azia.az
azia.az

İpoteka ilə ev almaq istəyən şəxsin başına iş gəldi-“Zamin Əmlak” şirkətinin direktoru Oqtay Zərbalıyev pulu niyə vermir

2-09-2022, 15:47


İpoteka ilə ev almaq istəyən şəxsin başına iş gəldi-“Zamin Əmlak” şirkətinin direktoru Oqtay Zərbalıyev pulu niyə vermir

İpoteka ilə ev almaq istəyən şəxsin başına iş gəldi-“Zamin Əmlak” şirkətinin direktoru Oqtay Zərbalıyev pulu niyə vermir
“Düz 7 aydır ev almaq üçün müraciət etdiyim “Zamin Əmlak” şirkətindən pulumu ala bilmirəm. Guya evi ipoteka ilə almağa mənə kömək edəcəkdilər. İlkin ödəniş kimi 30 000 manat pulumu aldılar. Ortada nə ev var, nə də pul”.

Ölkə.Az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Bakı şəhər sakini Xəyal Abdullayev müraciət edib. Vətəndaşın sözlərinə görə, internet üzərindən tapdığı şirkət müxtəlif bəhanələr gətirməklə onun ilkin ödənişini geri qaytarmır: “Hazırda Xırdalan şəhəri, Bəşir Səfəroğlu 136 ünvanında müvəqqəti yaşayıram. Almaq istədiyim ev Xırdalan şəhəri “Ər-Riyad”la üzbəüz Gənclər şəhərciyində yerləşirdi. Yanvarın 13-ü Xətai rayonu, Xocalı prospektində yerləşən “Zamin Əmlak” şirkətinə yaxınlaşdım. Şirkətdən mənə bildirildi ki, istədiyim evi ipoteka ilə almağa kömək edəcəklər. Mən də istədiyim ünvandakı evi onlara bildirdim. İlkin ödəniş olaraq da 30 000 manat pulu şirkətin satış müdiri Natiq Şahmuradova verdim. Gəlib evə baxış keçirdilər və ev sahibi ilə yanvarın 20-dən gec olmamaq şərtilə beh müqaviləsi bağladılar. Dedikləri vaxtdan 2-3 həftə sonra evin çıxarışı olmadığını bəhanə gətirdilər. İkinci dəfə çıxarışlı mənzil tapsam da, yenə də müxtəlif bəhanələr gətirdilər. “Zamin Əmlak” şirkətinin direktoru Oqtay Zərbalıyevə dəfələrlə müraciət etsəm də, pulumu ala bilmirəm”.

Şirkətlə sonuncu dəfə ötən ay əlaqə saxladığını deyən vətəndaş bildirir ki, məsələ ilə bağlı polisə də müraciət edib: “İyulun 1-i Xətai rayon 37-ci polis bölməsinə müraciət edərək şikayətimi bildirmişəm. Deyilənə görə, mənim kimi hələ 8 nəfəri də aldadıblar”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirdi ki, vətəndaş X.Abdullayev cari ilin iyulun 1-də ərizə üzrə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edib. Bununla bağlı toplanmış materiallar cinayət işinin başlanılması məsələsinə baxılması üçün iyulun 20-də aidiyyəti üzrə Xətai Rayon Prokurorluğuna göndərilib.

Eyni zamanda “Zamin Əmlak” şirkətinin direktoru Oqtay Zərbalıyev və satış müdiri Natiq Şahmuradovla da əlaqə saxlamağa çalışsaq da, onların nömrəsinə zəng çatmadı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi