Laçının mədəniyyət və arxeologiya abidələri
Laçının mədəniyyət və arxeologiya abidələri
Dünya alimlərinin gəldikləri ümumi yekdil rəylərinə görə, dünyada kurqanların düzəldilməsi yalnız və yalnız türkdilli xalqlara aiddir.
Laçın tarix, mədəniyyət və arxeologiya abidələri ilə zəngin olan bir ərazidir. Rayonun Mirik kəndindəki "Qaranlıq kaha", "Bayqara" mağaraları, Hoçaz kəndindəki mağara məbəd hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndir. Laçın rayonunun Güləbird kəndindəki "Qız qəbri" kurqanı və bu ərazidə olan digər adsız kurqanlar, Mirik kəndinin "Təpələr" ərazisindəki kurqanlar və eləcədə Ziyirik kəndi ərazisindəki Rizvan meşələrində və digər yerlərdəki bu tipli kurqanların mövcudluğu və çoxluğu əsas verir ki, bu bölgədə yaşayışın neolit və tunc dövrlərindən başlandığı haqqında fikir söylənilsin.
Erməni alimləri də təsdiq edirlər ki, aparılan araşdırmalara və dünya alimlərinin gəldikləri ümumi yekdil rəylərinə görə, dünyada kurqanların düzəldilməsi yalnız və yalnız türkdilli xalqlara aiddir. Belə bir məntiqin mövcudluğu təsdiqləyir ki, hələ eramızdan əvvəl III-II minilliklərdə Laçın rayonu ərazilərindəki yerli sakinlər yalnız türkdilli etnoslar olublar. Heç də təsadüfi deyildir ki, indiki Laçın rayonu ərazisində Antik dövr daş abidələrindən sayılan qaya, daş üzərində insan, heyvan, quş və digər həndəsi təsvirlərə də rast gəlmək olur. Bu təsvirlər əsasən rayonun Qaragöl yaylağından, "Pəri çınqılı" adlanan ərazidən, Kəlbəcər rayonunun əraziləri istiqamətində uzanan silsilə çınqıl daşları üzərlərində oyulub. Bu təsvirlərin yaşı, bəlkə də Qobustan qayaları üzərindəki təsvirlərin yaşı qədərdir.
XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar.
Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı. 1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay sülh müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusyaya qatılıb. Öz sərhədləri ətrafında təhlükəsiz zona yaratmaq məqsədi ilə çar hökuməti Cənubi Qafqazda Azərbaycan torpaqlarının erməniləşdirilməsinə qərar verib. Bu qərardan sonra Rusiyanın himayəsi altında Osmanlı dövlətindən və İrandan Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Beləliklə, qədim Azərbaycan torpaqları olan Naxçıvan, İrəvan, Zəngəzur və Qarabağ ərazilərinə Rusiyanın müstəmləkəçilik siyasəti nəticəsində xeyli sayda erməni ailələri yerləşdirilsə də, Qarabağın tərkibində olan Laçın bölgəsinə (Gorus, Sisyan, Qafan, Mehri məntəqələri istisna olunmaqla), ermənilərin məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın Rus imperiya siyasətçilərinin qərarı ilə ayrıca, Zəngəzur qəzasına çevrilib...