Havalar soyuyur, yoluxma artır - Karantin tətbiq olunacaq?
![]()
Artıq demək olar ki, payız fəslinə qədər qoymaqdayıq. Hava şəraitinin dəyişməsi müəyyən infeksiyaların artmasına, insan orqanizmində immun sisteminin zəifləməsinə gətirib çıxarır. Bu səbəbdən yenidən yoluxma sayının artacağı, karantin tədbirlərinin olacağı ilə bağlı xalq arasında söyləntilər var.
Payızda infeksion xəstəliklərinin artacağı, epidemik vəziyyətin pis olacağı mütəxəssislər tərəfindən də bildirilib. Belə ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bir neçə gün öncə Azərbaycanda oktyabr-dekabrda epidemioloji vəziyyətin gərgin olacağını qeyd etmişdi.
Maraqlıdır, bütün bunlar yenidən sərt karantinin tətbiq edilməsinə səbəb ola bilər?
Mövzu ilə bağlı Gundem.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, burada diqqət edilməsi gərəkən əsas nüans sağalanların sayının yoluxanlardan çox olmasıdır:
"Bu gün Azərbaycanın səhiyyə ocaqları kifayət qədər güclüdür. Günlük 3-4 minə qədər yeni yoluxan insanlar olsa belə, karantin addımının atılacağını düşünmürəm. Lakin bu, sağalanların sayının yoluxanların sayından daha çox olduğu halda mümkündür. Yəni ümumi tendensiya mənfi, xəstə insanların sayı az olmalıdır. Bütün hallarda Operativ Qərargahın işinə qarışmamalıyıq. OQ bu məsələ ilə ciddi şəkildə məşğul olur. Xaricdə, qonşu ölkələrdə olan vəziyyətləri analiz edirlər. Dövlətin qadağalar qoymaqda, iqtisadiyyatı süni formada komaya salmaqda heç bir şəxsi marağı yoxdur. Bizim üçün ən vacib olan insanların həyatıdır".
R. Quliyev quru sərhədlərinin açılmamasının ən böyük səbəbinin də yoluxma sayındakı rəqəmlərin artması ilə bağlı qorxu olduğunu deyib:
"Əvvəllər hava limanına cəmi 15-20 % uçuşlar olurdu. Lakin son 3 ayın içində bu uçuşlar təxminən 75-80%-ə çıxdı. Rəqəmlər bir növ də bu uçuşların çoxalması səbəbindən artdı. Düşünürəm ki, biz OQ-ın təkliflərinə, rəylərinə qulaq asmalı, özümüzü, qohumlarımızı, dostlarımızı qorumalıyıq. Məsuliyyət Operativ Qərargahındır, bu səbəbdən onların verdiyi qərarlara uymalıyıq. Qış aylarında artımı mən də gözləyirəm. Yoluxma sayında günlük 1000-1500 nəfər olsa belə, əsas məsələ sağalanların sayıdır. Ümumi xəstələnənlərin və ölənlərin sayı azalmalıdır. Bu say artarsa, müəyyən qadağalar gözləniləndir".