Ordumuz Laçında: növbəti hədəfimiz bu 40 kənddir – DETALLAR
“Cənab Prezident Laçının Azərbaycanın nəzarətinə keçməsi münasibəti ilə xalqımızı təbrik etdi. Mən isə öz növbəmdə, cənab Ali Baş Komandanımıza, ölkəmizin başçısına bu naliyyətə imza atdığı üçün təbriklərimi, ən xoş arzularımı çatdırıram. Ona görə ki, Prezident İlham Əliyevin təkidi ilə üçtərəfli bəyanat hazırlanarkən o, bilavasitə bu tələbi qoydu ki, 3 il ərzində yeni yol Laçın şəhərindən yan keçməklə inşa olunacaq. Azərbaycan əhalisinin Laçına qaytarılması da həyata keçiriləcək. Bu məqsədə vaxtından ilyarım tez nail ola bildik. Baxmayaraq ki, ermənilər bu müddəti ənənəvi süründürməçilik yolları ilə uzatmaq istəyirdilər. Amma “Qisas” əməliyyatı onların ağlını başına qaytardı və Azərbaycanın tələbləri yerinə yetirildi”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.
Azərbaycan Ordusunun Laçına daxil olmasını şərh edən deputatın sözlərinə görə, ermənilər Laçın şəhərini və digər iki kəndi də tərk etdilər:
“Beləliklə, Azərbaycan Ordusu oranı öz nəzarətinə götürdü. Tezliklə, Xocalıya, Malıbəyliyə də qayıdacağıq. Hazırda 40 kəndimiz rusiyalı sülhməramlıların nəzarətindədir. Hələlik oraya azərbaycanlılar qayıtmayıb. Düşünürəm ki, addımbaaddım həmin ərazilərə də qayıdışımız gerçəkləşəcək. Bu istiqamətdə vaxt məsələsindən danışmaq bir qədər çətindir. Amma həm xalqımız, həm də ölkəmizin rəhbərliyi sülhməramlıların nəzarətində olan digər ərazilərə qayıtmağı da qarşısına məqsəd kimi qoyub. Biz indi işğaldan azad olunmuş ərazilərə vaxtilə oradan didərgin düşmüş vətəndaşlarımızı qaytarmaq haqqında düşünürük. Düşünürəm ki, Azərbaycan Ordusu, sərhəd qoşunlarımız azad olunan ərazilərə tam şəkildə yerləşdikdən sonra ermənilər öz xülyalarını bir kənara qoyacaqlar. Onlar orada sərbəst, təhlükəsiz şəraitdə yaşamaq niyyətindədirlərsə, anlamalıdırlar ki, onlar Azərbaycan vətəndaşlığını qəbul edib, bizim qanunlarımıza əməl edərlərsə, bu baş verəcək. Onlar azərbaycanlılarla mehriban qonşuluq şəraitində yaşamalıdırlar”.