azia.az
azia.az

Minkənd kəndinin tarixi və toponimi

15-10-2022, 09:07


Azərbaycan tarixində strateji əhəmiyyət kəsb edən yaşayış məntəqələri kifayət qədərdir. Bu yaşayış məntəqələri Azərbaycanın siyasi tarixində mühüm yer tutur. Azərbaycanın cənub-qərb bölgəsində strateji əhəmiyyət kəsb edən yaşayış məntəqələrindən biri də Laçın rayonunun Minkənd kəndidir. Minkənd ərazisi təbii mağaralarla, şirin su qaynaqları ilə zəngin olduğu üçün ən qədim zamanlardan ibtidai insanların yaşamasını zəruri edən əlverişli şəraitə malik olmuşdur. Minkənd ərazisi qoç heykəllər, saxsı məmulatları və digər maddi mədəniyyət nümunələri ilə zəngindir. Eyni zamanda, bu ərazi alban memarlıq abidələri ilə də zəngindir. Bu tarixi abidələr onu göstərir ki, Minkənd Albaniya dövlətinin ən strateji yaşayış məntəqələrindən biri olmuşdur. Minkəndin ərazisi Naxçıvanla Qarabağ arasında yerləşdiyi üçün ən qədim zamanlardan Sasani-Bizans müharibələrində döyüşlərin getdiyi ərazilərdən biri hesab olunur. Həmçinin, 654-656-cı illərdə Salman İbn Rəbiənin başçılığı altında ərəb ordusu Biçənək aşırımı - Şəki–Minkənd ərazisindən keçərək Arana hərəkət etmişdir. Bu tarixi faktları Minkənd ətrafında olan çox sayda yaşayış yerlərinin xarabalıqları təsdiq edir. Təəssüflər olsun ki, Minkənd ərazisi nə çar Rusiyası dönəmində, nə də sovet idarə sistemində arxeoloji və tarixi nöqteyi-nəzərdən tədqiq edilməmişdir.

Minkənd kəndi ən qədim zamanlardan əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrindən biri olub. Bu proses Minkənd ərazisində Albaniya, Ərəb işğalı, Səlcuqlar, Eldənizlər, Teymurilər, Ağqoyunlu (Bayandurlular), Səfəvilər, Osmanlı sancaqlığı, xanlıqlar, Rusiya işğalı və sonrakı dövrlərdə açıq-aydın müşahidə olunmuşdur. Albaniya dövlətinin Sünik vilayətinin tərkibində olduğu dövrdə Minkənd kəndi ilə bağlı məlumat azlıq təşkil edir. Ancaq Minkənd ərazisində mövcud olan alban abidələri, dükanlar, həftəlik bazar yerinin olması bu ərazinin erkən orta əsrlərdən başlayaraq Azərbaycan üçün strateji əhəmiyyət kəsb etdiyini göstərir.


Minkəndin aborigen əhalisi türk və kürd tayfalarının birgə yaşayışı nəticəsində formalaşıb. E.ə. I minillikdə Dərbənd keçidi vasitəsilə Azərbaycana daxil olan türk tayfaları olan kimmer, skif, sakların məskunlaşma arealını nəzərdən keçirsək, görərik ki, onların məskunlaşdığı ərazi Kür-Araz ovalığı, Qarabağ və Zəngəzur yaylası olmuşdur. Ancaq bu tarixi fakt o anlama gəlmir ki, o zamanlar kürd tayfaları o ərazidə görünməyiblər. Sadəcə olaraq kürd tayfaları köçəri hərbçi maldar tayfaları olduğu üçün onlarda köçmə (yaylaq) maldarlığı geniş yayılmışdı. Türk tayfaları oturaq həyat tərzinə daha tez keçdikləri üçün say üstünlüyü onlara məxsus olub. Sonrakı etno-siyasi proseslərdə kəndin kürd əhalisi Azərbaycan (türk) mədəniyyətini mənimsəyərək türkləşməyə məruz qalıb.


Ərəb işğalından sonrakı mərhələdə Azərbaycan ərazisində əhalinin miqrasiyası geniş xarakter alır. VII əsrdən başlayaraq cənub və cənub–qərbdən Azərbaycan ərazisinə türk axınları başlayır. Həmin dövrdə Minkəndin füsunkar təbiəti bu ərazidən keçən müxtəlif türk və kürd tayfalarının diqqətini cəlb edir, burada onlar öz dillərində danışan yerli əhaliyə rast gəlir və onlarla qaynayıb-qarışırlar.

Minkənd bir təbiət muzeyidir. Alp çəmənliyinə aid olan flora və fauna ilə zəngindir. Ona görə də insanların zövqünü oxşayan təbiət möcüzəsidir. Əlverişli təbii-coğrafi şəraitə və strateji mövqeyə malikdir.    

Azərbaycan ərazisində minə yaxın mineral su mənbəyi var. Onun 905-i Qarabağ, Kəlbəcər və Laçın rayonunun ərazisindədir. Laçın rayonunun payına düşən mineral su ehtiyatının 90%-i Minkənd kəndinin ərazisindədir. Dəniz səviyyəsindən 1600 m hüdürlükdə 100-dən çox bulaq, 20-dən çox bol sulu mineral su qaynağı və 4-dən çox bol sulu, büllur, buz kimi, farel balığı ilə zəngin daimi axar dağ çayının olması Minkəndin təbiətinin möcüzə olduğunu bir daha təsdiq edir. Azərbaycanın yaylaq otlaqlarının 30%- i Minkənd kəndinin ərazisindədir.


Minkənd adının mənşəyi ilə bağlı mənbələrdə dəqiq məlumat yoxdur. Xalq deyimləri və tarixi rəvayətlər mövcuddur.

XIV əsrin II yarısı Azərbaycan Teymurun ordusu tərəfindən zəbt olunduqdan sonra Qarabağ onun yay iqamətgahı idi. Onun ordusunun tərkibində vuruşan Mina türk tayfasından olan əsgərlər zəngin tarixi abidələrə və mədəniyyətə malik olan bu yaşayış məntəqəsini(Minkənd ərazisini - Ə.Ş) ələ keçirəndən sonra buranı özlərinə yurd seçiblər. Teymurilərin hakimiyyəti dönəmində iri yaşayış məntəqələri (kənd və şəhər olmasından asılı olmayaraq) kənd adlandırılırdı. Orta Asiyada belə iri şəhərlər var, məsələn, Daşkənd Çimkənd və s. Tarixi rəvayətə görə, Mina tayfası buranı (Minkənd ərazisini-Ə.Ş) böyük yaşayış məntəqəsi olduğunu nəzərə alaraq tayfanın şərəfinə Minkənd adlandırıblar. Bu tayfa Şimali Hindistanda, Orta Asiya, Kiçik Asiya və Cənubi Qafqazda geniş yayılıb. Azərbaycanın toponimikasında bu tayfanın adı ilə bağlı yer adları mövcuddur. Məsələn, Minaxorlu, Mincivan, Məngənatan, Minbaşlı və s.

Minkənd tariximizin bütün dövrlərində Azərbaycanın ictimai həyatında mühüm rol oynayıb. Bu kənddə Alban dövründən başlayaraq (məbədin nəzdində- Ə.Ş) bu günümüzə qədər məktəb fəaliyyət göstərmişdir. Azərbaycan çar Rusiyasının işğalı altında olduğu zaman, 1890-cı ildə Rusiyanın Qafqaz Baş Hakimliyi Aparatının (Azərbaycan Ümumimperiya idarə sisteminə daxil idi-Ə.Ş) Maarif Departamenti Minkənd kəndində Üsuli-Cədid (milli) məktəbinin açılması haqqında qərar verib. Minkənd kəndi Azərbaycanın ucqar bir dağ kəndi olmasına baxmayaraq, hər zaman siyasi-strateji əhəmiyyət kəsb edib. Ona görə də bütün dövrlərdə bu məktəb Azərbaycanın ictimai, siyasi, elmi və mədəni həyatında mühüm rol oynayan ziyalılar və digər sahələr üzrə ixtisaslı kadrlar yetişdirib və yetişdirməkdə davam edir.



Hal-hazırda Azərbaycanda müxtəlif sahələrdə çalışan Minkənd kökənli ziyalılar və digər peşə sahibləri kifayət qədərdir.

27 sentyabr 2020-ci ildə başlayan və 10 noyabrda sona çatan 44 günlük Vətən müharibəsində mənfur düşmən üzərində qələbənin təmin olunmasında Minkənd gənclərinin də payı var.

Biz fəxr edirik ki, düşmən üzərində qələbənin qazanılmasında əhəmiyyətli dərəcədə rolu olan Azərbaycan Milli Ordusu Xüsusi Təyinatlı Qoşunun komandanı, əzizimiz, general-leytenant Hikməİzzət oğlu Mirzəyev də Minkənd kökənlidir.


Ələmdar Şahverdiyev,

tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin dosenti



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi