verilib. Laçına müasir tipli yollar çəkilir, yeni tunellər qazılır ki, bu məsafələri yaxınlaşdıracaq və insanların gələcəkdə rahatlığını təmin edəcəkdir. Yeni dəmir yollarının çəkilməsi sahəsində də uğurlu layihələr həyata keçirilməkdədir.
Artıq həmin ərazilərdə, həmin regionları birləşdirən dəmir yollarının çəkilməsinə start verilib və çox böyük işlər görülmüşdür. Cənab Prezident bu yaxınlarda Gürcüstanda olarkən bir daha xatırlatdı ki, biz nəqliyyat, yol infrastrukturunu yenidən qururuq və əlbəttə ki, bu nəinki Azərbaycan üçün, region üçün, dünya ölkələri üçün çox faydalıdır. Azərbaycan tarixən İpək yolunun üstündə yerləşən bir respublikadır. Bu gün bu yolların çəkilməsi dünya ölkələri ilə əlaqələrin, nəqliyyat sisteminin birləşdirilməsi, inkişaf etdirilməsi üçün çox əhəmiyyətli olacaqdır”.
Deputat Şərqi Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə əlaqədar danışıqlar aparıldığını diqqətə çatdırdı:
“Əlbəttə ki, hər birimizin bildiyi kimi, bu işə Ermənistan, İran tərəfindən maneələr var. Ancaq Azərbaycan Prezidentinin qətiyyətli siyasəti nəticəsində bu nəqliyyat infrastrukturunun yaradılması həyata keçiriləcək. “Böyük Qayıdış” hər birimizin ürəyindən xəbər verir, hər birimizi ruhlandırır və əlbəttə ki, insanların həmin ərazilərdə yerləşməsi, həmin yerlərdə məskunlaşması Azərbaycanın iqtisadiyyatı, xüsusilə kənd təsərrüfatının inkişafı üçün çox vacibdir. Çünki həmin ərazilərdə tarixən pambıq, taxıl, meyvə, üzüm, tütün məhsulları yetişdirilib və dağ rayonları, xüsusilə Kəlbəcər və Laçın rayonları heyvandarlığın inkişafı üçün çox münbit ərazilərdir. İnanıram ki, az bir müddətdə həmin ərazilərdə təhlükəsizlik təmin ediləcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar”.
Millət vəkili Ceyhun Məmmədov da hesab edir ki, bu gün “Böyük Qayıdış” sürətlə həyata keçirilir:
“Bu gün biz Qarabağda Cənab Prezidentin rəhbərliyi ilə böyük quruculuq, abadlıq işlərinin şahidiyik. Qısa müddətdə Füzulidə, Zəngilanda hava limanları açılıb, istifadəyə verildi. Eyni zamanda, Şuşada da bu işlərin həyata keçirildiyinin şahidiyik”.
C.Məmmədovun fikrincə, Azərbaycanın bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirməsi göz önündədir:
“Hazırda Şərqi Zəngəzur əhalisi “Böyük Qayıdış”a hazırdır. İnsanlarımız səbirsizliklə öz doğma yurdlarına qayıdacaqları günü gözləyirlər. Bu gün biz deyə bilərik ki, Azərbaycanda bu işlər çox sürətli və operativ formada həyata keçirilir. Bu gün Azərbaycan dövləti bunun üçün bütün zəruri, ardıcıl və məqsədyönlü tədbirləri uğurla icra edir və həyata keçirir”.
“Ağır müharibədən çıxmağımıza rəğmən, qısa zaman kəsiyində həyata keçirilən infrastruktur layihələri, tikinti-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini göstərir. Cənab Ərdoğanın Qarabağa səfəri, Zəngilan Hava Limanının istifadəyə verilməsi “Böyük Qayıdış”ın tezliklə həyata keçiriləcəyini və məcburi köçkünlərin öz torpaqlarına qovuşmasının yaxın vaxtlarda baş tutacağını göstərir” - deyə deputat qeyd etdi.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu - İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Aynurə Pənahqızı