azia.az
azia.az

Ceyhun Məmmədov: “Misir Qasımlının həbsində erməni amili yoxdur”

23-08-2022, 13:58

Ceyhun Məmmədov: “Misir Qasımlının həbsində erməni amili yoxdur”
Vətən müharibəsi qazisi Misir Qasımlı artıq bir ildir ki, Ukraynada həbsxanada saxlanılır. Qazi bir müddət əvvəl sosial şəbəkələrdə videomüraciət yayaraq, bildirmişdi ki, əslən erməni olan İspaniya vətəndaşı onu məqsədli şəkildə şərləyib və nəticədə həbsxanaya salınıb. Misir Qasımlı sifarişli şəkildə həbsdə saxlanıldığını bildirmiş və bu səbəbdən öz ölkəsinin rəhbərliyindən və ictimaiyyətindən dəstək istəmişdi.



Bəs son olaraq Misir Qasımlıdan, onun məhkəmə prosesindən nə xəbər, yenilik var? Ukraynadakı diasporumuz, Azərbaycanın Xarici İşlər Nazirliyi, ölkədəki qazi qurumları onun müdafiəsi üçün hansısa tədbirlər görürmü?



Məsələ ilə bağlı Azərbaycan XİN-in mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı.



Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov qəzetimizə açıqlamasında bildirdi:



“Onu deyə bilərəm ki, sentyabr ayında Misir Qasımlının məhkəmə prosesi keçiriləcək. Məhkəmə ilə bağlı nəinki Ukrayna dövlətinin, eləcə də bizim edə biləcəyimiz birşey yoxdur. Azərbaycanın Ukraynadakı səfirliyi və diasporası bu məsələni daim gündəmdə saxlayır, məhkəmə prosesinə tez baxılması üçün məktublar ünvanlayır.



Bəziləri bu məsələdə səfirliyi günahlandırır. Amma qeyd edim ki, Misir Qasımlı Cinayət Məcəlləsinə əsasən ittiham olunur, haqqında şikayət var. Bəziləri bunu erməni amili ilə əlaqələndirir. Lakin burada erməni məsələsi yoxdur. Onunla milliyyətcə ərəb olan İspan vətəndaşı arasında insident yaranıb. Beləliklə, həm səfirlik, həm də diasporamız çalışır ki, məhkəmə tezliklə ədalətli qərar versin".



Odessa azərbaycanlılarının “Birlik” diaspor təşkilatının sədr müavini, jurnalist Anar Natiqoğlu isə qeyd etdi:



“Misir Qasımlı ilə bağlı əsasən Kiyevdə olan diaspora təşkilatları fəallıq göstərir. Çünki məlum olduğu kimi Ukraynada müharibə davam edir, şəhərlərarası gedib-gəlmək məsələsi çox çətindir, hətta hazırda demək olar ki, mümkünsüzdür.



Bildiyimiz qədər Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Misir Qasımlı üçün ayrıca vəkil tutub. Eləcə də Ukrayna Azərbaycanlıları Radası, səfirliyimiz, media mənsublarımız vaxtaşırı olaraq məhkəmə prosesində iştirak edir, yaxından izləyir, bacardıqları dəstəyi göstərməyə çalışırlar.



Ümid edirəm ki, artıq Ukrayna dövləti səviyyəsində də bu məsələyə reaksiya verilər və qazimiz azadlığa buraxılar. Bildiyim qədər Azərbaycan səfirliyi bu məsələ ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinə nota verib".



Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu isə bildirdi ki, Misir Qasımlı ilə bağlı məlumatları yalnız mətbuatdan izləyə bilir: “Onunla heç bir əlaqəmiz yoxdur. Əgər onun müdafiəsi ilə bağlı bir kampaniya başladılsa mütləq şəkildə biz də qoşulub, öz dəstəyimizi bildirəcəyik”.



Hüquq müdafiəçi Novella Cəfəroğlu isə qeyd etdi ki, Misir Qasımlını müdafiə etmək üçün ilk növbədə onun vəkili ilə əlaqə yaradılmalıdır:



“Misir Qasımlı bizim soydaşımızdır. Onun müdafiəsi üçün əlimizdən gələn hər şeyi etməliyik. Bunun üçün ilk növbədə onun vəkili ilə əlaqə saxlayıb, məsələni dərindən öyrənmək lazımdır.



Üstəlik əgər o, Qarabağ qazisidir, hamımız birləşib onu müdafiə etməliyik".



“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi